“Mədəniyyət” qəzeti “Afişa” əlavəsini buraxıb

“Mədəniyyət” qəzeti “Afişa” əlavəsini buraxıb
235 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mədəniyyət” qəzeti daha bir yeniliklə oxucuların görüşünə gəlib.

Mədəniyyət Nazirliyindən Axşam.az-a bildirilib ki, qəzetin noyabr ayı üzrə ilk “Afişa” əlavəsi çapdan çıxıb.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq nəşr olunan “Afişa” əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə teatrların repertuarındakı tamaşaların siyahısı, nümayiş günü və saatı barədə məlumatlarla bərabər, ayrı-ayrı tamaşalar haqqında, onların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, fotolar da verilib. Eyni zamanda, nəşrdə noyabr ayı üzrə paytaxtın müxtəlif qalereyaları, konsert zalları və kinoteatrlarının ümumi afişasından savayı bəzi sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar dərc olunub.

“Mədəniyyət+Afişa”nın ilk nömrəsində paytaxtın mədəni həyatının geniş spektri – Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ teatrları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Mahnı Teatrı, Bakı Dövlət Sirki, Nizami Kino Mərkəzi, “Cinema Plus” və “Park Cinema” kinoteatrları, sərgi qalereyaları və digər mədəniyyət ocaqlarında tamaşaçıları gözləyən ən müxtəlif tədbirlər əks olunub. Həmçinin hər bir mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd edilib.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrin səhifələrində hər kəs öz zövqünə, maraq dairəsinə, ən əsası isə, istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını mənalı və səmərəli dəyərləndirə bilər.

Qeyd edək ki, “Mədəniyyət+Afişa” Mədəniyyət Nazirliyinin və “ASAN Könüllüləri" təşkilatının dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında – 1 saylı “ASAN Xidmət” mərkəzi, “Park Bulvar”, metronun “Sahil”, “Elmlər Akademiyası” stansiyalarının giriş və çıxışlarında pulsuz olaraq yayılacaq.

Ayda bir dəfə çap olunması planlaşdırılan nəşrin məqsədi paytaxt sakinlərini, xüsusilə gəncləri, eləcə də Bakıya gələn qonaqları şəhərdəki mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətini təşviq etmək, onlara informasiya dəstəyi verməkdir.

Növbəti nömrələrində həm mədəniyyət ocaqlarını əhatə, həm də mövzu və informasiya baxımından nəşrin daha da zənginləşdirilməsi nəzərdə tutulur.