Türkiyədə "Ən yaxşı aktrisa" seçilən Nəzrin Cavadzadə kimdir? - video+fotolar

Türkiyədə "Ən yaxşı aktrisa" seçilən Nəzrin Cavadzadə kimdir? - video+fotolar
5989 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, əslən Azərbaycandan olan aktrisa Nəzrin Cavadzadə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” ödülünü alıb.

Axşam.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, Nəzrin Cavadzadə “Altın portağal”ı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə alıb. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.

Nəzrin Cavadzadə 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.

Onu da qeyd edək ki, aktrisa Azərbaycan urologiya elminin əsasını qoyan Mirməmməd Cavadzadənin oğul xətti ilə nəvəsidir.

O, Azərbaycanın tanınmış jurnalistlərindən birinin yaxın qohumudur.

Orta məktəbi İstanbulda başa vuran N.Cavadzadə ali təhsilini Marmara Universitetinin Kino və Televiziya fakültəsində alıb.

Daha sonra 2 il Şahika Tekand aktyorluq studiyasında aktyorluq sənətin sirlərini öyrənib.

Aktrisanın kino həyatındakı böyük uğurları rejissor Cemal Şanın “Dilbərin səkkiz günü” filmi ilə başlayıb. Filmdəki “Dilbər” roluna görə, Nəzrin Cavadzadə Ankara Film Festivalında “Ən yaxşı qadın oyunçu” ödülünə sahib olub.

Bu filmdəki uğurlu performansından sonra Nəzrin film karyerasında ard-arda xeyli uğura imza atıb, “Yersiz-yurdsuz”, “Bir ticarət hekayəsi”, “Getmək: Mənim Marlon Brandom”, “Gözəl Günlər Görəcəyik”, “Al yazmalım”, “Ağır roman”, “Yeni dünya” film və seriallarında aparıcı rolları canlandırıb. Nəzrin Cavadzadə Azərbaycan seyrçisinə Türkiyədə 2 sezondur reytinq cədvəllərinə öncüllük edən “Kiçik ağa” filmindəki “Başak” rolu ilə də tanışdır.

“Quzu” filminə görə aldığı ödül Nəzrin Cavadzadənin ikinci “Altın Portağal”ıdır. 2011-ci ildə aktrisa “Gözəl günlər görəcəyik” filmindəki “Anna” roluna görə, “Ən yaxşı yardımçı qadın oyunçu” nominasiyası üzrə “Altın portağal” alıb.