"Arzum odur ki, konsertlərimə cənab Prezident gəlsin" - Tahir İmanov

"Arzum odur ki, konsertlərimə cənab Prezident gəlsin" -  Tahir İmanov
2834 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az Mövqe.az-a istinadən "Bakılı oğlanlar" komandasından tanıdığınız,"Planeta Parni iz Baku" ŞHK teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovun müsahibəsini təqdim edir:

- Bəllidir ki, bu ayın sonu konsert verəcəksiniz. Konsertə hazırlıq işləri necə gedir? Bu barədə anons verərdiniz...
- Həmişəki kimi aprel konsertimizlə tamaşaçılar önündə çıxış edəcəyik. Daha dəqiq desək, aprel ayının 25, 26, 27-si Heydər Əliyev sarayında... Kimlərin parodiya olunmasını deyə bilmərəm. Çünki biz bu intriqanı həmişə saxlayırıq. Tamaşaçılar yaxşısı budu özləri gəlib, izləsinlər, görsünlər. Təbii ki, bilet tapa bilsələr. Səhnəciklər, parodiyalar hər şey yenidi. Necə ki, həyatımız yeniləşir, ölkənin hər bir sahəsi inkişaf edir biz də inkişafdayıq.

- Tağı Əhmədov artıq bildiyimiz kimi Bakı Metropoliteninin rəisi deyil. Bəs onu necə, yenə parodiya edəcəksinizmi?
 - Tağı Əhmədovun parodiyası mütləq olacaq. Baxmayaraq ki, Tağı müəllim artıq vəzifə sahibi deyil. Vaxtında o qədər KİV işçiləri  ilə ünsiyyətdə olub, onlara reprikalar atıb ki, mən inanmıram ki, bu insan gündəmdən tez düşüb, yaddaşlardan silinsin. Tağı müəllim hələ də gündəmdədi və onun sözləri uzun müddət dillər əzbəri olacaq.

- Bu gün sosial şəbəkələrdə Tahir İmanov varmı ?
- Xeyr, heç bir sosial şəbəkədə yoxam. Fürsətdən istifadə edib, demək istəyirəm ki, orada bəzi insanlar mənim və yaxud da ki, bizim komandanın adından istifadə edirlərlər. Ən azından onlara demək istəyirəm ki, bu kişilikdən deyil. Maksimum isə onu deyə bilərəm ki, həmin insanlar nakişidirlər. Xahiş edirəm belə də yazın. Özgənin adından istifadə edib, mövqeyini bildirmək bu namərdlikdi, alçaqlıqdı, səviyyəsizlikdi. Kişi gərək öz adından istifadə etsin və sözü birbaşa üzə desin.

- Müsahibələrinizin birində Azərbaycan Respublikası Prezidentinin konsertinizdə iştirakını arzuladığınızı demisiniz. Bu fikriniz də birmənalı qarşılanmadı.
- Birmənalı qarşılanmayıbsa mən nə deyə bilərəm ? Azad demokratik ölkədə yaşayırıq. Hər kəsin öz mövqeyi var. Hər kəsin həyatda bir arzusu var. Mənim də arzum odur ki, konsertlərimə cənab Prezident gəlsin. Çünki doğurdanda vaxtilə "Parni iz Baku” KVN komandasının qurulması, ümumiyyətlə Azərbaycanda KVN hərəkatının yaradılması birbaşa cənab prezidentin adı ilə bağlıdır. Bir insan ki, mənə, qardaşlarıma, həmkarlarıma çörək verib, mən onu necə yaddan çıxara bilərəm? Biz heç vaxt nankor olmamışıq. Biz heç vaxt keçmişi unutmamışıq. Mənim arzumdur ki, cənab Prezident konsertimizə gəlsin, bəlkə o zaman bəzi məmurlar tərəfindən olan təzyiqlər azala.

- Çoxmu belə təzyiqlər olur ?
- Olur. Niyə sizdən gizlədim ? Təzyiqlər zəng şəklində, başqa-başqa hərəkətlərlə olur.

- Bu cür təzyiqlər sizə nə dərəcədə təsir edir ?
- Təsir etmir. Eləsinlər də... Biz demokratik ölkədə yaşayırıq. Onlar belə hərəkət edirlər və onlara bunu heç kəs qadağa edə bilməz. Sadəcə bir şeyi unutmasınlar ki, Azərbaycanda KVN hərəkatını ümumilli lider H. Əliyev dəstəkləyib. Bu gün də dövlətimizin qayğısı nəticəsində "Planet Parni iz Baku” KVN teatrı fəaliyyət göstərir. Buna görə də ölkə başçısına, dövlətimə minnətdaram. Əgər biz vaxtında ölkə başçısını parodiya etmişiksə, deməli hər kəsi parodiya edə bilərik və bu da, normaldı. Biz həmişə tənqid etmişik, heç vaxt heç kimi təhqir etməmişik. Ona görə də, biz bu istiqamətdə çalışacağıq. Onu demək istəyirəm ki, mənə, qardaşlarıma və yaxud da ki, başqa KVN-nin uşaqlarına nəsə olsa bilin ki, bu təsadüfi hal deyil. Hətta yolda gedəndə başıma kərpic də düşsə, bilin ki, bu da təsadüfi deyil. (gülür-red)

- "Məhəllə 1" və "Məhəllə 2" oldu və kifayət qədər də sevildi. Görəsən "Məhəllə 3” nə zaman olacaq?
- Hər şey ola bilər. Ancaq biz daha yeni layihələr üzərində çalışırıq. Amma bu o demək deyil ki, "Məhəllə 3" ola bilməz. Məhəllə elə bir mövzudur ki, həmişə aktual olacaq. Çünki məhəllənin obrazları cəmiyyətə yaxın obrazlardı. El şənliklərində, xeyir-şərdə olan söhbətlərə  biz sadəcə dramaturji xətt verib onları səhnədə canlandırırırq. Burada qeyri-adi bir şey yoxdu. Elə bilirsiniz "Məhəllə”ni biz özümüzdən düzüb-qoşuruq? "Məhəllə”nin bütün reprikaları, orada baş verənlər  həyatdan götürülən hadisələrdi.
 
- Səhv etmirəmsə, ixtisasca iqtisadçısınız. 
- Bəli, beynəlxalq iqtisadi əlaqələr üzrə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm.

- Heç öz sahəniz üzrə işləmisinizmi ?
- Bir saniyə belə işləməmişəm. (gülür-red) Buna görə çox şadam və xoşbəxtəm.

- Necə oldu bəs məhz ADİU-nə sənəd verdiniz ?
- Valideynlərimin təkidi ilə ora daxil oldum. Ancaq ora daxil olanda da bilirdim ki, mən bir gün olsun belə bu sahə üzrə çalışmayacağam. Sadəcə valideynimin sözündən keçmədim.

- Bu gün ikinci bir işiniz, biznesiniz varmı ?
- Gəlin əsas sənətimdən danışaq.

- Murad Dadaşov niyə KVN-i tərk elədi ?
- Murad Dadaşovdan soruşun.

- Ondan soruşanda deyəcək sizdən soruşaq. Suala cavab verərdiniz zəhmət olmasa...
- Murad  Dadaşov mənim əziz qardaşım, dostum, həmkarımdı. Vaxtım yoxdu deyir. Murad bu gün həqiqətən də çox böyük işlər görür. Desəm ki, Murad Dadaşov Azərbaycan teleməkanında müəyyən bir inqilab edib, heç də yanılmaram. Murad doğurdan da Azərbaycan televiziya məkanına yeni nəfəs verib. Və mən fəxr edirəm ki, bunu mənim həmkarım edib. Mən tək Muradın yox, müxtəlif sahələrdə çalışan bütün azərbaycanlıların uğuruna sevinirəm. Mən heç vaxt paxıl insan olmamışam. (gülür-red)

- Deyirlər ki, KVN əvvəlki kimi məşhur deyil...
- Ola bilər.

- Deməli razısınız bu fikirlə ?
- Özləri bilər. Mənim fikrimcə isə bir oyun, bir hərəkat ki, Rusiyanın birinci kanalında əsas izlənmə vaxtında (prime-time zamanında) yayımlanırsa bu hərəkat necə dəbdə olmaya bilər ? 1986-cı ildən görün neçə il keçib. Mən bilirəm bunu kimlər deyir. Paxıl, sponsorluq etmək istəməyən insanlar belə şeyləri uydururlar.