Ölkəmiz növbəti beynəlxalq teatr forumunda iştirak edəcək

Ölkəmiz növbəti beynəlxalq teatr forumunda iştirak edəcək
188 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 26-dan 30-dək Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illiyi münasibətilə “Təcrübədən kamilliyə” (От практики k совершенству) adlı musiqili teatrların beynəlxalq forumu keçiriləcək. Dünyanın onlarla ölkəsinin teatr xadimlərinin iştirak edəcəyi bu forumda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təmsil edəcək.

Axşam.az-ın xəbərinə görə, Azərtac-a məlumat verən Əliqismət Lalayev deyib ki, forumda '”Azərbaycan Dövlət Musiqili Teatrının inkişaf mərhələləri” adlı məruzə ilə çıxış edəcək.

“Bu dəvət forum təşkilatçıları tərəfindən Azərbaycan mədəniyyətinə, milli sərvətimiz olan teatrımıza yüksək etimadın, rəğbətin təzahürüdür. Təməl daşı dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə qoyulan Musiqili Teatrın teatr tariximizdə özünəməxsus yeri var. Mənə verilən geniş fürsətdən yararlanaraq, teatrımızın dünəni, bu günü və gələcək inkişafı, qarşıda duran layihələrimiz barədə forum iştirakçılarına geniş məlumat verəcəyəm. Qeyd edim ki, beş gün davam edəcək tədbirdə hər günün öz xüsusi proqramı var. Forumun gündəliyində sərgilər, kitab təqdimatları, müxtəlif teatr görüşləri gözlənilir. Forum iştirakçılarını “Musiqili teatrda rejissor”, “Musiqili teatrda müəlliflər”, “Musiqili teatrda dirijor”, “Teatr sənətinin təhlili” mövzularında “dəyirmi masa”lar, vokal artistlərin, rejissor və xoreoqrafların ustad dərsləri, tamaşaların nümayişi də gözləyir”, - deyə Ə.Lalayev bildirib.