Aqil M.Quliyevdən əmisinə ittihamlar

Aqil M.Quliyevdən əmisinə ittihamlar
1764 dəfə oxunub
  • A-
  • A
  • A+

“Onunla əmi-qardaşoğlu münasibətlərimiz alınmadı”.

Daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevi məhkəməyə verməsi xəbəri xeyli müzakirələrə səbəb olub. Maraqlıdır E.Quliyevin qardaşı oğlu tanınmış rejissor Aqil M.Quliyev əmisini bu durumda müdafiə edəcəkmi?

“Bizim ailələr arasında elə vəziyyət olub ki, uşaqlıqdan onunla münasibətim yoxdur” - deyən, A.M.Quliyev özünün siyasi baxımdan bitərəf mövqedə olduğunu söylədi.

Axşam.az-ın musavat.com-a istinadən məlumatına görə, heç bir partiyaya mənsubluğunun olmadığını vurğulayan rejissor bütün münaqişələrdən maksimum kənar qalmaq niyyətində olduğunu dedi:
 
“Bu, Eldənizin şəxsi işidir. Zənnimcə insan etdiyi hərəkətlərə, dediyi sözlərə görə özü məsuliyyət daşıyır. Bizim ailədə heç bir ünsiyyət yoxdur. Anam arada bir onun həyat yoldaşı Xalidə xanımla danışır. Əvvəllər ara-sıra görüşürdük. Amma atam rəhmətə gedəndən sonra, son 10 ildə heç bir əlaqəmiz yoxdur. Eldəniz Quliyev özünə, Aqil M.Quliyev də özünə görə bir kişidir”.

Aqil bəy özü həbs olunan ərəfədə əmisi E.Quliyev onu müdafiə etmişdi. Ona bunu  xatırlatdıqda rejissorun cavabı belə oldu:

“Mənim işim vaxtı Eldəniz Rüstəm İbrahimbəyovla bir blokda təmsil olunurdu. Hansısa siyasi rənglər verib məni müdafiə etmişdilər. Onun mənə canı yanan olsa idi qapımı döyərdi. Özü olmasa da qohum-əqrəbadan kimsə. Düzdü, Eldəniz öz sözünü deyən, qorxmaz insandı. Amma əmi-qardaşoğlu kimi bizim münasibətlər alınmadı”.

Xatırladaq ki, R.Usubov iddiasında E.Quliyevin Cinayət Məcəlləsinin 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Buna səbəb isə Eldəniz Quliyevin mətbuatda bəzi yol polisi əməkdaşları haqda tənqidi fikirlər yazması olub.