“Qardaşım həbs olunsa, özünü məhkəmədə asacaq” - müsahibə

“Qardaşım həbs olunsa, özünü məhkəmədə asacaq” - müsahibə
3879 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli Lent.az-a müsahibəsində qardaşı Araz Kəsəmənlinin həbsi ilə bağlı bir çox məqamları açıqlayıb. Axşam.az həmin müsahibəni təqdim edir.

- Araz nə üçün həbs olunub?
 
 - Hadisənin necə baş verdiyini deyəcəm. Hamı bilsin ki, qardaşımı səbəbsiz yerə tutublar. Hadisə qardaşım həbsxanadan azad olduqdan üç ay sonra olub. Deməli, təxminən yeddi ay öncə qardaşım, dostum və mən toya gedirdik. Elə getdiyimiz yolda bizim qarşımızı kəsib, şöbəyə apardılar. Bizi saxlayan şəxslər heç özlərini təqdim etmədilər. Şöbəyə aparıb, üstümüzü yoxladılar. Heç bir şey tapmadılar. Hadisədən bir-iki saat sonra, ayrı-ayrılıqda dostumu, daha sonra məni buraxdılar. Lakin qardaşımı buraxmadılar.
 
- Qardaşınız hansı maddə ilə ittiham olunur?
 
- Guya üstündə narkotik maddə var. Biz də ekspertiza tələb etdik. Ekspertiza gəlib yoxladı, qan tər-təmiz çıxdı. Günü bu gün də kim istəsə gedib yoxlatdıra bilər. Qardaşım on beş ildir ki, ibadət əhlidir. Namaz qılır. Heç siqaret də çəkmir. Məhkəmə oldu. Məhkəmə zamanı mənim də, dostumun da izahatını aldılar. Daha sonra məhkəməyə əməliyyata rəhbərlik edən zabiti gətirdilər. Onu, əməliyyat qrupunun üzvlərini  dindirirlər. Təsəvvür edin, əməliyyat qrupunda olanlar deyir ki, maşında üç nəfər olublar, amma əməliyyatın rəhbərini dindirirlər, o deyir ki, qardaşım maşında tək imiş. Bu ifadəyə isə məhkəmədə hakim də dözmədi. Qayıtdı ki, niyə yalan danışırsız? Sənin işçilərin deyir ki, maşında üç nəfər olub, sən deyirsən ki, tək? Cavabı nə olsa yaxşıdır?  “Belədir də”. Mən anlaya bilmirəm, “belədir” ifadəsi ilə iş olar? Onların ifadələrindən sonra, söz istədim. Həmin zabitə dedim ki, qardaşım mən və dostum bir yerdə saxlanılıb, şöbəyə aparılmışıq. Qardaşımdan savayı, məndən, dostumdan izahat da alınıb. Söylədim ki, yadınızdan çıxıb, gedin sənədləri araşdırın, izahatıma rast gələcəksiniz. Çıxışımdan sonra xatırladı və yadına düşdü ki, məndən izahat alınıb. Bu qədər yalan, bu qədər haqsızlıq olar? Hakim sual verir ki, bunu nə ilə ittiham edirsiz? deyir ki, “narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi” ilə ittiham olunur. Onun bu ittihamlarına qardaşımın vəkili cavab verdi ki, “külli miqdarda narkotik vasitələrin dövriyyəsi” nə anlamına gəlir? Vəkilin sualı cavabsız qaldı. Vəkilimiz soruşdu ki, “satan yerdə tutmusan?”, “Şahidiniz var?, “Ekspertiza olunub, əlində iz var?”, “Qanında narkotik istifadəçisi olmağı çıxıb?” bütün suallara “yox” cavabı verdi. Vəkilimiz söylədi ki, bəs hansı haqla ittiham edirsiniz?
Onu da deyim ki, qardaşım saxlanılan zaman üzərində 520 manat pul olub. Əməliyyatın rəisi gəlib deyir ki, cibində 14 manat olub. Amma qardaşımın cibində olan pulları mənə təhvil verəndə 120 manata qol çəkdirmişdilər. Proses zamanı mən sual verdim ki, qardaşımın cibində nə qədər pul olub? Dedi ki, 14 manat. Dedim ki, bəs niyə mənə 120 manata qol çəkdirdiniz? Bu anda hakim məsələyə müdaxilə edib, ona sual verdi ki, “hansı məntiqə sığır ki, toya gedən adamın cibində 14 manat pul olsun?” Cavabında deyir ki, “bəlkə qardaşı verəcək pulu”. Hakimdə dedi ki, bəs bayaqdan demirsən ki, saxlananda tək olub?
 
- Arazın məhkəmə prosesinin vaxtı da müəyyənləşib. Aprelin 25-də olacaq.  Məhkəmədən nə gözləyirsiz?
       
- Bəli, aprelin 25-i qardaşımın məhkəməsidir. Bütün media əhlini, televiziyaları həmin məhkəmə prosesinə dəvət edirəm. Gəlsinlər və məhkəmə prosesində baş verənləri lentə alsınlar. Görsünlər ki, qardaşım haqsız yerə həbs ittiham olunur. İttiham olunan sənədlərdə bircə sübut da yoxdur. Əlimizdə olan faktlarla dünyanın o başına da getməyə hazırıq. Çünki qardaşım günahsızdır. Dediyim sözlərin arxasında dururam. Demokratik və qanuni bir ölkədə yaşayırıq. Mən və o cümlədən bizim ailə Azərbaycan hökumətinin qanunlarına daim hörmət etmişik. Yenə də hörmət edirik. Sizin sayt vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edirəm. İnanıram ki, rəhbərliyin məsələyə diqqətindən sonra, haqq-ədalət öz yerini tapacaq.  Bu günə qədər susmuşam, amma indi susmayacam. Kim mənə təminat verə bilər ki, qardaşımın başına gələn bu iş, sabah mənim başıma da gəlməyəcək? Allaha and olsun ki, mən ədalətin tərəfindəyəm. Qardaşımdı deyə tərəf saxlamıram. Günahı olsa idi, cəzasını çəkməyini istəyərdim. Amma qardaşım yanımda ola-ola onu tutub, narkotik dövriyyəsində ittiham etmək, bu haqsızlıqdır. Allah şahiddir ki, bu insanın günahı yoxdur.
 
- İttiham olunmadan öncə kiminləsə mübahisəsi, düşmənçiliyi yox idi ki?
 
- Bu adam on beş il həbsdə yatıb. Üç ay idi azadlığa çıxmışdı. O üç ayın bir ay yarımını ikimiz Qazaxda istirahət etmişik. Bakını, yaşadığımız məhəlləni də yaxşı tanımır. Harasa getmək lazım olanda deyirdi ki, “Rəşad məni bir az buralarda gəzdir”. Sözümün canı odur ki, şəhəri yaxşı tanımır. O, tək heç yana getməyib. Onun heç kimlə problemi də olmayıb. Dindar, namaz qılan adamdı. Özü də subaydır. Birdə onu deyim ki, Arazın umunteti aşağıdır. Hətta  hazırlaşırdı ki, ailə həyatı qursun, amma alınmadı. Onu sevib-seçdiyi xanım dörd-beş il idi ki, onun yolunu gözləyirdi. Gözləyirdi ki, qardaşım azadlığa çıxsın, ailə qursunlar. Amma azadlığa çıxandan üç ay sonra yenidən həbsxanaya apardılar. İndi qızın gözü yaşlı qalıb, qardaşımın yolunu gözləyir. Biz qızın ailəsinə nə deyək? Olmaz axı bu cür haqsızlıq. Vallah günahdır. Səbəbsiz yerə qardaşım içəridə yatır.
 
- İttihamlara Arazın özü nə deyir?
 
- Açığını deyim. O, məhkəməni gözləyir. Hər şeyin ədalətli olacağına inanır. Bir də onu deyim ki, əgər ona həbs qərarı versələr, o elə özünü məhkəmədə asacaq. Nə qədər  ibadət əhli olsa da, mənə dedi ki, həbs qərarı olsa, “Allah keçsin günahımdan” . Baxın, sonra deməyin ki, demədi. Araz hər şeyi qabaqcadan deyib. Həbs qərarı verilsə, həyatda olmayacaq.