"Mən bir xoşbəxt kəpənəyəm" - İradə Tuncay

"Mən bir xoşbəxt kəpənəyəm" - İradə Tuncay
2701 dəfə oxunub
  • A-
  • A
  • A+

O, İradə Tuncaydır. Böyük şair Məmməd Arazın qızı, yazıçı Aqil Abbasın həyat yoldaşı. Amma heç zaman bu adların kölgəsində qalmadı, öz istedadı və bacarığı ilə tanındı. Ailem.az saytının “O..” layihəsinin budəfəki qonağı “Ədalət” qəzetinin baş redaktoru, yazıçı İradə Tuncaydır.

- Sevgi, ya qarşılıqlı hörmət?
 
- Bunlar fərqli kateqoriyalardı. Hər halda mənim üçün.
 
- Subaylıq, yoxsa evlilik?
 
- Elə bir fərq görmürəm. Öz prizmamdan baxaraq deyim ki, hər iki halda çəkdiyini çəkirsən.
 
- Bir uşaq, ya çox uşaq?
 
- Nə qədərini sevməyə gücün varsa...
 
- Qayınana, ya gəlin?
 
- Kim hansından yarıyıbsa.
 
- Övlad, ya nəvə?
 
- Övlad.
 
- Ana İradəTuncay, yoxsa nənə?
 
- Ana. Mən klassik nənə obrazına uyğun gəlmirəm. Amma ana  kimi özümdən arxayınam.
 
- Şair qızı, yoxsa yazıçının həyat yoldaşı?
 
- Hansı daha xoş olub deyə soruşursunuzsa, heç biri deyirəm.
 
- Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
 
- İyrənc bir şeydi poliqamiya.
 
- Evdə qadının, ya kişinin sözü?
 
- Görüntü olaraq çox yerdə kişinin sözü keçir kimi görünür. Baxır hansı məsələlərdə. Bunu prinsipə çevirmək lazım deyil məncə.

- Muğam, ya pop?
 
- İnsanın ruh halına bağlı. Muğama çox qulaq asmıram.
 
- Qadın, yoxsa kişi sürücü?
 
- Professional sürücü.
 
- Evdə, yoxsa restoranda romantik yemək?
 
- Evdə nə romantika?
 
- Qışda, yoxsa yayda tətil?
 
- Yayda gəzməyi sevirəm.
 
- Kənd, ya şəhər?
 
- Şəhər, təbii. Hərdən kəndə getmək şərti ilə.
 
- Yeni il, yoxsa Novruz bayramı?
 
- Könlündəki bayram.
 
- Bişirmək, ya yemək?
 
- Yemək. Amma özüm kimi heç kəs bişirə bilmir. Zövq ala  bilmirəm yeməklərdən.
 
- Pəhriz, ya nə gəldi yemək?
 
- Çoxdan pəhriz saxlamıram. Amma olub.
 
- Bağışlamaq, yoxsa nifrət?
 
- Baxır situasiyaya.
 
- Real dostlar, yoxsa “Facebook” dostlarınız?
 
- Son illər virtual dostlar ön plandadır.
 
- Sizin qayğınız, yoxsa sizə qayğı?
 
- Hardadı mənə o qayğı? Görsəniz, xəbər eləyin.
 
- Sizin maaşınız, yoxsa həyat yoldaşınız maaşı?
 
- Mən maaş almıram.
 
- Hədiyyə, yoxsa bir söz yetər?
 
- Diqqət.
 
- Kitab, ya jurnal?
 
- Kitab. Onun ruhu var.
 
- Film, yoxsa serial?
 
- Film. Məsələn, “İngilis  pasient”, “Dogvil”.
 
- “Dolu” romanı, yoxsa “Dolu” filmi?
 
- Ayırmıram.
 
- Fellininin “Yol” filmi, yoxsa İradə Tuncayın “Yol” romanı?
 
- İtaliyada  yaşasaydım, “İradənin yolu”...
 
- “Möhtəşəm yüz il”, yoxsa “Kurtlar vadisi”?
 
- Hərdən “Möhtəşəm yüz il”ə baxıram.
 
- Teatr, ya kinoteatr?
 
- Heç biri.
 
- Sonda olum, ya ölüm?
 
- Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də, olacam  hər  zaman...