Teymur Rəcəbov: “Həyat yoldaşım toyda da mənə sürpriz etdi” - fotolar

Teymur Rəcəbov: “Həyat yoldaşım toyda da mənə sürpriz etdi” - fotolar
15663 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış şahmatçı Teymur Rəcəbov xanımı Elnarə ilə birlikdə fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, cütlük “Boutique” jurnalına fotosessiya etdirməklə yanaşı, müsahibə də verib.

Söhbət zamanı T.Rəcəbov xanımı haqqında bunları deyib:

“Xırdalıqları xoşlayıram, amma əşyalar arasında tarazlığı saxlamaq çətindir. Elnarə məndən fərqli olaraq çox təşkilatçı insandır. Onun üçün hər şeydə səliqə mütləqdir. Anam da belədir”.

Karyerasından bəhs edən şahmatçı bu sahədə ona atasının dəstək olduğunu deyib:

“3-5 yaşımdan şahmat oynayıram. Bunun üstündən 23 il keçib. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.

Teymur Rəcəbov tənhalığı xoşladığını bildirib:

“ Bizim çoxlu dostlarımız var. Amma mən sakitliyi, özümlə olmağı xoşlayıram. Mənim düşüncələrim səssizliyə köklənir. Elnarədən fərqli olaraq, mən bir az mühafizəkaram. Böyük dəbdəbə mənə yaddır. Elnarə ilə toyumuza yaxınlarımız, bizi çox istəyən insanlar gəlmişdilər. Buna görə də məclis əyləncəli keçdi. Elnarə burada da mənə sürpriz etdi. Məclisin ortasında qəfildən başqa libasda və üzündə maska ilə gəldi. Bu, yenilik idi, böyük maraq və təəccüb doğurdu. Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən”.

Həyat yoldaşından danışan Elnarə isə onun həm dostu, həm də sevdiyi olduğunu bildirib:

“Teymur həm dost, həm də həyat yoldaşı olmağı bacarır. Onun məsləhətləri mənim üçün dəyərlidir. Futbol oyunundakı görüşümüzdən uzun vaxt keçdi və tale bizi birləşdirdi. Bir neçə il sonra yenidən görüşdük. Teymur özü valideynlərimin yanına gəlib, məni istədi. Daha sonra isə hər şey adətlərə uyğun oldu. Toya hazırlıq ərəfəsində hər bir amil mənim üçün önəmli idi. Toydan sonra biz Moskvaya, Yunanıstana getdik. Burada Teymur Avropa çempionatında iştirak etməli idi. Çoxları elə bilir ki şahmat darxdırıcı oyundur, amma yanılırlar. Yunanıstan səfərindən sonra heç bir oyunu buraxmıram. Mən də şahmatla maraqlanıram. Həyat yoldaşımın köməyi ilə onun dərinliklərindəki gözəlliyi dərk etməyə çalışıram”.