“Təhminə” roluna mən çəkiləcəkdim" - müsahibə

“Təhminə” roluna mən çəkiləcəkdim" - müsahibə
3270 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mehriban Xanlarova Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Mehriban xanım, hal-hazırda teatrda vəziyyət necədir? Hansı yeniliklər var?

- İndi “Generalın son əmri” adlı yeni tamaşanın premyerasına hazırlaşırıq. Mənə də həmin tamaşada əsas rollardan biri həvalə olunub. Qızğın məşqlər gedir.

- Bir neçə müddət bundan əvvəl səs tellərinizdə ciddi problemlər yaranmışdı. Özünüzü necə hiss edirsiniz?

- Bəli, səsim tutulmuşdu. Uzun müddət danışmaqda çətinlik çəkdim. Şükürlər olsun ki, indi hər şey qaydasındadır.

- Bir zaman KİV-də sizin açıq-saçıq səhnələrlə bağlı dediyiniz fikirlər birmənalı qarşılanmamışdı. Problem nə idi?

- Heç nə... Mən başa düşə bilmirəm, məni qınayanlar oturub xarici, xüsusən də, türk seriallarında həmin səhnəyə baxırlar və bunu normal qarşılayırlar. Bizdə adi bir səhnə olan kimi hay-küy qaldırırlar.

- Vaxtilə siz də Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmində nisbətən açıq səhnəyə çəkilmisiniz. Onda da tamaşaçılar tərəfindən belə reaksiyalarla üzləşmişdiniz?

- Əslində, orada elə bir açıq səhnə yox idi. Bir az paltarımı qaldırmışdım. Onu da şişirtdilər. Müxtəlif fikirlər səsləndirdilər. Amma sonradan ara sakitləşdi.

- Bildiyimə görə, “Təhminə və Zaur” filmində Fəxrəddin Manafovun tərəf-müqabili siz olmalı idiniz. Sonra nə baş verdi? Niyə sizi yox, Meral Konratı çəkdilər?

- Bəli, “Təhminə” roluna mən çəkiləcəkdim. Təsəvvür edirsiniz, biz artıq filmin məşqlərinə başlamışdıq. Son məqamda Rasim Ocaqov məni yox, Meral Konratı çəkmək qərarına gəldi. Səbəbini özüm də bilmirəm.

- Bu barədə onun özündən heç nə soruşmadınız? Səbəbini öyrənmədiniz?

- Lüzum bilmədim. Sakitcə çıxıb getdim.

- Necə düşünürsünüz, həmin rol sizdə uğurlu alınardı?

- Əlbəttə, zənn edirəm ki, mən “Təhminə”ni Meral Konratdan yaxşı oynayardım və bu məndə ona nisbətən daha gözəl alınardı.

- Son zamanlar iddialı açıqlamalarınızla gündəmdən düşmürsünüz. Teatrın rəhbərliyindən yaman şikayətlənirsiniz. Sizi narahat edən nədir ki?

- İnanın mənə, bizim teatr “soyuq” məzara çevrilib. Aktyor və aktrisalar bir-birinə çox soyuq münasibət göstərirlər. Əvvəlki “istilik”dən əsər-əlamət qalmayıb. Bu problemin kökü də gedib bizim teatrın direktoru cənab İsrafil İsrafilova dayanır. Məhz onu gəlişindən sonra bu problemlər yaranmağa başladı. Düşünürdüm ki, onun gəlişindən sonra hər şey yaxşı olacaq, amma gözlədiyimin tam əksi oldu. Vəziyyət daha da pisləşdi.

- Mehriban Xanlarovanın karyerasında hal-hazırda rol baxımından sanki bir kasadlıq var... Razısınız?

- Sözün düzü, haradasa elə demək olar. Amma bunun da səbəbkarı teatrın rəhbərliyidir. Kim deyirsə, aktyora rol rejissorlar tərəfindən verilir, inanmayın. Bu birbaşa direktor tərəfindən təsdiqlənir. Yəni ki, yuxarıdan gəlir. Amma rollarımın az olması məni heç narahat etmir. Əvvəllər bu mənə təsir edirdi, indi isə əhəmiyyət vermirəm.

- Seriallarda da az-az görünürsünüz. Bunun səbəbi nədir bəs?

- Seriallarda da çox problemlər var. Aktyor seçimi düzgün olmur bəzən. Hər küçədən keçəni gətirib seriala çəkirlər. Belə olmaz. Buna görə də bizim kimi aktrisalar seriallarda az-az görünürlər. Bilirsiniz, mən sözümü demiş və özümü təsdiqləmiş aktrisalardanam. Mənə bundan sonra ucuz qiymətə, ya da qonorarsız çəkilib məşhur olmaq lazım deyil.