“Əbədi Ezamiyyət” Los-Ancelesdə

“Əbədi Ezamiyyət” Los-Ancelesdə
249 dəfə oxunub
  • A-
  • A
  • A+

Kaliforniyanın Los-Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, tədbirdə Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın baş prodüseri olduğu, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun Los-Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirdiyi tədbirdə seçkili orqanların nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol bu cür mühüm tədbirə ev sahibliyi etdiklərindən məmnun olduğunu bildirib.

Daha sonra premyerada iştirak etmək üçün Los-Ancelesə gəlmiş Vayominq ştatının senatoru Leland Kristensen çıxış edərək belə bir yüksək önəmli tədbirdə iştirakından məmnunluğunu bildirib.

Sonra “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib. Bu, filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Nümayişdən sonra tanınmış amerikalı pianoçu Suzan Duelmayerin ifasında Azərbaycan musiqisinin nümunələri təqdim olunub.