"Toylarda müğənnilərə elə hörmətsizlik edirlər ki..." - İlhamə

"Toylarda müğənnilərə elə hörmətsizlik edirlər ki..." - İlhamə
3207 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- İlhamə xanım, uzun müddətdi ki, gündəmə deyildiniz. Bu zaman kəsiyində nə ilə məşğul olurdunuz? Konkret desək, haralarda idiniz?

- Siz bilirsiniz ki, mən dünya səviyyəli bir mahnı şirkəti ilə üç illik müqavilə imzalamışdım. Həmin müqavilənin şərtlərinə əsasən, qonorar müqabilində heç bir tədbirdə, toyda, şou-proqramda və s. çıxış edə bilməzdim. Ona görə də gözdən uzaq düşmüşdüm. İşlərimlə əlaqədar olaraq tez-tez Almaniyaya gedib-gəlirdim.

- Üç il az zaman deyil. Bunu sizin karyeranıza “itirilmiş vaxt” kimi yazmaq olar?

- Əslində, bura baxımından itirilmiş zamandır. Amma bu üç il ərzində əldə etdiklərim də az olmadı. Ən azından, tarixə düşəcək üç klip çəkdirdim. Yüksək səviyyəli mahnılar yazdırdım. Bütün bunları mənim aktivimə yazmaq olar. Geriyə dönüb baxanda, az da olsa, nəsə etdiyimi görüb özümlə qürur duyuram.

- Artıq bir müddətdir ki, Bakıdasınız. Üç il müddətində şou-biznesimizdə çox dəyişikliklər, yeniliklər oldu. Gedən getdi, qalan qaldı. Hətta soyunmaqla gündəmə gələn, tam əksinə - səsi olduğu təqdirdə pulu olmadığı üçün gündəmdən düşənlər də az olmadı. Şou-biznesdəki hal-hazırkı vəziyyətə alışa bilmisiniz?

- Razıyam, dəyişikliklər var. Kim soyunub, kim gedib, kim gəlib və s. - bu barədə fikir bildirə bilmərəm (gülür). Amma öyrəşməyə cəhd edirəm.

- Bəs toylara necə, əvvəlki kimi dəvət alırsınız?

- Sözün düzü, bizdə “toy bazar”ı bir az fərqlidir. Xalqın damarını tutmaq lazımdır. Buna görə də özümə yeni repertuar hazırlamağım mütləqdir. Amma buna baxmayaraq, tədbirlərə, məclislərə dəvət alıram. Bir də onu vurğulamaq istəyirəm ki, toylarımızın çoxunda çıxış edən müğənnilərə qarşı münasibət birmənalı olmur. Bir də görürsən, elə hörmətsizlik edirlər ki, adam özünə ümumiyyətlə toylarda oxumağı qadağan etmək istəyir. Hətta elə olub ki, mikrofonu qoyub məclisi yarımçıq tərk etmişəm. Maraqlı burasıdır ki, bu halların çoxu məhz “pulsuz” toylarda baş verir. Kiməsə görə hörmət edib gedirsən, hörmətsizlik görürsən. Ona görə də bundan sonra “pulsuz” toylara getməyəcəyimə dair özümə söz vermişəm.

- Avropa şou-biznesi ilə bizimki arasında hansı fərqləri sezə bildiniz?

- Avropada müğənniyə, mahnıya yanaşma tərzi tamam başqa cürdür. Onlar hər bir şeyə dəqiqliklə diqqət və önəm verirlər. Ona görə də musiqi sahəsindəki bütün işləri keyfiyyət və səviyyə baxımından yüksək olur.

- Deyəsən, siz də o ab-havaya düşmüşdünüz. Almaniyada çəkdirdiyiniz bir klipdə açıq-saçıq sayıla biləcək geyimdən istifadə etmişdiniz...

- Bizim mentalitet baxımından açıq-saçıq sayıla bilər. Ancaq orada avropalılar mənə gülürdülər. Sizin nəzərdə tutduğunuz geyimə onlar qapalı kimi baxırdılar. Yaxşı ki, həmin ərəfədə bir az kilo almışdım. Şirkət rəhbərləri ona görə mənim daha da açıq geyimdən istifadə etməyimə icazə vermədilər. Tam formada olsa idim, daha da açıq-saçıq geyinməyimi tələb edəcəkdilər.

- Gəlin razılaşaq ki, siz Almaniyaya getməmişdən əvvəl də istər səhnədə, istərsə də gündəlik geyindiyiniz qısa ətəklərlə diqqət mərkəzinə düşən müğənnilərdən idiniz. İndi də elə geyinirsiniz?

- Düzdür, mən həmişə qısa ətəklərdən istifadə etmişəm, indi də edirəm. Bədən quruluşumun buna imkan verdiyi qənaətindəyəm. Amma maraqlıdır ki, mən heç vaxt nəzər dairəsinə düşməmişəm. Heç kimin mənə pis nəzərlə baxdığını hiss eləməmişəm.

- Ola bilər ki, siz hiss eləməmisiniz. Amma baxanlar olub. Cazibədarlığınızdan ağızdolusu danışanlar da az olmayıb...

- Olubsa, lap yaxşı (gülür). Bir qadın üçün baxımlı olmaq və gözəl görünmək başlıca amildir.

- Ümumiyyətlə, sizin fikrinizcə, qadın kim üçün bəzənməlidir?

- Bu suala subyektiv olaraq cavab vermək istəyirəm. Əgər mən mütəmadi olaraq səhnəyə çıxan bir müğənniyəmsə, hamı üçün bəzənməliyəm.

- Siz “Yeni ulduz” mahnı müsabiqəsindən sonra ailə qurdunuz, səhv eləmirəmsə. Artıq neçə ildir ki, ailəli olmağınıza baxmayaraq, hələ də çoxları sizi subay bilirlər. Övladınız yoxdur?

- Bəli, beş ildən çoxdur ki, ailəliyəm, ancaq övladım yoxdur.

- Bir zamanlar "İlhaməyə də "Gelandewagen" aldılar" kimi söz-söhbətlər yayılmışdı. Ümumiyyətlə, siz “Yeni ulduz”dan çıxandan sonra sponsorlardan təkliflər aldınızmı?

- Əvvəla, onu deyim ki, avtomobili mənə həyat yoldaşım alıb. O ki qaldı sponsor məsələsinə, etiraf edim ki, təkliflər çox olub. Amma bütün təkliflərin arxasında şəxsi maraqlar dayandığı üçün hamısından birmənalı şəkildə imtina etmişəm.

- Sizinlə eyni yarışda iştirak edən iştirakçıların çox az bir qismi üzə çıxmağı bacardı. Bəziləri daha oxumadı, bəziləri qürbətə getdi, bəziləri isə dünyasını dəyişdi. Bəs siz ayaqda durub populyarlıq qazanmağa necə nail oldunuz?

- Uşaqlıqdan oxusam da, müğənni olmaq iddiasında deyildim. Müxtəlif yerlərdə çalışmışam. Ancaq rəhmətlik bibimin təkidi ilə müsabiqəyə qatıldım. Mübariz müəllim məni görən kimi səsimi bəyəndi və məni əsas iştirakçıların siyahısına daxil etdi. Beləliklə də səhnə fəaliyyətinə başladım. Müsabiqədən sonra efirlərə, toylara dəvətlər almağa başladım. Yavaş-yavaş məşhurlaşmağa başladım. Fürsətdən istifadə edib, mənə dəstək olan insanların hər birinə öz minnətdarlığımı bildirirəm.