"Sevgiyə ehtiyacım var" - fotolar

"Sevgiyə ehtiyacım var" -  fotolar
7659 dəfə oxunub
  • A-
  • A
  • A+
Dövlət Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın müsahibəsi.

- Aktrisa olmaq çoxdankı arzunuz olub?

- Mən bir çoxları kimi deyə bilmərəm ki, aktrisa olmaq mənim uşaqlıq arzum olub. Uşaqlıqda rəssam olmaq istəmişəm. Hətta rəsm dərnəyinə də getmişəm. Lakin orta məktəbi bitirəndən sonra qərarımı dəyişərək Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.

- Sizin üçün nə “göydəndüşmə” olub?

- Heç bir şey. Mən bu vaxta qədər dişimlə, dırnağımla çalışmışam, əziyyət çəkmişəm. Nə qazanmışamsa, zəhmətimin və işimin sayəsində qazanmışam.

- Çox əziyyətlər görmüsünüz?

- Bəli, çox olub. Bütün bu əziyyətlərə baxmayaraq, mübarizə aparmışam. Hər bir çətinliyə sinə gərməyi bacarmışam.

- Sizdə nə alınmır?

- Soyuqqanlı olmaq məndə heç bir vəchlə alınmır. Kənardan elə görünür ki, mən soyuqqanlıyam, amma mən heç nəyə biganə qala bilmirəm.

- Rejissorlar ilk dəfə sizi necə “kəşf etdilər”?

- Universitetdə oxuduğum illərdə bir gün rəfiqəmlə dəhlizdə dayanıb söhbət edirdim. Yanımızdan bir nəfər keçdi. Diqqətlə mənə baxırdı. Mən ona elə də əhəmiyyət vermədim. Növbəti dərsdə içəri bir nəfər daxil oldu. O, dəhlizdə rəfiqəmlə mənim yanımdan ötüb keçən kişi idi. Sən demə, iranlı rejissor imiş. Əlini mənə tərəf uzatdı və məni öz filmində görmək istədiyini dedi. Mən də böyük məmnuniyyətlə həmin təklifi qəbul etdim. Ondan sonra başqa filmlərdən və seriallardan dəvətlər almağa başladım.

- Fakturanızdan tam razısınız? Yəni narazı olduğunuz nəsə var?

- Şükürlər olsun ki, belə bir fakturaya sahibəm. Hər şeydən razıyam.

- Nəyə ümid edirsiniz?

- Çox şeyə ümid edirəm. Ümid edirəm ki, bundan daha da irəli gedəcəyəm, ümid edirəm ki, bizdə də çoxlu seriallar və filmlər çəkiləcək, ümid edirəm ki, Dövlət Bələdiyyə Teatrı yeni bina ilə təmin olunacaq və ən azından bizdəki aktyor heyətinin də şəxsi qrim otağı olacaq.

- İndi nəyə hava və su kimi ehtiyacınız var?

- Sevgiyə, qayğıya və diqqətə...

- Sevməmisiniz?

- Bu məqamda susmağa üstünlük verirəm (gülür).

- Hal-hazırda hansı serialda çəkilirsiniz?

- İndi “Həyat, sən nə qəribəsən?” adlı serialda rol alıram. İnşallah, gələcəkdə yeni filmlərdən və seriallardan təkliflər gözlənilir.

milli.az