İlham Əliyev və xanımı Gəncəyə səfər ediblər

İlham Əliyev və xanımı Gəncəyə səfər ediblər
2863 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxıblar.

Məlumat verilib ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib. Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir.

Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar.

Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlətimizin başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.

“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

Dövlətimizin başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxıb.

Sonra Prezident İlham Əliyev zavodun təməlini qoy.ub

Bildirilib ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxıblar. Bildirilib ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.

Dövlətimizin başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.

Dövlətimizin başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.