"Elə şərait yaratmamışam ki, məni qısqansın" - Samira

"Elə şərait yaratmamışam ki, məni qısqansın" - Samira
4972 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samira Allahverdi Ailəm.az saytına müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir.  

- İdeal ailə yoxdur. Bizim də ailənin digərləri kimi tam ideallığı yoxdur. Sadəcə, həyat yoldaşımla bir-birimizi başa düşməyi və güzəştə getməyi sevirik. Bizim ailədə də başqaları kimi problemlər, narazılıqlar olur, küsürük-barışırıq, bu, normaldır. Lakin sonunda bir məxrəcə gəlirik və ailəmizi qoruyuruq. Mən hesab edirəm ki, insan ailəni qurubsa, onu dağıtmamalıdır. Sadəcə, zaman dəyişib, insanlar dəyişib, bəzən daha çox sərbəst olmağı sevirlər. Bəzən də ailədə kişinin lazımınca pul qazana bilməməsi, bəzi qadınların bunu qəbul etməməsi və sair problemlər ailələrin dağılmasına səbəb olur. Əgər iki şəxs arasında sevgi, qarşılıqlı hörmət varsa, bu ailə pul və digər məqsədlər üzərində qurulmayıbsa, ailə daha möhkəm olur, onun dağılmasına bu səbəblər təsir edə bilmir. 
 
- Samira xanım, məhşur insan, həyat yoldaşı və ana olmaq. Bunların hər üçünün öhdəsindən necə gəlirsiniz?
 
- Əslində, çox çətindir. Ətrafdakı insanlar elə zənn edirlər ki, mən ulduz həyatı sürürəm, nə iş görürəm, nə ailə qayğısı çəkirəm. Heç də belə deyil. Əslində, vaxtımın 70 faizini ailəmə həsr edirəm - ailəmin problemlərinə, özümə, övladlarımın tərbiyəsi, tələbat və qayğılarına. Zamanımın yalnız 30-40 fazini sənətimə həsr edirəm.  Mənim üçün ailə daha müqəddəsdir. Çünki daim sənətdə, gündəmdəsənsə, hamı səni sevir, bir balaca qırağa çəkilirsənsə, elə bil, səni unudurlar. Amma hər zaman, hər bir məqamda mənim yanımda ailəm var və o, mənə dəstək olur. Ona görə də, mən ailəmi daha üstün tuturam. Təbii ki, sənətimi də sevirəm. Şükürlər olsun ki, sənətimlə bağlı ailəmdə heç bir problem yoxdur, əksinə, sənətdə irəli getməyimdə ailəm mənə yardımçı və dayaq olur. Sadəcə, sənətimlə bağlı müəyyən kriteriyalar var ki, mən özüm onlara qadağa qoymuşam. Yəni çox özümə sərbəstlik vermirəm, çünki həyat tərzim başqadır.
 
- Həyat yoldaşınız qısqancdır? Sizə hansısa qadağalar qoyur?
 
- İstər kişi olsun, istərsə də qadın, normal insanda qısqanclıq hissləri olmalıdır. Hamımız qısqana bilərik, həyat yoldaşı həyat yoldaşını, dost dostunu. Bu, bir hissdir. Sadəcə mən həyat yoldaşım üçün elə bir şərait yaratmamışam ki, o məni qısqansın. Hər zaman mənim yanımdadır, çəkilişlərdə, getdiyim tədbirlərdə, gəzintilərdə. Demək olar ki, bu biznesi birlikdə qurmuşuq. Xaraktercə də elə bir insanam ki, qısqanılmağıma səbəb yoxdur.
 
- Neçə yaşda ailə qurmusunuz? Həyat yoldaşınızla tanışlığınız necə olub?
 
- 19 yaşımda ailə həyatı qurmuşam. Həyat yoldaşımla qardaşımın nişanında tanış olmuşuq. O, mənim qardaşımın dostu idi. Mənimlə evlənmək fikrini qardaşıma və anama söyləyib, mən də razılıq vermişəm və tanışlığımızdan 2-3 ay sonra nişanlanmışıq. Yəni indiki gənclər kimi əl-ələ gəzintilərimiz, görüşlərimiz olmayıb. Dədə-baba qaydası ilə elçi gəliblər, “hə” alıblar, nişan taxıblar və evlənmişik, vəssəlam.
 
- Həyat yoldaşınız nə işlə məşğuldur? 
 
- Həyat yoldaşım keçmiş hərbçidir, indi təqaüddədir. Zaman-zaman kiçik də olsa biznes işləri ilə məşğul olub. Lakin mən istəmişəm ki, işlərimdə mənə yardımçı olsun. Çəkilişlər, toy, məclis və tədbirlərdə mənim yanımda olanda mən daha rahat oluram.
 
- Oğlunuzun daha çox hansı sahəyə həvəsi var?
 
- Əlinin 15 yaşı var. Tarix fənnini çox sevir. İngilis dilini öyrənməyə çox maraq göstərir. Mənim üçün fərqi yoxdur, hansı ixtisası, peşəni seçir-seçsin, ona mükəmməl yiyələnsin. Əsas odur ki, gələcək həyatı üçün, cəmiyyət üçün xeyirli, layiqli bir vətəndaş olsun. Valideynlərinin başını uca etsin.
 
- Yəqin ki, vaxtınızın çoxunu balaca Məryəmə həsr edirsiniz?
 
- Elədir. Məryəm doğulmamışdan öncə sərbəstliyim daha çox idi. O mənada ki, oğlum böyükdür, özü yatır, özü yeyir, bəzi problemləri asanlaşıb. Vaxt tapan kimi işlərimin dalınca gedirdim. Amma bu körpə doğulandan sonra bir balaca sərbəstliyim gedib. Məryəm hələ çox balacadır, qayğı tələb edir, vaxtımın çoxunu ona ayırıram, bəzən getdiyim yerlərə də onu aparmaq məcburiyyətində qalıram.
 
- Övladlarınızla bağlı ən böyük arzunuz nədir?
 
- Arzularım çoxdur. Amma ən çox onu istəyərdim ki, yaxşı təhsil alsınlar, savadlı olsunlar. Onlar həyatda öz yerlərini tutsalar, mən çox xoşbəxt olaram, bir ana kimi öz missiyamı yerinə yetirmiş sayaram.
 
- Samira xanım, ev işlərində sizə yadım edən varmı?
 
- Həftədə bir dəfə. Bu, çox azdır. Çalışıram ki, bütün işləri özüm görəm. Mən də başqa xanımlar kimi evdə yemək bişirirəm, səliqə-sahmanla məşğul oluram. Vaxt məhdudiyyəti səbəbindən yemək bişirmədiyim vaxtlar da olur. Belə zamanlarda həyat yoldaşımla kənarda yemək yeyə bilərik. Amma çox çalışıram ki, evdə olan zaman yeməkləri hazırlayam və övladlarıma qayğı göstərəm.
 
- Həmişə formadasınız, buna necə nail olursunuz?
 
- İdmanla məşğul oluram və yeməyimə-içməyimə daima diqqət yetirirəm. Həftədə 3 dəfə idman zalına gedirəm, amma evdə olduğum zamanlar da müxtəlif idman hərəkətləri etməyə vaxt ayırıram. Şirniyyat yeməyi sevmirəm, yağlı yeməklər yemirəm. Təbii qidalara üstünlük verirəm. Qızartma yeməklərdən qaçıram. Daha çox buğda bişirilən yeməkləri və salatları sevirəm. Təzə tərəvəzlərdən hazırlanan salatlardan daha çox istifadə edirəm. Yeməkləri çox nadir hallarda çörəklə yeyirəm, demək olar ki, həmişə çörəksiz yeyirəm. Yalnız rayon yerlərində isti təndir çörəyindən dada bilərəm.
 
- Modelyer və ya stilistiniz varmı?
 
- Dostluq etdiyim modelyer var və səhnə geyimlərimi seçməkdə o, mənə yardımçı olur. Birlikdə məsləhətləşmələr edirik. Gündəlik geyimlərimi isə özüm seçirəm.
 
- Geyimlərinizin marka olması şərtdirmi?
 
- Yox, mənim üçün marka önəmli deyil. Geyimin rahat, gözəl və ürəyimcə olması şərtdir. Xoşuma gələn elə bir geyim ola bilər ki, istər marka olsun, istər olmasın, onu alaram.
 
- İstirahətə vaxt ayıra bilirsiniz?
 
- Səyahət etməyi, daha çox da xarici ölkələrdə dincəlməyi sevirəm. Başqa ölkələrin tarixini, mədəniyyətini öyrənmək istəyirəm. Oğlum da tarixi yerlərdə olmağı sevir. Ona görə də istirahət üçün məkan seçəndə bunları nəzərə alırıq.