Ülviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - fotolar

Ülviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı -  fotolar
5185 dəfə oxunub
  • A-
  • A
  • A+

Məhəmməd Əl-Fayedlə görüşü həyəcanla gözləyirdim. Milyarder, Fransanın “Fəxri Legion ordeni”nin kavaleri, Parisdəki “Ritz” otelinin sahibi, tanınmış xeyriyyəçi - bütün bunlar Misir əsilli britaniyalının nailiyyətlərinin heç də hamısı deyil. Müsahibəmiz Əl-Fayedin Londondakı evində baş tutdu. Söhbətimiz o qədər səmimi alındı ki, sanki çoxdandır bir-birini görməyən köhnə dostlar görüşərək xatirələrini bölüşürdülər. Əl-Fayed ilk dəfə uşaqlıq illəri və biznesdə ilk addımları, faciəvi şəkildə həlak olmuş sevimli oğlu Dodi və onun şahzadə Diana ilə sevgi hekayəsi barədə danışdı.

- Gəlin, söhbətimizə sizin uşaqlıq illərinizdən başlayaq.

- Mən hələ uşaqlıqdan öz üzərimdə Tanrının xeyir-duasını hiss etmişəm. Atam Misirin ən qədim universiteti olan Əl-Əzarın professoru olub. Onun istəyi möhkəm prinsiplərə, iradəyə, cəsarətə malik nəslin formalaşması idi. Atam mənə və tələbələrinə məhz bu dəyərləri aşılayırdı. Amma mən öz gələcəyimi Misirdə görmürdüm, çünki hakimiyyət ailəmizin hər şeyini əlindən almışdı. Bu halda insan doğma vətənində özünü azad hiss edə bilməz.

- Necə tələbə olmusunuz?

- Misir təhsil sistemindən tamamilə uzaqlaşmaq üçün xarici təhsil müəssisəsinə, daha sonra isə atamın istəyilə universitetə daxil oldum. Ancaq bir il təhsil aldıqdan sonra başa düşdüm ki, bu, zaman itkisidir. Mən isə azad olmaq və öz işimi qurmaq istəyirdim.

- İşinizə başlayarkən uğur qazanacağınıza inanırdınızmı?

- Mən səbrli insanam və bu xüsusiyyətim sayəsində cəmi yarım il sonra milyonçu oldum. Mənim üçün uduzmaq problem deyil. Başladığım işin nəticəsi yaxşı olmayanda belə, bədbinliyə qapılmıram.

- Sizin xeyriyyəçiliyiniz də bu iradənin təzahürüdür?

- Bəli, mənim prinsiplərindən biri insanlara kömək etmək üçün pul qazanmaqdır. Həyat şəraitləri yaxşı olmayan, əzab çəkən insanların yaşayışını görmək dəhşətlidir.

- Həyata keçməsini çox istədiyiniz arzunuz varmı?

- Mən arzularla yox, reallıqla yaşamağa üstünlük verirəm. Əgər Tanrı mənə düşündüyümü həyata keçirmək şansı verirsə, əla. Yox, vermirsə, bu da faciə deyil. Öz övladlarımı, nəvələrimi görmək - budur mənim xoşbəxtliyim. Mən artıq 40 ildir ki, arzularımın qadını ilə evliyəm.

- Onunla necə tanış olmusunuz?

- Bondiananın prodüseri Albert Brokkoliyə söz verdim ki, Bondun qadın partnoyurunun tapılması işini mənə tapşırsa, bu işə kapital qoyacam. Beləliklə də bu rola iddia edən bir neçə xanımla müsahibə üçün Skandinaviyaya yola düşdüm. Helsinkidə keçirilən kastinqdə qızlardan biri həqiqətən superagentin tərəf müqabili olmağa layiq idi. O, məni öz gözəlliyi ilə heyran etdi.

- Uşaqlarınızı necə tərbiyə etmisiniz?

- Mənim 2 qızım, oğlum və 4 nəvəm var. Valideynlərim mənə necə tərbiyə veriblərsə, övladlarımı da eyni şərtlərlə böyütmüşəm. Onların qeydinə qalmaq hər şeydən vacibdir. Övladlarım yanımda olsalar da, olmasalar da, onların həyatdan həzz aldıqlarını bilmək mənimçün xoşdur.

- Həyatınızın ən xoşbəxt anı...

- Mən kifayət qədər tez, 20 yaşımda evlənmişəm. Həyatımın ən xoşbəxt anı isə ilk övladım Dodinin anadan olduğu gün idi.

- Bildiyimə görə, Dodini yalnız böyütmüsünüz...

- Bəli, ilk həyat yoldaşımla ayrılandan sonra Dodi mənimlə yaşadı. Hətta 14 yaşı olana qədər biz eyni çarpayıda yatırdıq.

- Bəs Dodi və şahzadə Diananın sevgi tarixçəsi necə başladı?

- Diana ilə yaxın dost idik. Bir dəfə məndən yay tətilində hara gedəcəyimi soruşanda, Sen-Tropedəki evimdə istirahət edəcəyimi dedim. Diana öz oğlanları ilə ora gəlmək üçün icazə istədi və elə orada da Dodi ilə tanış oldular. Dodi çox yaraşıqlı oğlan idi və onlar bir-birilərini çox sevirdilər. Amma təbii ki, Britaniya kral ailəsi onların nikahını qəbul etmirdi. Londonda onların nişan mərasimini mən təşkil etdim.

- Diana barədə danışa bilərsiniz?

- Onun atası ilə ailəvi dostluq edirdik və bilirəm ki, valideynlərinin ayrılığı Dianaya çox təsir etmişdi. Valideynləri boşanan uşaqlar həmişə əzab çəkirlər. Uşaq daim ona qayğı göstərəcək birini axtaracaq.

- Necə düşünürsünüz, onlar sağ qalsaydılar, xoşbəxt olardılarmı?

- Əlbəttə. Əgər siz xoşbəxt olacağınıza inanırsınızsa, bu mütləq belə olacaq.

Mənbə: buro247.az