Bəstəkar Nailə Mirməmmədli Milli.Az-a müsahibə verib.

Axşam.az xəbər verir ki, bəstəkar şəxsi həyatı haqda bunları deyib:

- Nailə xanım, kənardan güclü xanım təsiri bağışlayırsınız. Həqiqətən, güclüsünüz?

- Bəli, güclü qadınam. Əgər bu, kənardan da belə görünürsə, nə xoş mənim halıma.

- Həyatda çox itkiləriniz olub. Əvvəllər kimisə itirmək qorxusu yaşayırdınız?

- Mən çox sevdiyim, əzizlədiyim insanları bu dünyadan yola salmışam. Bir deyil, iki deyil. Bu hiss elə qorxuyla bağlıdır. Heç vaxt istəməzdim ki, yaxınlarımı itirim. Qəlbən bağlandığım yaxınlarımı, əzizlərimi itirməkdən qorxuram.

- İstərdim ki, həyat yoldaşınız, tanınmış bəstəkar Hikmət Mirməmmədlini xatırlayaq.

- Bizim əvvəllər dost kimi tanışlığımız var idi, yaradıcılığımıza görə daha da yaxın olduq. Bir-birimizi görməyəndə darıxırdıq. Həmişə ailədə də çalışmışam ki, ondan söz götürməyim, nəyi sevibsə etmişəm, nədən xoşlanmayıbsa etməmişəm. Onun bir baxışından hiss etmişəm ki, nəyi xoşlamır. Hikmət həm həyat yoldaşı, həm də ata kimi çox gözəl insan idi.

- Çətin günlərinizdə əsas dəstəkçiniz kim oldu?

- Hikmətdən sonra mən özümdə o gücü, qüvvəni tapa bildim. Vaxtım da olmadı ki, durub Hikmət üçün ağlayım. Çünki bir uşaq ali məktəbə daxil olmalı idi, digərləri isə məktəbin yuxarı sinfində oxuyurdular. Məqsədim ancaq onları qorumaq idi. Dərdimi tamamilə də olmasa qismən unutdum.

- Bu gün həm anasız, həm də ata. Bu, sizin üçün çətin deyil?

- Xeyr, artıq öyrəşmişəm. Bəzən çox yoruluram. Daha çox çalışıram ki, yükü oğlumla paylaşım ki, ona hər şey asan olsun. Çünki bu həyatdır, belə də olmalıdır.

- Həyatda özünüzə bağışlamadığınız günah var?

- Mən 18 yaşında bir oğlumu itirdim. Gördüm ki, Hikmət ondan sonra düşdü, ürək xəstəliyi tapdı. Nə qədər yalvarsam da mən onu heç cür həkimə apara bilmədim. Ona görə də özümü bağışlaya bilmirəm ki, onu nə cür olursa-olsun məcbur etməli idim ki, özünə baxsın.

- Yuxularınıza tez-tez gəlir?

- Nəinki, yuxularıma, hətta gözümün qabağına da gəlir. Bir neçə dəfə olub ki, yoldakı adamı ona oxşatmışam, arxasınca düşəndə görmüşəm ki, o deyil.

- Həyatda nəyi dəyişmək istərdiniz?

- Heç nəyi dəyişmək istəmirəm. Sadəcə olaraq, istəyirəm ki, Allahın nəzəri mənim və ailəmin üzərində olsun. Allahın nəzərindən düşməyimdən qorxuram.



                 

Digər Xəbərlər