Müğənni Sabina Selcanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Niyə Selcan?

- Bibimin adı Seycan idi. Dünyaya gələndə bibilərim məni böyüdüb. Həmin bibimin övladı olmayıb, ona görə məni saxlayıb. Adımın da öz adına yaxın olmasını istəyib. Digər bibim isə adımın Sabina olmasını istəyib. Beləcə, adım Sabina Selcan olub.

- Çoxları elə düşünür ki, Sibel Cana bənzətmək istəmisiniz...

- Heç vaxt... Mən ulduz doğulmuşam. 16 yaşımdan oxuyuram. Musiqi təhsilim də olub. Estrada-vokal fakültəsini bitirmişəm. Kiməsə bənzəməyə can atmamışam.

- 2017-ci ildə “Mənə yaxın gəl” mahnısını təqdim etdiniz və sonra görünmədiniz...

- Ondan əvvəl "Bilə-bilə" klipim çıxdı. Bir günə 100 min baxış topladı. Efirlər məni təmənnasız çağırırdı. 2017-ci ildə iki klip təqdim etdim. Səhhətimdə problem yarandı, ona görə uzaqlaşdım.

"SƏNƏTDƏ OLMASAM DA, HƏYATDA NATAVANDAN DA, ZÜLFİYYƏDƏN DƏ ÜSTÜNƏM"

- Daha sonra geri qayıtdınız və "Bu gün" adlı klipi təqdim etdiniz. Adınızdan çox içərisində yer alan "Elə-belə" kəlməsi dilə düşdü. Düşünülmüş söz idi? Çünki bir çox mahnılarda dillərə düşən ifadədir...
 
- Bu ifadə çox işlənilirdi. Ona görə də istifadə etdim. Amma heç kimin mahnısına bənzətmək niyyətim olmayıb.

- Hətta deyildi ki, özünüzü əməkdar artist Xumar Qədimova və müğənni Xatun Əliyevaya oxşatdınız.

- Pasport alanda yazılır, neçə oxşarın var? Hamı bir-birinə oxşaya bilər. Hətta deyirlər, Natavan Həbibi, Zülfiyyə Xanbabayevaya oxşayıram. Özümü hamıdan çox istəyirəm. Heç kimin həyatına həsəd aparmıram. Sənətdə olmasam da, həyatda onlardan üstünəm. 

- Əvvəl sizi daha çılğın, cəsarətli geyimlərdən istifadə edən biri kimi tanıyırdıq. İndi isə 180 dərəcə dəyişmisiniz. Qapalı geyimlərdən istifadə edir, daha sakit davranırsınız...

- Dəyişməyi sevirəm. Adam var ki, başqalarından sıxılır. Mən də saçımdan sıxılıram. İndi onların rəngini tünd edib, daha da qısaltmışam. Kamera qarşısınında rola girirəm. Çılğın, danışqan oluram. Amma kənarda sakit adamam. İnsanlar səni şıltaq olanda daha çox sevirlər. Məcburam ki rola girim, insanları əyləndirim. Səhnədə sənətçi, həyatda isə Səbinəyəm.

"ALLAH ONUN BAŞINA GƏTİRSİN MƏNİM XƏSTƏLİYİMİ"

- Bir də estetik əməliyyat etdirmisiniz...

- Elə xəstəlik keçirdim ki, estetik vacib idi. Təqdimatımda xəstəliyimi Tolik dedi. Xoşlamıram ki, insanların mənə yazığı gəlsin. Dərdimlə insanlara yük olmaq istəmirdim. Beş ildir xəstəlikdən əziyyət çəkirdim. Gözlədim müalicə ilə bitər, amma əməliyyat oldu. Plastik əməliyyat etdirdim, süd vəzimin içi təmizləndi və silikon qoyuldu. İndi isə yaxşıyam. 



- Sizə söz atdılar ki, reklam üçün xəstəlik xəbəri yaymısınız... 

- Elə adlar var ki, ürək bulandırır. Ona görə də xəbəri yayan şəxsin adını çəkməyəcəm. Öz pisliklərində qalsınlar. Yalan danışan sizsiniz... Xəstəliyimi özüm demədim ki... Tolik məndən xəbərsiz təqdimat mərasimində xəstəliyimi dedi. Elə həmin an Tolikə deyiblər ki, "İnandınız? Mən onu tanıyıram, yalan deyir".
 
Allah onun da başına mənim xəstəliyimdən gətirsin, onda bilər yalan necə olur. Allah ürəyindəkini qabağına çıxarsın. Mənim xəstəliklə reklama ehtiyacım var? İstəsəm, pulumu verib reklamımı etdirirəm. 70 minlik klip çəkdirmişəmsə, reklama verməyə də pulum var.
 
"HEÇ KİMİN KİŞİSİNİ "ƏRİM" DEYİB YANIMDA GƏZDİRMİRƏM"

- Klipinizdə xoşbəxt qadın obrazını yaratmışdınız...

- Bunu özüm istədim. Çünki həyatda o qədər çətin anlar yaşadım ki... İstədim klipdə xoşbəxt olum. Həyatda da xoşbəxt qadınam. Yalan danışmaram, kiminsə ailəsini dağıtmadım, başqasının kişisini yanımda "ərim" deyib gəzdirmirəm. Məni sevən həyat yoldaşım var.

- Deyirlər, həyat yoldaşınız türkdür və çox imkanlıdır. Hətta sizə 10 ev alıb.

- Sağ olsun, hər zaman yanımdadır. Mənə dəstək olur. Türkiyədə yaşayır. On ev azdır, iyirmincini aldırmağı düşünürəm.

Nəyi varsa, özünə qismət. Onun olan onundur, bununla öyünməyim. Bu sahədə irəli gedib, məşhurlaşıb, özüm qazanmaq istəyirəm. Sənətdə, həyatda həm maddi, həm mənəvi dəstəyimdir.



- O İstanbulda, siz burada... Darıxmırsınız?

- Tez-tez gedib-gəlirəm. O da buraya gəlir. Biz müasir həyat yaşayırıq. Elə olur ki,  bir-birimiz üçün darıxırıq. Bir foto atıram. 4 saat sonra baxıram qapı döyüldü, açıram ki, gəlib. Hərdən şəkil atıram ki, bu gül nə qəşəngdir. Bir də görürəm mənə göndərib. Uzaqda qalmağın da müsbət tərəfləri bunlardır. Çox darıxır və nazımı çəkir.  

- İndi şou-biznesdə çoxları sevgilisini "ərim" deyə təqdim edir. Rəsmi nikahınız var, yoxsa...

- Əlbəttə var. Bizim toyumuz olub. Böyük məclis etməsək də, kiçik yığıncaq keçirmişik. Yaxın qohumlarımız da iştirak ediblər. O, mənim ən ağır günlərimdə yanımda oldu. Onu sevməyə bilmərəm.

- Dedilər, klip təqdimatında sizə həyat yoldaşınızın adından gətirilən 501 qızılgül də reklam üçün idi. əslində özünüz sifariş etmişdiniz...

- Yazmışdı, səni 500 insanın içindən seçmişəm. 500 qırmızı, 1 ağ qızılgül... 500 digər həyatında olan qadınlar, 1 ağ gül isə mən idim. Özüm də təəccübləndirm... Deyir, dünyanı gəzmişəm. Yaşım az deyil, həyatımdan çoxları gəlib-gedib. Amma səni seçdim. Niyə özümə gül sifariş edim ki? 

"DEDİ Kİ, SƏN MƏNİM OLMALISAN"

- Ən böyük hədiyyəsi nə olub?

- Mənim üçün ev, maşın, qızıl hədiyyə deyil. Ən önəmlisi yanımda olmağıdır. 4 ildir ən ağır günümdə yanımda idi. 3 ildir rəsmi evliyik. Tanışlığımız hava limanında olub. Əvvəl dost kimi danışdıq. Sonra qısqanclıqlar başladı. Geyimlərimə qarışdı, sözünə qulaq asdım. Qayıtdı ki, sən mənim olmalısan. Nə deyirdi edirdim, axırda gördüm ki, büründüm. İndi daha qapalı geyinirəm. 



"AYSUN ANASINDAN UĞURLU İFAÇIDIR"

- Yeni gələn müğənnilərin əksəriyyəti bayağı mahnılar oxuyaraq gündəm yaradır. Sizin məqsədiniz nədir? Kimləri dinləyirsiniz?

- İndi Aysun İsmayılova gündəmdədir. Anasından uğurlu ifaçıdır. Daha aktivdir. Kim nə oxuyur özü bilər. Hədəfim heç olmasa Aygün Kazımova kimi keyfiyyətli bir iş təqdim etməkdir. Onun şoularını çox bəyənirəm. Mənim hədəfim toy deyil, daha yuxarı mərhələlərdir. Toy olanda da gedirəm, hətta fonoqram yox, canlı oxuyuram.

Bir il əvvəl şou-biznesimiz sakit idi. Amma indi hər şey yaxşılığa doğru gedir. Bəziləri var, onlar da ələnib gedəcək. Yaxşılar gündəmdə qalacaq.

- Bəs dostluq etdiyiniz şou-biznes nümayəndəsi var?

- Dost dediyim yoxdur. Şəbnəm Tovuzlu ilə yaxınıq. Onu da müğənnilikdən əvvəl tanımışam, mənə bacı kimidir. 

- "Qisas" adlı yeni mahnınız işıq üzü görüb. Həyatda kimdən qisas almısınız?

- Həyatda xoşbəxt olmağı seçmişəm. Heç kimə nifrət etmirəm. Qisas isə, gülərək almışam. Kim deyir qisas almıram, yalandır. İnsan hər bir formada qisasını alır. Bu yaxınlarda işıq üzü görüb. Bu qədər bəyəniləcəyini gözləmirdim. Mahnının sözləri hamıya aiddir. İstər qızlar, istər oğlanlar bir-birindən qisas almaq eşqi ilə yaşayır. Buna klip düşünmürəm. Çoxlu mahnılarım var. Hətta həyat yoldaşıma həsr etdiyim mahnı da var. Çox əla bəstədir. Körpədən tutmuş 60 yaşına qədər olan insan da sevəcək bunu.

Zəhra ƏHMƏDOVA

Foto: İLQAM CƏBİYEV

 
 
 
 


                 

Digər Xəbərlər