Acunun verilişinə rekord məbləğdə cəza verildi

Acunun verilişinə rekord məbləğdə cəza verildi
5781 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Radio və Televiziya Üst Qurumu tərəfindən aparıcı-prodüser, bir çox reytinqli layihələrin müəllifi Acun İlıcalının “Star”da yayımlanan “O səs çocuklar” yarışmasına görə televiziya kanalına 600 min lirə (222 min manat) məbləğində cərimə kəsilib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, “Uşaqların zehni və əxlaqi inkişafına mənfi təsir göstərməsi səbəbindən” başlıqlı cəza mətnində deyilir:

“İlkin mərhələdən keçən iştirakçılar mahnı səsləndirərək münsiflərin yaratdığı qruplara düşə bilmək üçün mübarizə aparırlar. Münsif kürsüsündə əyləşən tanınmış müğənnilərin qarşısında müxtəlif  şou göstərən uşaqların hamısı oyun oynamaq yaşındadırlar və tətil vaxtı dincəlmək əvəzinə, ailələrindən, dostlarından ayrı düşərək, yaş və psixologiyalarına yad olan atmosferdə həftə sonu keçiriləcək seçim mərhələsinə hazırlaşırlar.

Səhnəyə çıxan zaman rəftar və davranışları ilə yetkinlik yaşında olan biri kimi hərəkət edən uşaqların müvəqqəti şöhrət qazanaraq mənəvi tarazlıqları pozula və bu şanı itirdikdən sonra müxtəlif problemləri yarana bilər.

Vaxtından tez böyümə psixologiyası isə fiziki, zehni, əxlaqi və psixi inkişafın mənfi istiqamətə yönəlməsinə səbəb olar”.