Fərda ikinci dəfə evləndi, uşağı da oldu - "Maqazin klubu"

Fərda ikinci dəfə evləndi, uşağı da oldu -  "Maqazin klubu"
6381 dəfə oxunub
  • A-
  • A
  • A+

“Maqazin Klubu” olaraq 2019-cu ilin ilk buraxılışı ilə qarşınıza çıxırıq. Bu dəfə də biz - Pərviz Hüseyn, Zərha Əhmədova və Sərvər Mehtiyev “maqazin qazanı”nı qarışdırıb, sizə bol ədviyyatlı xəbərlər çatdırırıq. Müzakirəmiz isə öz yerində davam edir.

İlin ilk qalmaqalı elə bizim birinci müzakirəmiz olub. Xalq artisti Brilliant Dadaşova və müğənni Günay İbrahimli... Bir fotodan qaynaqlanan qalmaqalın tüstüsü hələ çox olacaq...

Sərvər: Əslində, qalmaqalın təməli ötən ildən qoyulub.

Pərviz: Cavab atəşi ilə isə Günay İbrahimli tərəfindən bu günlərdə susdurulub, yaxud susdurulmayıb, bunu bilmirik...

Zəhra: Qarşı tərəf buna heç bir cavab verməyəcək, əminəm. Brilliant xanım həmişə cavabsız mövqeləri qoruyan tərəf olub. Paylaşdığı fotoda Aygün Kazımova və Günay İbrahimlinin üzü örtülmüşdü. Niyə?

Sərvər: Söhbət Aygün Kazımovadan gedirsə, bu, normaldır. Ancaq Günayın üzünün örtülməsi qəribə gəldi.

Zəhra: Günay İbrahimli ilə aralarında nə baş verib?

Pərviz: Bunu deyəsən, heç Günayın özü də bilmir. Fərziyyəm budur ki, Günayın Aygün Kazımovaya olan xüsusi sevgisi Dadaşovanı qıcıqlandırır.

Sərvər: İnanmıram ki, Brilliant xanım o qədər xırdalığa gedər.

Zəhra: Brilliant Dadaşovada gənclərə qarşı qəribə bir soyuqluq var. Qısqanclıqmı deyək, nə deyək, onu bilmirəm. O, heç vaxt gənclərə dəstək olmayıb. Olsa da, bu, qonorar qarşılığında olub. Onun qonorarsız kiminləsə duet oxumasına inanmaq çətindir.

Pərviz: Günay isə yarım ay susdu və strateji bir cavab verib dedi ki, yaxşı ki, üzümüzü bayraqla örtüb, bizi ucaldıb.

Zəhra: Beləcə, Aygün Kazımovanın da yerinə maraqlı bir cavab verdi.

Sərvər: Göstərdi ki, qruplaşmada Kazımovanın tərəfindədir.

“Maqazin klubu”nda Xatirə İslamın canlı yayımda keçirilən liposaksiya (bədəndən piy çəkdirmə) əməliyyatı barədə də müzakirə gedib:

Zəhra: Xatirənin əməliyyatı 5 saat getdi.

Pərviz: Bu əməliyyat canlı yayımlandı və orada çox bərbad görüntülər var idi. Biz, adətən, Xatirənin özünü qoruduğunu görsək də, videoda sinə və digər nayihələrin açıq-saçıq görüntüləri yer alırdı.

Zəhra: Son dəqiqələrədək əməliyyat nümayiş olundu. Çox açıq-saçıq görüntülər idi.

Sərvər: 2019-cu ildə sıfırdan düzələn bir Xatirə İslam görəcəyik.

Bu dəfə də “Maqazin klubu”nda yeni xəbərlər yer aldı. Onlardan ilki aktyor Elməddin Cəfərovla bağlıdır:

Sərvər: Elməddinin avtomobili qarət olunsa da, mətbuatda işıqlanmayıb.

Zəhra: Elməddin özünü reklam etməyi sevmir.

Pərviz: O, daha çox işləri ilə gündəmə gəlir.

“Maqazin klubu” son zamanların aktual mövzusu “Mash up”lara da toxunub:

Zəhra: Murad Arif “Mash up”ında onun mahnılarında istifadə edənləri məhkəməyə verəcək.

Sərvər: Haqlıdırmı?

Zəhra: Məncə, haqlıdır!

Sərvər: O zaman Sevil və Sevinclə İradə Mehri davasında İradə haqlı idi.

Pərviz: Məncə, İradə ilə Murad Arifin fərqi var. İradə reklam olunmaq istəyir, Murad Arifin isə buna ehtiyacı yoxdur.

Zəhra: Murad Arif deyir ki, icazə almırlar. Mənim fikrimcə isə bu məsələdə Səidə Sultan haqlıdır. Bir dəfə oxundu, fərqlilik oldu, gördük, sevindik. Görməmiş kimi hamısı oxuyur.

Pərviz: “Mash up”larda əsas problem onları səsi və xüsusi çəkisi olmayan vaynerlərin oxumasıdır. Burada günah yeni çıxan ifaçıların daha çox baxış sayı yığmaq və trendə düşmək istəyindədir. Demirik oxumayın, oxuyun, ancaq keyfiyyətli iş təqdim edin. Küçə səviyyəsində olan sözlərdən istifadə edərək mahnılar ərsəyə gətirmək, insanları zövqsüzləşdirmək musiqimizin keyfiyyətini aşağı salmaq lazım deyil.

Zəhra: Murad Arifə Tunar Rəhmanoğlu, Röya Ayxan və Aşıq Samirə dəstək oldu.

Pərviz: Aşıq Samirə niyə? Qorxub ki, onun da mahnılarını ifa edərlər?

Zəhra: Ola bilər, aşıq mahnılarından ibarət “Mash up”.

“Maqazin klubu”nun qulağına gəlib çatanlardan biri də xalq artisti Murad Dadaşovla əlaqəlidir:

Zəhra: Eşitdiyimizə görə, Murad Dadaşov efirdən uzaqlaşır. Səbəbini isə özü deyər. Belə çıxır ki, “Maşın” şou olmayacaq?

Pərviz: Bəlkə başqa aparıcı ilə davam edərlər?

Zəhra: Sizcə, “Maşın” şounu Dadaşov kimi təbii kim apara bilər?

Sərvər: Şounun gedişatına, aparıcıları danışdırma taktikasına kim təsir edə bilər?

Pərviz: Şouya xüsusi mizah qatmaq heç kimdə alınmaz.

Müzakirənin sonunda isə aktyor Fərda Xudaverdiyevlə bağlı yeni xəbərimizi bölüşdük:

Pərviz: Fərda ikinci dəfə evlənib.

Sərvər: Hətta, bu yaxınlarda övladı da dünyaya gəlib.

Zəhra: İddiaya görə, ailəsinin dağılmasına da səbəb bu evlilikdir.

“Maqazin klubu” Fərda Xudaverdiyevlə əlaqə saxlayıb. O isə bu barədə danışmaq istəmədiyini bildirib. maraqlısı isə Fərda xəbəri təkzib etməyib:

“Şəxsi həyatla bağlı nə ayrılanda, nə də başqa bir şeydə danışmamışam. Nə inkar edirəm, nə də təsdiq edirəm”.

Bu dəfəlik “Maqazin klubu”nu yekunlaşdırdıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edək ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Video: Kərim Abbasov

Söhbət etdi: P.Hüseyn (Axşam.az), Z.Əhmədova (Axşam.az), S.Mehtiyev (primetime.az)

İnstaqram: @maqazin_klubu