“Arşın mal alan” operettası nümayiş ediləcək

“Arşın mal alan” operettası nümayiş ediləcək
361 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.

Axşam.az xəbər verir ki, Elvin Mirzəyevin quruluşunda hazırlanan tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssam Nabat Səmədovadır. Tamaşanın baletmeysteri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində rolları, Əməkdar artistlər Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Nahidə Orucova, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasıyev, Atəş Qarayev, Aydan Həsənova, Gülcahan Salamova, İbrahim Əlizadə, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Ruslan Mürsəlov ifa edəcəklər.

“Arşın mal alan” dahi bəstəkar Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış əsərin librettosunu da Üzeyir Hacıbəyli özü yazıb. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan - Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi “Arşın mal alan”ı komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə edib. Əsərdə məhəbbət, coşqun ehtiras, vətənpərvər ruhu və ümidsizliyi ifadə edən ariyalar səslənir.