Könül Türkiyədə filmə çəkilir

Könül Türkiyədə filmə çəkilir
3141 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 3-də Türkiyənin İzmir şəhərində "Tərk edilmiş" dram filminin çəkilişləri başlayır.

Axşam.az-ın məlumatına görə, Türkiyənin "Post Production" şirkəti tərəfindən ekranlaşdırılan filmin rejisorru Korhan Uğur olacaq. Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir:

"Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik".

Baş rollarda azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev çəkiləcəklər. Bundan başqa, filmdə tanınmış türk aktyorları Serdar Gökhan, Lila Gürmün, Hakkı Ergök, Sema Şimşek, Erol Alpsoykan iştirak edəcəklər.
 
Layihə ilə bağlı aktrisa Könül Nağıyeva bunları deyib:

"Bu, Kamran Ağabalayevlə ikinci əməkdaşlığımızdır. Bundan öncə "Qanun naminə" filmində birlikdə çalışmışıq. Rejissor Korhan bəy məhz bu filmi izlədikdən sonra bizi dəvət etdi. İzmirdə çəkilişlər 1 ay davam edəcək. Layihənin uğur qazanacağına inanırıq. Mənim qəhrəmanım Göçmən adlı gənc suriyalı qadındır və həyatın bütün çətinliklərini görüb. Mən çalışacam ki, onun bütün yaşadıqlarını tamaşaçıya maksimal dərəcədə çatdırım".

Qeyd edək ki, "Tərk edilmiş" filminin premyerası 2015-ci ilin mart ayına planlaşdırılır. Ekran işinin həm Türkiyədə, həm də Azərbaycanda təqdimatı keçiriləcək. Premyaradan sonra film Türkiyənin 140 kinoteatrında nümayiş olunacaq.

Aktyorlarımıza uğurlar arzu edirik, çünki bu, azərbaycanlı sənətçilərin Türkiyədə bədii filmdə baş rollarda çəkildiyi ilk ekran əsəridir.

Mənbə: buro247.az