Şamil Əliyev “Xalı” çəkəcək

Şamil Əliyev “Xalı” çəkəcək
1458 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çölçü” filmi dünyanın bir neçə ölkəsində nümayiş olunub və bir çox mükafatlara layiq görülüb. Film ötən il Kəlküttə Beynəlxalq Cult Film Festivalının “Qızıl tülkü” mükafatını qazanıb".

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri müsahibəsində “Çölçü” filminin rejissoru Şamil Əliyev deyib.

“Texnologiyanın inkişafı qloballaşmanın da sürətini şərtləndirir. Müasir insanın şüuru onun mənəvi dünyasının faciəsinə çevrilməyə başlayır. İnsan sanki bir biokütləyə çevrilməkdədir. Təəssüf ki, min illərlə formalaşmış ümumbəşəri dəyərlər aşınmağa, deqradasiyaya uğramağa başlayır. “Çölçü” filmində də həmin məsələləri ekrana gətirməklə bir sıra suallar qoymağa çalışmışam. Hər bir mükəmməl sənət əsərinin gücü, mənim fikrimcə, düşünmək üçün onun verdiyi mövzuda, ortaya qoyduğu suallardadır. Özümü narahat edən həmin sualları həm də tamaşaçıya ünvanlamışam...

Filmdən daha çox vizual poeziyanı xatırladan “Çölçü”də kompozisiyanın, rejissor və operator işinin, eləcə də montajın inanılmaz sinxronluğu var”,- deyə rejissor bildirib.

Rejissor bildirib ki, janr və üslubun bütövlüyünü, temporitmin ahəngini filmin obrazına tabe etdirməyə çalışmışıq:

“Mən öz yaradıcılığımda dünya kinosunun bir sıra dahi kinematoqrafçılarının ekran həyatı verdiyi filmlərdən təsirlənmişəm. Hesab edirəm ki, Azərbaycanda kino həvəskarlarının zövqü heç də dünyanın inkişaf etmiş ölkələrinin tamaşaçı zövqündən geri qalmır. Onun zövqünü oxşamaq üçün də müasir tələblərə cavab verən filmlər çəkilməlidir.

Hər bir film auditoriya üçün çəkilməlidir. Müstəqil film festivalları bu mənada kino sənətinin yenidən attraksiona çevrilməsinin qarşısını almaq, kinonu incəsənətin bir növü kimi qorumaq üçün çox vacib bir meydandır. Kinematoqraf təkcə texnologiyanın təntənəsi yox, fikrin, düşüncənin üstün gəldiyi bir sənət növü olmalıdır. Müstəqil film festivalları həmin meyarları əsas götürməlidirlər”.

Gələcək planlarından danışan rejissor bildirib ki, “Xalı” tammetrajlı bədii filminin ssenarisinin 3-cü variantı artıq hazırdır. Yaxın vaxtlarda film üzərində yaradıcılıq işinə başlanılacaq.