Mədəniyyət Nazirliyi 2018-ci ilə yekun vurub

Mədəniyyət Nazirliyi 2018-ci ilə yekun vurub
270 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Axşam.az xəbər verir ki, iclası mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Kollegiya iclasında geniş hesabat məruzəsi ilə çıxış edən nazir 2018-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsindən, görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söhbət açıb.

2018-ci ildə Mədəniyyət Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin bu ilin aprelin 20-də imzaladığı “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bununla əlaqədar qurumun strukturunda bir sıra islahatlar aparılıb.

İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd edib ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və uğurlu şəkildə həyata keçirilməsidir.

Nazir, həmçinin bildirib ki, bu il Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini bir daha sübut etdi. Nazir mədəniyyətin inkişafı, mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd edib, həmçinin Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdi. Bu il Naxçıvanda bununla bağlı bir sıra silsilə tədbirlər təşkil edilib.

Kollegiya iclasında 2018-ci ilin yekunlarına dair hesabat qəbul edilib. Həmçinin Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarımillik iş planı təsdiq olunub.