Ülviyyə Rəhmanova yeni planlarından danışdı - fotolar

Ülviyyə Rəhmanova yeni planlarından danışdı -  fotolar
4303 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova media nümayəndələri ilə görüş keçirib.

Axşam.az-ın məlumatına görə, Bakı Biznes Mərkəzində baş tutan tədbirdə Ü. Rəhmanova Nərgiz Nəşriyyat Evinin fəaliyyətindən və yeni layihələrindən bəhs edib. O, bir müddətdir fəaliyyətə başlayan nəşriyyat evini genişləndirdiyini, jurnalistlərlə sıx əlaqədə olacaqlarını bildirib:
 
"Hazırda gənclər arasında Salvador Dali, Jaklin Kennedi, Qreys Kelli kimi dahi şəxsiyyətləri tanımayanlar var. Bunun əsas səbəbini müvafiq məlumatların Azərbaycan dilində olmamasında görürəm. İnanıram ki, "Nargis" jurnalı gələcəkdə Azərbaycan dilində də nəşr olunacaq. Bu sahədəki qıtlığı aradan qaldırmaq istəyirik. Bundan sonra beynəlxalq şirkətlərlə də çalışacağıq”.

Ü.Rəhmanova 2012-ci ildən nəşr olunan, dəb, incəsənət, həyat tərzi, gözəllik və sağlamlıq rubrikalarını əhatə edən dərginin yaxın günlərdə Gürcüstanda təqdim olunacağını vurğulayıb:

"Fevralın 23-də Tbilisidə "Nargis, welcome Georgia" adlı təqdimat mərasimi keçirəcəyik. Mərasimdə Azərbaycan və Gürcüstan modelyerlərinin geyimlərindən ibarət dəfilə və qala yemək olacaq”.

Ülviyyə Rəhmanova dünyanın bir çox yerində fəaliyyət göstərən "Buro247" saytının Azərbaycan versiyasının işə başlamasından da söz açıb. Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Xorvatiya kimi ölkələrdə mövcud olan bu layihə indi Azərbaycan dilində yayımlanır. “www.buro247.az” saytı xarici filiallarla sıx əlaqədə olacaq, gələcəkdə ingilis və rus dillərində də işə başlayacaq. Əsas məqsəd Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır. Baş redaktor yeni fəaliyyətə başlayacaq layihələri üçün jurnalistlərlə əməkdaşlıq edəcəklərini bildirib:

"Layihələrimizi həyata keçirmək üçün bizə yeni əməkdaşlar, ideyalar lazımdır. Buna görə də media nümayəndələrinə müraciət edirik ki, fikirlərini, ideyalarını, yazılarını bizə göndərsinlər. Onların hamısını dəyərləndirəcəyik. Aralarından ən fəal və bacarıqlı olan beş nəfəri isə seçib Avropaya və Rusiyaya treninqə göndərəcəyik. Bu seçim 2014-cü ilin sonunda baş tutacaq. Həmin seçilmiş şəxslər bizimlə əməkdaşlıq edəcək, ştatlı işçimiz olacaqlar”.

Foto: Rəşad ABBASOV