"Azərbaycan rəssamlarının foto portretləri " - sərgi

"Azərbaycan rəssamlarının foto portretləri " - sərgi
777 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər Birliklərinin üzvü Şirməmməd Nəzərlinin  "Azərbaycan rəssamlarının foto portretləri " sərgisi açılacaq.

Axşam.az AFİŞA xəbər verir ki, sərgidə ARİ tarixində ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş  və sənətşünaslarının portretləri nümayiş olunacaq.

ARİ-nin yaxından dəstək göstərdiyi sərgidə məqsəd yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmaları üçün şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda mülahizələr yürütməyə şərait yaratmaqdır.
 
"Azərbaycan rəssamlarının foto portretləri" layihəsi fotoqraf Ş.Nəzərliyə məxsusdur və burada iştirak könüllülük prinsipi ilə aparılıb. Sərgi üçün 55 sənətkarın portreti hazırlanıb.
   
Şirməmməd Nəzərli 1977-ci ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirib. Azərbaycan Dövlət Teleradio şirkətində, Jurnalistlər Birliyinin İdarə Heyətində işləyib. Beynəlxalq "İRS" jurnalının təsisçisi və baş redaktoru olub. HUMAY mükafatı laureatıdır. Mədəniyyət və Turizm Nazirliyinin "Ən yaxşı pyes" respublika (2012), "LUÇ" ədəbi birliyinin "Ən yaxşı hekayə" (rus dilində) beynəlxalq müsabiqələrinin (2013) qaliblərindəndir.

Bədii və publisistik əsərlərdən ibarət 10 kitab müəllifidir. Onun pyesləri Bakı teatrlarının səhnəsində və Sumqayıt Teatrında tamaşaya qoyulub. Pyesi əsasında radio tamaşası hazırlanıb.

Şirməmməd Nəzərli üç yaradıcılıq birliyinin üzvü olaraq iki ildə bir dəfə öz təşəbbüsü əsasında yeni kitab, sərgi və jurnalist materialları ilə hesabat verir

3 gün ərzində davam edəcək sərgi müəllifin tamaşaçılar qarşısında 5-ci hesabatıdır.

Sərgi saat 18:00-da baş tutacaq.