"Bu, əhəmiyyətli hadisə olacaq" - Nərgiz Paşayeva

"Bu, əhəmiyyətli hadisə olacaq" - Nərgiz Paşayeva
1851 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 17-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Kimya fakültəsinin nümayəndə heyəti universitetin Bakı filialına gəlib.
 
Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, nümayəndə heyətinə fakültənin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki Valeri Vasilyeviç Lunin rəhbərlik edir.

Səfərdə məqsəd 2015-ci ildə MDU-nun Bakı filialının bazasında keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasına hazırlığı müzakirə etməkdir.

Görüş zamanı filialın rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva qeyd edib:
 
"Gələn ilin yayında Bakıda mühüm hadisə baş verəcəyini desəm, səhv etmərəm. Bu hadisə elm və təhsillə bağlıdır. Bu, məktəblilərin Beynəlxalq Kimya Olimpiadasıdır. İlk dəfə olaraq bu möhtəşəm tədbir Azərbaycanda, Bakıda, bizim universitetimizin bazasında keçiriləcək. Onu da qeyd etmək istərdim ki, bu ilin yayında Hanoyda 46-cı Olimpiada keçirildi və Olimpiadanın bayrağını bizə ötürdülər. Olimpiadanın bayrağı hazırda ehtiyatla bizim universitetimizdə saxlanılır. Bu tədbir sözün əsl mənasında əhəmiyyətli hadisə olacaq, çünki bu tədbirdə 80 ölkədən 250-yə yaxın şagird iştirak edəcək. Bununla yanaşı, buraya 250-dən artıq alim, kimyaçı-mütəxəssis və pedaqoq gələcək".

Onun sözlərinə görə, Olimpiadanın keçirilməsində əsas məqsəd kimya elminə olan marağı artırmaqdır və bu maraq həm elmi dairələrdə, həm də təhsil proqramları çərçivəsində artmalıdır.
Nərgiz Paşayeva qeyd edib ki, tədbir beynəlxalq xarakter daşıyır, müxtəlif ölkələrin müəllim və şagirdlərini bir araya gətirir:
 
"Bugünkü təzadlı dünyada elm və mədəniyyət mübahisələrin konstruktiv xarakter daşıdığı sferalardır, çünki onlar son dərəcə elmidir və ziddiyyətlərin həllinə açar ola bilərlər".

Professor Nərgiz Paşayeva vurğulayıb ki, bugünkü şagirdlər bu Olimpiadanın timsalında sivilizasiyaların həyatı, gələcəyi və Azərbaycanın gələcəyi üçün kimyanın necə böyük rol oynadığını anlayacaqlar.

Nərgiz Paşayeva əmin olduğunu bildirib ki, bu Olimpiadanın keçirilməsinə kömək edən təşkilatlar universitetə bütün zəruri dəstəyi göstərəcəklər:
 
"Bu tədbirin yüksək səviyyədə və böyük uğurla keçirilməsi Azərbaycanın nüfuzuna dəstəkdir".
MDU-nun Kimya fakültəsinin dekanı, akademik V.V.Lunin qeyd edib ki, ilk dəfə Azərbaycanda məktəblilər arasında keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadası ölkənin, beynəlxalq ümumdünya olimpiadalarının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tarixində mühüm hadisədir.

Akademik Təşkilat Komitəsinin sədri professor Nərgiz Paşayevanın olduğu Olimpiadanın uğurla keçəcəyinə əminliyini bildirib:

"Fikrimcə, Sizin kimi çox gözəl sədrin olduğu Olimpiada layiqincə keçiriləcək, biz isə hər cür dəstəyi və köməyi göstərəcəyik. Düşünürəm ki, bu, Moskva Dövlət Universitetinin Bakı filialının tarixində şanlı səhifə olacaq".

Onun sözlərinə görə, Olimpiadanın keçirilməsi bütün dünyadan olan iştirakçılara Azərbaycan haqqında böyük həcmdə müsbət informasiya çatdırmağa imkan verəcək:

"Bu Olimpiada bir çox səbəblərdən Azərbaycan üçün xüsusi önəm daşıyır. Əminəm ki, tədbir Azərbaycanın təhsilinin, elminin və iqtisadiyyatının inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək".

Məktəblilərin Beynəlxalq Kimya Olimpiadası milli kimya olimpiadalarının qalibi olmuş orta məktəb şagirdləri üçün hər il keçirilən əhəmiyyətli tədbirdir. Olimpiadada 80-dən çox ölkədən, o cümlədən Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Çexiya, ABŞ, Kanada, Yaponiya, Çin və digər ölkələrdən komandalar iştirak edəcəklər.

Müxtəlif ölkələrin rəhbərləri bu əhəmiyyətli tədbirin keçirilməsinə dəstək və maraq göstərirlər. MDU-nun Bakı filialında Olimpiadanın keçirilməsi barədə qərar 2012-ci ilin iyulunda Vaşinqtonda Beynəlxalq Kimya Olimpiadasının İdarəetmə Komitəsi tərəfindən qəbul edilib. Qeyd edək ki, Azərbaycan MDB dövlətləri arasında Rusiyadan sonra Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının keçirilməsi hüququnu əldə edən ikinci ölkədir. Bu qərar MDU-nun Bakı filialının nüfuzunu və xidmətlərinin beynəlxalq səviyyədə tanınmasını təsdiq edir.

Beynəlxalq Kimya Olimpiadası Komitəsinin tələblərinə uyğun olaraq, Azərbaycanda MDU-nun Bakı filialının rəhbəri professor Nərgiz Paşayevanın sədrliyi ilə 47-ci Olimpiadanın Təşkilat Komitəsi yaradılıb. Hazırda komitə tərəfindən böyük işlər görülüb: Olimpiadanın "Katalayzer" qəzetinin ilk nömrəsi, Olimpiada iştirakçıları üçün tələblərin ilkin proqramı hazırlanıb, Olimpiadanın saytı yaradılıb (http://icho2015.msu.az/).

Səfər çərçivəsində kimya fakültəsinin dekanı V.Lunin və filialın rektoru Nərgiz Paşayeva Bakı filialının Kimya fakültəsinin birinci kurs tələbələri ilə görüşüblər. V.Lunin tələbələri bu ali məktəbə daxil olmaları münasibətilə təbrik edib.

Dekan tələbələrə müraciətlə deyib:
 
"Azərbaycanda neft-kimya, neft emalı, sənaye sahələrində böyük ənənələr var. Kimya respublikanın təhsil və iqtisadiyyatında əsas birləşdirici halqadır, buna görə də sizə böyük ümidlər var".

Hazırda MDU-nun Bakı filialı Azərbaycanda kimya təhsilinin mərkəzlərindən biridir. Filial kimya elminin və istehsalın müxtəlif sahələrində mütəxəssislər hazırlayır.

Filialın Kimya fakültəsi tələbələrin kimya sahəsində bilik və bacarıqlarının inkişafı üçün müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif laboratoriyalar daxil olmaqla, lazımi şəraitə malikdir.
Fakültənin məzunları həm dövlət, həm də özəl şirkətlərdə çalışırlar.