Xalq artistinin yasından reportaj

Xalq artistinin yasından reportaj
3666 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün dünyasını dəyişən xalq artisti Eldar Axundovun 3 mərasimi keçirilib. Mərasimə mərhumun yaxın qohumları, dostları tanışları iştirak edirdi. Amma...

Amma gəlməyənlər də çox idi. Bu barədə sonra.
 
E. Axundov 1949-cu il martın 15-də Lənkəranda dünyaya gəlib. Axundovlar ailəsi Lənkəranda tanınmış nəsildəndir. Babası Məhəmməd kişi Lənkəran qazısı olub. Sovet hakimiyyəti qurulana qədər. Şura hökuməti qurulduqdan sonra onun bütün əlyazmaları məhv edilir. E. Axundov uzun müddət Azərbaycan Televiziyasının, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi.
 
Sən demə, hələ uşaq olanda yaxın qohumu olan bəstəkar Oqtay Kazımlı onun səsini bəyənir. Daha sonra isə E. Axundovu Rəşid Behbudovla tanış edir. Bu barədə mərhumun bacısı Gülzar Axundova danışacaq.
 
- Ailədə on uşaq olmuşuq. Mən uşaq olardım, Rəşid Behbudov öz ansamblı ilə bizim evdə qonaq idi. Bir yerdə konsertlərə gedərdilər. Qardaşımın sənətinə SSRİ-nin xalq artisti Rəşid Behbudov qiymət verib. Rəşidə Rəşid Bakıda deyil. Yoxsa, bu gün burda, yasda olardı. Uzaqda olsa da, yoldaşı da ailəmizə baş sağlığı göndərib. Duet ortaqları olub. Hardadılar bəs? Bəlkə də hələ xəbərləri yoxdur? Amma telekanallar dedi, qəzetlər yazdı. İnanmıram ki, xəbərsiz olalar.
 
Yasa gələnləri qarşılayıb-yola salan Natella xanım da bizə yaxınlaşır.
 
- Dedilər bir dəqiqənin içində vəfat edib. Polislər xəstəxanaya gətiriblər. Morqa gəldim. İnana bilmirdim. Qohumlara zəng edirdim. Kişilər gəlməliydi. Mən qadın xeylağı morqda tək qalmışdım. Qəfil oldu. Həmin an məndən soruşsaydılar ki, neçə yaşın var. İnan, ona da cavab verə bilməzdim. Özümdə deyildim.
 
Deyir, Eldar Axundov 3 dəfə ürəyindən əməliyyat keçirib. İlk ürək əməliyyatı 10 il əvvəl Türkiyədə olub. Mərhum prezident Heydər Əliyevin dəstəyi ilə. İkinci əməliyyata isə onu prezident İlham Əliyev göndərib. Sonuncu əməliyyatı ötən il keçirib. Müalicələrinə davam etdirən xalq artisti ömrünün son illərini sakit keçirmək qərarına gəlir. Xanımdan ayrılırlar. Lakin bu ayrılıq digərlərindən fərqlənir. Daim bir yerdə, bir məclisdə olurlar. Çünki onları birləşdirən övladları Emil, onun həyat yoldaşı Alyona və balaca Məryəm var. Natella xanım həyat yoldaşı haqqında ağız dolusu danışır.
 
- Çox hörmətli adamıydı. Rəşid Behbudov onun səsini yaman sevərdi. Birgə qastrollara gedərdilər. Dünyanın elə bir ölkəsi yoxdur ki, Eldar orda Azərbaycanı təbliğ etməmiş ola. Elə ölkələrdə Azərbaycan haqqında mahnılar oxuyub ki... Eldar 40 ildən çox Azərbaycana xidmət edib.

Elə bir sənətkar idi ki, toylara getməzdi. Daim səhnədə, televiziyada işləyib. Kimsə deyə bilməz ki, Eldar hansısa toydan bir qəpik qazanıb. Çox təvazökar adamıydı. Sadə yaşamağı sevərdi. Və belə laqeyd münasibət. İndi neyləyək? Çıxaq meydana qışqıraq? Yox, bizə kimsənin köməyi lazım deyil. Onu sevənlər burdadırlar.
 
“Yaşar Nuriyev uzun müddət xəstə yatdı. Hamı xəbər tutdu ki, o xəstədir. Amma Eldar qəfil öldü. Eldar Axundov qəfil öldüyündən qohumlar, dostlar hələ də xəbərsizdir”, deyən Natella Axundova gözləyirmiş ki, sevimli ərini, xalq artistini Fəxri Xiyabanda dəfn edəcəklər.
 
- Amma etmədilər. Mənim heç bir etirazım yoxdur. Ailəmizin maddi vəziyyəti yaxşıdı. Eldarın böyük ailəsi, sevənləri var. Bibiheybət qəbiristanlığında dəfn etdik, xərcləri ödədik. Ona yaxşı qəbirüstü abidə də qoyacağıq.
 
Bu yerdə xalq artistinin bacısı Gülzar Axundova etiraz edir.
 
- Bizə çox pis təsir elədi ki, belə bir sənətkarı qiymətləndirmədirlər. Gəlib maraqlanan olmadı. Bir baş sağlığı belə vermədilər. Belə bir sənətkara dövlət özü qiymət verməlidir. Söhbət diqqətdən gedir. O diqqəti görmədik. Televizorda elə adamları tərifləyirlər ki, heç ömrümüzdə görməmişik.
 
Orkestrin bədii rəhbəri Yusif Axundzadəyə zəng elədik, kömək edə bilmədi. Başa düşürük ki, o nəsə edə bilmir. Ən azından kiməsə xahiş edə bilərdi. Axı Eldar onun işçisiydi.
 
“Onun ölümü incəsənət aləminə böyük itkidir. Eldar çox gözəl dost, yoldaşıydı. Onun tərbiyəsi, onun əxlaqı barəsində Eldarın ailəsindən çox danışa bilərəm. Çünki iyirmi ildən çoxdur onunla bir yerdə işlədik. Müdafiə nazirliyində. Hərbçi olmaq nizam-intizam tələb edir. Bütün hərbçilərdə “nemes” dəqiqliyi var. Eldar haqqında günlərlə danışmaq olar”, deyir və qəhər boğur.
 
Sözünə davam edə bilmir xalq artisti, mərhumun sənət yoldaşı Zümrüd Məmmədova. Mərasimdə iştirak etməyən E. Axundovun digər sənət dostlarının hamısının gəlməyini istəyir. Eldar Axundovun heç bir məclisdən geri qalmadığını əlavə edir.
  
3 mərasimi davam edir...

lent.az