"Şortikli şəkillərimi də müzakirə edirlər, hicablı fotolarımı da"

"Şortikli şəkillərimi də müzakirə edirlər, hicablı fotolarımı da"
9484 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələr həm də insanların özünü ifadə məkanıdır desək yanılmarıq. Sıradan istifadəçidən tutmuş ölkənin, dünyanın ən populyar simasına qədər əksəriyyət gün ərzində facebookda, tvitterdə, instaqramda və s. şəbəkələrdə foto, status paylaşır. Elə tanınmış simalar da var ki, onlar sosial şəbəkədən şəxsi planda daha çox istifadə edir. Məsələn, facebookda, ya da instaqramda məşhurlardan kimsə yeni aldığı paltarı, ayaqqabını, virtual dostlarına təqdim edir, digəri getdiyi xarici ölkədən, şəhərdən fotolar paylaşır, bir başqası övladının doğum günü haqda, ya da yaxın adamlardan birinin toy günü barədə 1-2 cümləlik xəbər və şəkil yerləşdirir və s.

Bəzən də hansısa tanınmış şəxsin bir cümləsi, yaxud da maraqlı fotosu minlərlə like (bəyənmə) qazanır, medianın xəbərinə çevrilir.

Azərbaycanda da xeyli tanınmış xanım sosial şəbəkə istifadəçisi var ki, gün ərzində xeyli şəkil və status paylaşırlar. Onlardan bir neçəsi ilə “facebook çılğınlığı” barədə söhbət etdik.

Aktiv facebook istifadəçilərindən olan yazar Sevinc Çılğın “Dünya ovcumun içinə sığacaq qədər kiçikdir”-deyərək, telefonları həyatımızın ayrılmaz parçası adlandırdı:

“Heç bunlarsız həyatınızı təsəvvür edirsiniz? Dovğa bulayanda, uşağı ayağımda yırğalayanda, işıqforda qırmızı işıq yananda, tıxaclarda, işdə kompüterdə və s. facebook həyatımızın parçasıdır. Amma arada - adamlardan bezəndə deaktiv edirəm. Həmin vaxtı hətta xoş söz də bəzən qıcıqlandırır. Müəyyən problem yaşayanda, qanım qara olanda, neqativ enerjili olanda deaktiv edirəm, facebookdan uzaqlaşıram. Adamları neqativ yükləməkdən xoşum gəlmir. Daha çox özümü yaxşı hiss edəndə aktiv oluram”.

Sevinc xanımdan ən çox nə qədər facebookdan kənar qaldığını soruşuruq. Məlum olur ki, facebookun ən çılğın istifadəçilərindən olan Sevinc Çılğın indiyədək cəmi bir həftə “feysdən” kənarda qalıb, özünün dediyi kimi, deaktiv olub:

“Çox sevdiyim əmimi itirmişdim, depressiyada idim, hamı “Allah rəhmət eləsin” yazırdı. Mən isə bu sözü eşidə bilmirdim. Ona yaraşdırmırdım. Bilirdim insanlar mənə başsağlığı verir, ağır günümdə virtual da olsa yanımda olduqlarını bildirirlər, amma həzm edə bilmirdim əmim haqda bu sözləri. Üstəlik o zaman facebook hayında da deyildim. Ona görə bir həftə dondurmuşdum profilimi. Əhvalım yaxşı olanda facebook-da daha aktiv oluram. Ona görə də məni pozitiv adam kimi tanıyırlar. Həyatda da qaynayıb-qarışmağı, hay-küyü, danışmağı sevirəm. Amma ovqatım yüksək olanda! Yoxsa gözümə heç kim görünmür. Deyə bilmərəm ki facebooksuz yaşaya bilmərəm, amma onsuz da həyat darıxdırıcı olar. O gün yenə buranı bir günlük bağlamışdım. Dedim virtual adam olmaq istəmirəm. Ancaq baxdım ki, realda heç kim yoxdu. Ona görə yenidən açdım”.
 
Bu yay Sevinc xanımın paylaşdığı “şortik”li fotoların da müzakirələrə yol açdığını, bu durumun onda hansı təəssüratın yaratdığını öyrəndikdə isə bunları söylədi:

“Bu, mənim həyat tərzimdi. Gözümü açandan geyindiyim şeydi. Nə ilkəm, nə son, niyə belə müzakirə olunur anlamıram. Bilirsiniz, bəzi adamlar bekarçılıqdan bilmirlər nə edələr, nə yazalar. Hicablı şəkillər qoydum, onu da müzakirə etdilər. Ona görə də umrumda deyillər. Önəmli olan mənim rahatlığımdır. Və mənim üçün estetik olan hər şey qəbulediləndir”.

Facebookun həm müsbət, həm də mənfi tərəflərindən danışan S.Çılğın “Bura maraqlıdır” söylədi:

“Müxtəlif tip adamlar var. Hər rəngdə, hər biçimdə fikirlər, münasibətlər, maraqlı xəbərlər var. Mənim daha çox insanların müşahidələrini paylaşmaları xoşuma gəlir. Bir də yumor. Çünki gülməyi çox sevən adamam. Ona görə də dostluğumda daha çox yumor hissi güclü olan adamlar var.

Yekunda müsahibimizdən həyat yoldaşı ilə facebooka görə mübahisələrinin düşüb-düşmədiyini soruşduqda bunları dedi:

“Biz nə yazırıqsa, necə görünürüksə, nəyi necə ifadə ediriksə, o cür də yaşayırıq. Bir-birimizin azadlığını əlindən almaq üçün evlənməmişik. Amma 1-2 dəfə facebooka görə mübahisəmiz olub. O da tayım-tuşum olmayan bir-iki nəfərə cavab qaytardığıma görə. Həyat yoldaşım “Səni o adamlarla eyni səviyyədə görməkdən xoşum gəlmir”- deyib. Ona görə də indi iynənin ucu boyda neqativ saçan, illah da sancmaq üçün yazan adamları dərhal bloka atıram”.

“Ədalət” qəzetinin baş redaktoru, yazıçı İradə Tuncay da facebookda öz aktivliyi ilə seçilən xanımlardandır. Facebookla bağlı fikirlərini bizimlə bölüşən müsahibimiz sosial şəbəkələrə qeyri-ciddi yanaşmanı bəyənmədiyini bildirdi:

“Sosial şəbəkələr insanların bir-birləri ilə ünsiyyətə olan ehtiyaclarını ödəyir. Mən real həyatda o qədər ünsiyyətcil deyiləm, adamyovuşmazam. Səbəb isə öz düşüncə tərzimdə olan insanları əksər halda real həyatda tapa bilməməyimdir. Tutaq ki, hansısa bir məclisdəyəm. Toy, yas, görüş, fərq etməz. Orda ortaya bir mövzu atıb, o barədə danışmaq çox çətindir. O cür bəlli çevrələrdə kiminsə kablokunun uzunluğu daha maraqlıdır, nəinki sənin tarixə dair hansısa fikrin. Amma facebookda bu cür insanları bir arada görmək olur. Tutaq ki, mən bir hay verirəm, Amerikadan cavab gəlir. Bu cür insanları realda bir araya toplamaq da çətindir”.

İ.Tuncay deyir ki, onun üçün facebookun ikinci özəlliyi də var:

“Mən toplum içərisində olmağı, səs-küylü yerləri çox da sevmirəm. Heç bir çox iclaslara da getmirəm. Bu halda mən nə etməliyəm? Facebookda oluram. Düzünü desəm, ilkin olaraq facebooka qatılanda, bunları fikirləşmirdim, damarını tuta bilməmişdim. Əsasən qəzetlə bağlı işlərimi həll edirdim. Amma sonradan daha maraqlı olduğunu gördüm. Həqiqətən insanın özü kimi düşünən insanların varlığına, birliyinə ehtiyacı var”.

Tez-tez fotolar paylaşması ilə seçilən İ.Tuncaydan bununla bağlı fikir soruşduqda isə belə cavab verdi:

“Bu ki, kriminal deyil... Əgər foto paylaşmaq birinci mənə, ikinci də izləyən adamlara xoşdursa burda qəbahət yoxdur. Amma bəzən paylaşdığı foto ilə bağlı acı söz yazıb, incidənlər də olur. İnsan cəmiyyətidir, realda da olur, virtualda da. Sadəcə facebookun bir böyük mənfi xüsusiyyəti var. O da çox vaxt almağıdır. İstər-istəməz sənə müraciət edən insanları cavablandırmalısan. Cavab verməyəndə deyirlər ki, “özündən razısan, göylə gedirsən”. Amma mən təklif edirəm ki, kimin mətbuatla, ədəbiyyatla, ya ümumən, bilmədiyi bir şey varsa, soruşsun, cavab verim. Ümumiyyətlə İradə Tuncay olaraq burdakı ən vacib rolum maarifçilikdir”.

musavat.com