Leyla Əliyeva Nəsiminin büstünün açılış mərasimində - Fotolar

Leyla Əliyeva Nəsiminin büstünün açılış mərasimində - Fotolar
950 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində baş tutub.

Tədbirdə MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov çıxış edərək bildirib ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir.

Sonda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya və Anatoli Torkunova minnətdarlığını bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Moskvada "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" dahi şairin yubileyinə həsr olunmuş tədbirlər planının bir hissəsidir. Festivalın məqsədi Şərqin ən böyük şair və mütəfəkkirlərindən birinin yaradıcılığını təbliğ etmək, habelə Azərbaycan və Rusiya arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" keçirilib. Festival çərçivəsində şairin anadan olduğu Şamaxı şəhərində və Bakıda müxtəlif incəsənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, habelə mühazirə, simpozium və seminarlar təşkil edilib.