İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işində hökm oxunub

İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işində hökm oxunub
1739 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Etibar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Axşam.az-ın "Report"a xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

Belə ki, E.Hüseynov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Ə.Hüseynovdan 3640 manat alıb.

E.Hüseynov bundan başqa, digər təqsirləndirilən Çingiz İsmayılovla qabaqcadan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər.

Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan Qərib Məmmədovun atası V.Məmmədovdan 22 min manat pul alıblar.

E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxamasını təmin edəcəyini vəd edərək V.Məmmədovu aldadıb.

İttiham aktına əsasən, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı da edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib.

O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Z.Məmmədovadan 18 600 manat alıb.

E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan A.Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.

E.Hüseynov məhkəmənin çağrışlarına məhəl qoyulmadığı üçün onun barəsində axtarış elan olunub və cinayət işi ayrıca icraata ayrılıb. Daha əvvəl məhkəmənin çıxardığı hökmə əsasən, Ç.İsmayılova şərti cəza verilib və məhkəmə zalında azadlığa buraxılıb.

Xatırladaq ki, məhkəmədə ifadə verən zərərçəkmiş Z.Məmmədova bildirib ki, təqsirləndirilən şəxsi mərhum İlhamə Quliyevanın oğlu Orxan Nadirov vasitəsi ilə tanıyıb. Hazırda O.Nadirov da dələduzluqda ittiham edilir və cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılır.