"Robbenə görə Hollandiyanı sevirəm" - Xumar

"Robbenə görə Hollandiyanı sevirəm" - Xumar
2053 dəfə oxunub
  • A-
  • A
  • A+

AzNews.az futbol üzrə 20-ci dünya çempionatının gedişində maraqlı futbol bilgilərinə sahib olan tanınmış müğənni Xumar Qədimovadan müsahibə alıb.

Axşam.az həmin müsahibəni təqdim edir

-Xumar xanım, dünya çempionatı başa çatır…

-Hər dəfə çempionat başa çatanda pis oluram. İstəyirəm ki, belə böyük yarış heç olmasa iki ildən bir keçirilsin.

-Qarşıda Avropa çempionatı da var...

-Təbii ki, bilirəm, xəbərim var.

-Çempionatın hansı oyunlarını izlədiniz?

-Əksəriyyətini izlədim. Məsələn, dünən Argentinadan Hollandiyaya qalib gələcəyini gözləmirdim. Çox güclü oynadılar.

-Heyətində Messi kimi oyunçusu olan komanda niyə zəif oynamalıdır ki?

-Bundan əvvəlki oyunlarda bir az zəif oynamışdılar, xoşum gəlməmişdi. Amma dünənki gözlənilməz oldu. Əla idi, ləzzət elədi. Məndə bir xüsusiyyət var. Bir oyunçuya görə bütün komandaya azarkeşlik edirəm. Məsələn, Robbenə görə Hollandiyanı sevirəm. Dünənki oyunda Hollandiyaya görə yox, amma Robbenə görə əziyyət çəkdim.

-Bir vaxtlar Lizarazyu (1992-2004-cü illərdə Fransa millisində çıxış edib-İ.V) soyadlı fransız oyunçuya da azarkeşlik edirdiniz...

-Lizarazyuuu...(gülür).Məsələn, Lövə görə Almaniyanı sevirəm.

-Amma Yoahim Löv Almaniya yığmasının baş məşqçisidir, oyunçu deyil.

-Onun canını qoymağı, çalışqanlığı, xarizması, xarakteri çox xoşuma gəlir. O mənim üçün xarakter olaraq vacib şəxsiyyətdir. Almanların özəlliyi də nizam-intizamlı və soyuqqanlı olmaqlarıdır.

-Deyəsən artıq final oyununu proqnozunu da verirsiniz...

-Məncə finalda almanlar qalib gələcəklər. Evdəkilər Messiyə azarkeşlik edirlər. Mən də istərdim Argentina qalib gəlsin, amma Lövdən keçə bilmirəm. Argentinanın dünənki oyunundan sonra finalda şansların bərabər olduğunu düşünməyə başlamışam. Argentina mənim üçün daha istidir xalq kimi. Alman almandır.

-Adını çəkdiyiniz Löv və Lizarazyu soyadları çox qəribə səslənir. Onları sırf adlarına görə bəyənirsiniz yəqin ki...

-Qətiyyən. Lövü niyə bəyəndiyimi dedim. Lizarazyu adının da çox maraqlı səslənişi var. Bu dünya çempionatında narazı olduğum bir məqam var.

-Maraqlıdır...

-Bu, məni çox əsəbləşdirir. O gün bu barədə bacıma da dedim ki, çox istərdim Azərbaycan mediası bu fikirlərimi dünyaya çatdırsın. Məsələn, istərdim ki, keçmiş oyunçuları həmin oyunlarda azarkeş qismində görüm.

-Kimləri?

-Maradonanın oyuna baxmağını, Ronaldo, Rivaldonu, Oliver Kanı görmək istərdim. Kan üçün ölürdüm. Onlar üçün darıxıram. Oy daa, o futbolçuların oyuna baxmaqlarını təsəvvür edirəm. Ondan gözəl nə ola bilər? Təsəvvür edin ki, baxırlar, həyəcanlanırlar, ağlayırlar. O anları görmək istəyirəm.

-Braziliyanın almanlarla oyununa baxdınız?

-Hə, şok idi mənim üçün. Mən onları qısqanmağa başlamışam.

-Niyə?

-Onlar niyə elə zəifdirlər? Bir müsahibəmdə demişdim ki, Braziliya Azərbaycanla da oynasa, Braziliyaya azarkeşlik edərəm. Onları o qədər sevirəm ki, top deyəndə yadıma Braziliya düşür. Çünki onları bu oyunda qəhrəman bilirəm və qəhrəmanın qalib olmağını istəyirəm. Çempionat başlayanda demişdim ki, Braziliya Almaniya və Hollandiyadan biri qalib olacaq. Amma Argentinanın adını deməmişdim. Yekunda almanların üzərində daha çox dayanıram.

-Bəzi sənət adamları bukmeyker kontorlarına proqnozlar verirlər. Bəs siz?

-Yox, olmayıb. Onu edənlərin futboldan başı çıxırmı? Bəs sənin fikrincə, finalda kim udacaq?

-Məncə Messinin “Barselona”dakı oyuna alınsa, almanlar üçün asan olmayacaq. Çünki Almaniya millisinin müdafiəçiləri Mats Hummels, Per Mertezaker, Hövedez çox ləng və ağırdır.