Dəcəl, ərköyün və əsl kişi... Anar

Dəcəl, ərköyün və əsl kişi...  Anar
4661 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Milli Məclisin keçmiş deputatı, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun ölümündən 3 il keçir.  A.Məmmədxanovun bacısı Naidə Məmmədxanova və həyat yoldaşı İradə xanım mərhum haqda xatirələrini bölüşüblər.

Axşam.az həmin müsahibəni təqdim edir:

Naidə Məmmədxanova – Biz ailədə iki uşaq olmuşuq: mən və Anar. Baxmayaraq ki, Anardan 6 yaş böyük idim, o məni həmişə «kiçik bacısı» kimi təqdim edirdi. Mən ailə qurduqdan sonra da soyadımı dəyişmədim. Lakin heç vaxt heç kimə demədim ki, Anar Məmmədxanovun bacısıyam. Bunu deməyə ehtiyac da yox idi. Çünki biz bir-birimizə çox bənzəyirdik. Anarla təkcə bacı-qardaş yox, əsl dost idik. Mən uşaqlıqdan Anarın üstündə əsmişəm. Elə bil öz övladımı böyüdürdüm. Məktəbdə oğlanlarla davaya gedəndə mən də ona qoşulurdum. Deyirdim, bax, sən bundan keçməlisən, döyməlisən də, döyülməlisən də... İllər sonra Anar deyirdi ki, mənim bir kişi kimi yetişməyimdə Naidənin çox böyük rolu oldu. Mən onu hər  situasiyada dəstəkləyirdim. Çünki Anarın ağlına, qabiliyyətinə, mənəvi dünyasına bələd idim. Oxuduğumuz 160 saylı məktəbin gözü idi. Başqa məktəblərdən olan oğlanların hünəri nə idi ki, bizim yuxarı siniflərdəki hansısa qızın dalınca gəlsin. Bunu birinci Anara deyərdilər. Anar elə məktəb vaxtından nüfuzlu oğlan idi. Olduqca ədalətli, düzlüyü sevən idi. Anarda hələ uşaqlıqdan elə xüsusiyyətlər vardı ki, onun gələcəkdə əsl kişi olacağından xəbər verirdi. Anar çox etibarlı idi: birinci sinifdə ona dərs demiş ilk müəlliməsinin ad gününü  hər il təbrik edirdi. Hələ bununla kifayətlənmirdi, sinif yoldaşlarına zəng vurub tapşırırdı ki, siz də təbrik edin.

- Evin sonbeşiyi həm də ərköyün olur axı...

- Ərköyünlükdən başqa Anar həm də çox dələduz, nadinc uşaq olub. Buna baxmayaraq yaxşı oxuyurdu. Çox gözəl yumor hissi vardı. Onunla bir yerdə olan adam darıxmazdı. Heç yadımdan çıxmaz... Bir dəfə anamın rəfiqələri bizə toplaşmışdılar. Evimizin də iki qapısı vardı. Təsəvvür edin: hamının başı qarışıb söhbətə... Anar da yavaşca keçib o biri otağa... Anamın paltarını, paltosunu geyinib, şalını bağlayıb, eynəyini də taxıb gözünə... O biri qapıdan çıxıb, gəlib əsas qapının zəngini basır... Anam da açıb qapını... Qalıb məəttəl ki, bu gələn kimdir? Evdəkilər də soruşur ki, bu kimdir? Bir xeyli sonra, yalnız Anar özü gülməyə başlayanda məsələnin nə yerdə olduğunu anlayıblar... Yəni Anar heç kimi tək qoymurdu. Hamını əyləndirməyə çalışırdı. O da yadımdadır ki, nənəm möhkəm xəstə idi. Bir az özünə gəlmişdi, durub axsaya-axsaya vanna otağına gedirdi. Anar mənə dedi ki, mərcə gələk ki, nənəm artıq sağalıb. Dedim, görmürsən, arvad necə yeriyir? Qayıtdı ki, indi sübut edərəm ki, mən düz deyirəm. Anamın otağından pəncərənin kənarı ilə qonaq otağına keçib işığı yandırdı. Nənəm də köhnə adamlardan idi, baxdı ki, işıq yanır. Getdiyi yolu geri qayıdıb, işığı söndürdü...

- Bəs ananız Anarı ən çox nəyə görə danlayırdı?

 - Məktəb direktoru anamın evdə oturmağına imkan vermirdi. Həftədə neçə dəfə Anara görə çağırırdılar... Çox şuluq uşaq idi. Amma onu hamı sevirdi. Xüsusən də anam... Anarla nəfəs alırdı. Çünki anam həmişə istəyib ki, oğlu olsun. Hətta kimsə deyəndə ki, bəlkə bu dəfə də qızın oldu, az qalıb həmin adamla dalaşsın. Hər dəfə köhnə ili yola salanda Anar deyirdi ki, bu il xoşbəxt il oldu, çünki hamı sağ-salamatdır... Bu, Anar üçün çox önəmli idi. Çünki kiminsə xəstələndiyini eşidəndə ona çox pis təsir edirdi. Həmişə də deyirdi ki, mən bir anımı belə sizsiz təsəvvür etmirəm.

- Anara nəyi irad tuturdunuz ?

- Heç nəyi. Onun bütün hərəkətlərini qəbul edirdim və onunla qürur duyurdum. O da mənə deyirdi ki, sən dahi bacısan. Biz bir- birimizi çox gözəl tamamlayırdıq. Elə kitab, elə məqalə olmurdu ki, oxuyub, birlikdə müzakirə etməyək. Anar çox vətənpərvər, sözün əsl mənasında patriot idi. Mən hələ onun kimi Vətənini sevən ikinci adam tanımıram. Bilirisiniz, o, həmişə nəyin fikrini çəkirdi? Deyirdi, heyf ki, mənim bu cür qeyri-adi istedadı olan xalqımın paxıllıq kimi çox mənfi bir xüsusiyyəti var. Paxıllıq xalqımı mənən gəmirir. Ona görə də Anar istedadlı adam görəndə bütün varlığı ilə sevinirdi. Kim olur olsun: İsfar Sarabski, Şahin Növrəsli, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Aysel Teymurzadə... Onların hər uğurundan sonra mətbuatda çıxış edirdi, deyirdi ki: «Əziz həmvətənlərim, gəlin, bu şad xəbərə ürəkdən sevinək, onları təbrik edək. Çünki onlar Azərbaycanın adıdır». Anarın bu Vətən sevgisi həqiqi bir hiss idi. O, kiməsə xoş gəlmək üçün rol oynamırdı. Heç yadımdan çıxmaz... 2009-cu ilin «Eurovision» müsabiqəsinin final mərhələsi günü ertədən iri bir Azərbaycan bayrağını eyvandan asdı. Axşam ən yaxın dostlarını başına yığıb, oturdu televizorun qarşısında... Hansı ölkə bizim iştirakçıya 12-10 bal səs verirdisə, tez telefonu götürüb, o ölkədəki səfirimizə zəng edir, ona öz minnətdarlığını bildirirdi ki, «sağ olun, yaxşı işlədiniz»... Qəribəsi o idi ki, internetdə ermənilərin hansısa mənfur hərəkəti barədə oxuyan hər kəs, məhz, Anara zəng edirdi: «Ay Anar, onlar bizim filan mahnımızı oğurladılar; filan yeməyi öz adlarına çıxdılar; filan alətimizdən danışdılar...». Elə bil bütün bu məsələləri Anar həll etməliydi... Azərbaycana kim gəlirdi, birinci Anarın qonağı olurdu. O insanların hər biri bu torpağı ancaq Anarın vasitəsilə tanıyırdılar. Ona görə də əcnəbi qonaqlarımızda ancaq bir təəssürat olurdu: Azərbaycan – Anar; Bakı- Anar, Abşeron – Anar... O istəyirdi ki, hamı Azərbaycana vurulsun.

- Sözsüz ki, bu cür vətənpərvər insanı gözügötürməyənlər olacaqdı. Sizcə, Anar kimə mane olurdu?

- Azərbaycanı sevməyən və kütləyə oynayan adamlara...

- Yəqin 15 il millət vəkili olan Anar o illər ərzində də çox insanların əsl simasını gördü..

- Ümumiyyətlə, Anar elə bir adam idi ki, heç vaxt evdə problemlərdən, iş qayğılarından, onu narahat edən məsələlərdən danışmazdı. Nə baxışlarından, nə səs ahəngindən bunu hiss etməzdin. Həmişə istəyirdi ki, ətrafındakı insanlar onu ancaq xoşbəxt görsünlər, o da hamıya müsbət emosiya bəxş etsin. Neqativ heç nəyi xoşlamırdı. Vay o günə ki, səhər maşına oturanda radioda qəmli mahnı verəydilər... Tez həmin redaksiyaya zəng edərdi, iradını bildirərdi ki, səhər-səhər camaatın əhval-ruhiyyəsini korlamayın. Çox pozitiv insan idi. Hərdən deyirdilər ki, Anar çoxdanışandır. Amma başa düşmürdülər ki, Anar kiminsə ani yaranan sükutdan istifadə edib, öz dərdini fikirləşməyini istəmirdi.

İlk və son məhəbbəti

- Gəlin xanımı seçəndə baldızlıq eləmədiniz ki?

(gülür) Biz İradə ilə o dəqiqə dostlaşdıq. İradə onun ilk sevgisi olub.

-  İradə xanım:
- Bizim ailənin ömrü 19 il oldu. Amma Anarla elə bir həyat yaşadım ki, elə bil 100 il ömür sürdüm. Onunla başqa cür mümkün deyildi. Biz tanış olanda mən 10-cu sinifdə oxuyurdum. İki il tanışlığımız sürdü, iki il də nişanlı qaldıq. Bu illər ərzində Anar heç dəyişmədi. Hərçənd mən onu 7 yaşında tanımamışam. Amma bilirdim ki, o, 7 yaşında necə idisə, 23, 33, hətta 40 yaşında da elə qaldı. Anarın içində özü boyda bir uşaq yaşayırdı. Çox səmimi adam idi.

- Anar kimi məşhur, məşhur olduğu qədər də yaraşıqlı bir kişinin həyat yoldaşı olmaq çətin idi?

- Çətin yox, maraqlı idi. Mən başa düşürdüm ki, Anarla ayaqlaşmalıyam. Bunu bacarırdım da. Son günədək ondan ancaq sevgi etirafı eşitdim. Deyirdi: «Bax, uşaqlar bir yana, səni dünyalar qədər sevirəm». Mən də həmişə çalışırdım, formada olum. Toya gedəndə bəzənib-düzənirdim. Deyirdi, xəbərin var, sən burda hamıdan gözəlsən?!

- O qədər işin-gücün içində Anar ailəsinə vaxt ayıra bilirdimi?

- Əlbəttə. Anar uşaqlar üçün əsl bayram idi. Hara gedirdik, beşimiz də birgə olurduq. Hətta Mədinənin 3 yaşı olanda biz xaricdə raftinqə minmişdik, eşidənlər dəhşətə gəlmişdi. Qaynanam həmişə deyərdi ki, uşaqları qoyun mənim yanımda, siz gedin, dincəlin. İndi fikirləşirəm ki, əgər uşaqlar onda bizimlə getməsəydilər, indi belə xatirələri olmazdı. Bir dəfə işdən gəldim ki, evdə yaman səs-küydü... Anar kinoteatr quraşdırıb, uşaqlara pop-korn alıb, bir tərəfdə də musiqi... Kefdədilər. Mən də gələn kimi başladım: gedin, dərs oxuyun, yazı yazın... Anar da qayıtdı ki, eh, bu pis adam gəldi, uşaqların kefinə soğan doğradı... O, uşaqlarını çox maraqlı tərbiyə edərdi. Hər dəfə üçünü də götürüb, Alim Qasımovun konsertinə gedərdi ki, qoy muğamımızı əsl sənətkardan dinləsinlər. Anar çox diqqətli idi. Bircə mənimlə alış-verişə çıxmağa həvəsi yox idi. Amma hansısa xarici ölkəyə tək gedəndə mütləq birinci mənə  hədiyyə alırdı.

- Ata kimi övladlarına nəsihəti nə idi?

- Deyirdi, kim olursunuzz-olun, amma peşəkar olun. Oğluma deyirdi, istəyirsən, get aqronom ol, amma peşəkar olmalısan. Deyirdi, elə adam olun ki, insanlar sizə ehtiyac duysun.

EL ÜÇÜN AĞLAYAN GÖZ

- Yəqin onun səmimiliyindən istifadə edənlər heç də az deyilmiş...

- Əlbəttə var idi, bu, təbiidir. Amma Anar insanlarda həmişə yaxşı tərəfi axtarırdı, mənfini görmək istəmirdi. Çox əliaçıq adam idi. Heç vaxt görmədim ki, kimisə naümid qaytarsın. Son qəpiyini verərdi. Özü də bilirdi ki, o pul qayıtmayacaq. Səhəri gününü heç fikirləşməzdi. Mənə də deyirdi ki, bu günlə yaşa. Mən başlayırdım, ay Anar, uşaqlar böyüyür, bəs sabah necə olacaq?... Deyirdi, əşşi, sənin nəyin çatmır ki? Bu gün varındı, yaşa, sabaha Allah kərimdir. Maddiyyat onu qəti düşündürmürdü, onunku mənəvi dəyərlər idi. Düz də edirdi. Əslində, bunu onun yoxluğundan sonra daha dərindən anlamağa başlamışam. Baxın, o gedəndən sonra mənimçün nələr qiymətli olub? Bilirsiniz, mən indi nələrdən yapışıram? Şəkillərdən, məqalələrdən, arxiv materiallarından... İnanın, bu gün onlar mənimçün ən qiymətli daşınmaz əmlakdan, ən bahalı brilyantdan daha dəyərlidir. Axı, mülkü, daş-qaşı pulla ala bilərsən, amma xatirələri heç vaxt almaq olmur.

- Amma yaman vəfasızlıq elədi...

- Hə... (doluxsunur) 40 yaş... 40 yaşını qeyd etmədi. "Olmaz" dedi. 7 ay sonra da getdi... Mən onun yoxluğunu qəti qəbul etmirəm. Elə bilirəm, harasa gedib, gələcək. Uşaqlara da demişəm ki, belə düşünsünlər. Çünki Anarsız yaşamaq mümkün deyil. Bayramda məzarına getmişdik. Bir xeyli danışdım onunla... Mən həyatda ona hər şeyi bağışlardım... ölümdən başqa (kövrəlir)… Ümumiyyətlə, Anar hərdən ölümdən danışırdı. Həmişə də deyərdi ki, mən çox yaşamayacam, tez gedəcəm. Çalışırdım, onun bu sözlərinə əhəmiyyət verməyim. Deyirdim, əşşi Anardı da... danışır özüyçün... Digər tərəfdən də ona deyəndə ki, özünə fikir ver, canına bax, deyərdi, sən narahat olma, mən hamını yola salacam, sonra özüm gedəcəm. Arxayın eləmişdi məni. Nə bilim ki, aldadacaqmış...

- Onun qəfil itkisi Anarı tanıyanların hər biri üçün ağırdır. Amma eşitdiyim bəzi söz- söhbətlər də var. Deyilənə görə, Anarın pisliyini istəyənlər hətta ona əməl də ediblərmiş...

İradə xanım:

- Demirəm, yox idi. Nəzər də var idi, bəd əməl də... Amma Anar özü belə şeylərə inanmırdı deyə, bizi də inanmağa qoymurdu.

Naidə xanım:
– Ümumiyyətlə, Anar elə insan idi ki, o olan yerdə adam özünü arxayın hiss edirdi. Fikirləşirdin ki, Anar varsa, ən müşkül işin düzələcək. Qohum-qonşu... kimin nə problemi vardısa, mütləq Anara deyirdi, o da telefona əl atırdı... Vəssalam, məsələ həll olundu. Elədiyini də heç vaxt deməzdi. Heç yadımdan çıxmaz... Bir dəfə qoltuqağacları ilə gəzən cavan bir qız gördü. Ürəyi dözmədi: ünvanını alıb, əməliyyat üçün pul tapdı, qızı Almaniyaya göndərdi. O ailənin sevincini təsəvvür etmək mümkün deyildi.

KÖZ TUTMAYACAQ YARA

 - Anarın ən yaxın dostu Elçin Əzizov deyir ki, bizim nəsil elə hadisələrin şahidi oldu ki, istər 35 yaş olsun, istər 40... Buna ürək dözməzdi... Demək, Anar da içindən çat verən ağac imiş...

İradə xanım:

- Hər şeyi ürəyinə salırdı. Üzdə danışıb-gülürdü, hamını xoşbəxt edirdi, içində isə insanların dərdini çəkirdi. Millət vəkili olduğu ərəfədə seçildiyi dairənin əhalisi üçün əlindən gələni elədi: yol çəkdirdi, su, qaz problemini həll etdi. Amma insanlar ondan daha çox şey tələb eləməyə başlayanda... bunu ürəyinə salırdı. Axı, onun da imkanı xaricində olan işlər vardı?! Amma yenə xeyirxahlığından qalmırdı. Dəfələrlə öz hesabına uşaq evlərinə, internat məktəblərinə yardımlar edir, kompüterlər, texniki avadanlıqlar alırdı. Bunu onun telefon danışıqlarından öyrənmişəm, özü mənə bir kəlmə də deməyib. Başqası olsaydı, aləmə car çəkərdi. Bax, bu gün mənə arxiv üçün o işləri əks etdirən, heç olmasa, bircə şəkil, ya da kadr lazımdır, yoxdur.

Naidə xanım:

– Tez-tez  yuxularıma girir. Deyir, mən ölməmişəm, səninləyəm. Mən, ümumiyyətlə, uşaqlıqdan onun üçün qorxmuşam. Çünki çox narahat uşaq idi. Qorxurdum ki, uşaq arabasından yıxılar. Qorxurdum ki, həyətdə kiminləsə dalaşar. Həmişə ona görə narahat olmuşam. Mən onu itirməkdən qorxmuşam. Qorxduğum da başıma gəldi... Çox dəhşətli itkidir. Kaş xəstə olaydı, biləydik ki, xəstədir. Yoxsa bir gün əvvəl toya get, kefin kök, damağın çağ... Ertəsi gün bircə anın içində hər şeyi yarımçıq qoy... İnsan necə barışsın?

İradə xanım:

 – Anar bizə xatirələrdən başqa gözəl dostlar miras qoydu. Onun fiziki yoxluğu təkcə məndən ötrü yox, elə onlardan ötrü də dəhşətdir. Ona görə də Anarın yoxluğunu mənim varlığımla ovudurlar, onun hansısa zərrəciyini məndə axtarırlar. Çox ağır olsa da, bir faktı deyim ki, Anarın iki çox yaxın  məktəb dostu olub. Onların üçünün şəkli indi də durur. O oğlanların ikisi çox gənc yaşında dünyasını dəyişdi. Mən ilk dəfə onda Anarı hönkür-hönkür ağlayan  gördüm. İndi o şəklə baxıram... Heç biri yoxdur.

- Anardan sonra bu şəhərdə yaşamaq da istəməzsiniz...

- Nəinki bu şəhərdə, heç həyatda yaşamaq istəmirdim. Hətta yadımdadı, deyəndə ki, vəssalam, Anar yoxdur, mənə elə gəldi ki, ardıcıllıqla hamı öləcək. Çünki fikirləşirdim ki, heç kim Anarsız yaşaya bilməz. Ilk günlər az qalırdım, başımı kəsib tullayım, bu dəhşətdən azad olum. Amma sonradan başa düşdüm ki, əlacım yoxdur. Anarla bağlı o qədər iş  var ki... Elə bil Anar o işləri mənimçün qoyub gedib ki, yaşayım. Onun övladları, valideynləri, bacısı, dostları, xatirələri naminə... Bircə kiçik qızım Mədinəni ovuda bilmirəm. Hər dəfə deyir ki, kaş papa 10 il sonra öləydi. Bəlkə onda papadan bir az doyardım...

- O dəhşətli xəbəri ananıza necə çatdırdınız?

Naidə xanım:
 – Həmin gün  mən  Simurq adlı bir təşkilatda mühazirə deyəcəkdim. Anamı da özümlə aparmışdım. Hamı anamla salamlaşırdı. Deyirdilər, Səidə xanım, siz xoşbəxt anasız ki, Naidə xanım kimi qızınız, Anar kimi oğlunuz var. Anam da elə fərəhlənirdi ki... Mühazirədən sonra çıxdıq, bəxtəvər insanlar kimi qol-qola bir xeyli gəzdik. Anamı yola saldım, elə evə çatmağa az qalmış zəng etdilər ki, bəs Anarın halı yaxşı deyil, gəlin. Mamagil Anara daha yaxın olurlar deyə  tez ona xəbər elədim ki, sən get, mən də gəlirəm. Özümü çatdıranda təcili yardım həkiminin əlacsız  halda başını yellədiyini gördüm... Mən o səhnəni  təsvir edə bilmərəm... İnanmadım. Qışqırdım ki, necə? Vəssalam? Ola bilməz... Yenə nəsə edin... Həkim yazıq yenə elektroşok... yenə masaj... Qaytara bilmədi. Həmin an ancaq Allaha yalvarırdım. Deyirdim, İlahi, sənə can lazımdırsa, al mənim canımı, Anara dəymə, bircə Anarı aparma! Anar bizim hamımız idi. Anar atamdı, anamdı, bacımdı, qardaşımdı, dostumdu... Anar dayaqdı, eldi, obadı... Saxlaya bilmədik, qoruya bilmədik onu... Getdi Anar.... Evdən deyil, eldən getdi...

Zakirə ZAKİRQIZI