Türkiyə Bakı Beynəlxalq Turizm və Səyahətlər Sərgisində

Türkiyə Bakı Beynəlxalq Turizm və Səyahətlər Sərgisində
10985 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2019) öz işinə başlayır.

Axşam.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilən sərgiyə Türkiyə bir sıra yeniliklərlə qatılıb.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyindən verilən məlumata görə, sərgidə Türkiyədən 50-ə yaxın nümayəndə, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, İzmir Valiliyi, Səyahət Şirkətləri Federasiyası, Otellər Birliyi, ayrı-ayrı turizm şirkətlərinin təmsilçiləri, sənət adamları iştirak edəcəklər.

Səfirliyinin Mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, son iki il ərzində Azərbaycandan Türkiyəyə səfər edən turist sayında 60 faizə qədər artım qeydə alınıb. Ona görə də Türkiyədən 50-dən çox turizm bu sərgidə şirkəti iştirak etmək istəyib. Lakin yer məhdudluğuna görə cəmi 9 turizm şirkətinə dəvət göndərilib.

Buildən “Türkiyə Eviniz” (Home of Turkey) sloqanı əvəzinə sadəcə “Türkiyə” brendi altında turizm təbliğatına start verən qardaş ölkə sərgidə Göbəklitəpə bölgəsinin turizm imkanlarına xüsusi yer verib. Ziyarətçilər bununla bağlı hazırlanan xüsusi video-təqdimatı izləmək imkanı əldə edəcəklər.

Sərgidə, həmçinin, Türkiyə stendini ziyarət edən turizm şirkətlərinin nümayəndələri üçün xüsusi görüş otağı – turizm ofisi hazırlanıb. Həmin otaqda yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün rəsmi görüşlərin keçirilməsi planlaşdırılıb. Eyni zamanda, aprelin 5-də müşavirlik Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, o cümlədən, səfir Ekran Özoralın iştirakı ilə iki ölkənin turizm şirkət-təşkilatları arasında işgüzar görüş keçirəcək.

Bundan başqa, sərgi ziyarətçiləri üçün türk xalq oyunları və rəqsləri təqdim olunacaq, Tokat Yazmaları, İznik Çinisi və Ebru kimi unikal əl işi sənətləri nümayiş etdiriləcək. Qonaqlara ənənəvi üsulla bişirilən türk qəhvəsi, lokum, paxlava və digər ləziz şirniyyatlar da təqdim olunacaq.

Qeyd edək ki, sərgidə Türkiyə stendini ziyarət edənlər arasından püşkatma yolu ilə seçilən 3 nəfərə xüsusi səyahət bileti veriləcək.

Xatırladaq ki, sərgi aprelin 16-sınadək davam edəcək.