Qalmaqallı “Kimdir nömrə 1?” başladı – fotolar

Qalmaqallı “Kimdir nömrə 1?” başladı – fotolar
4376 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin yeni layihəsi “Kimdir nömrə 1?” ötən gün yayıma başlayıb.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Cavid Gülün etdiyi verilişin ekspertləri aparıcı Afaq Gəncəli və prodüser Tolik olub. 19 müğənninin qatıldığı yarışmada qalmaqallı anlar yaşanıb.

İfaçılar bir-birinin ünvanına xoşagəlməz sözlər səsləndiriblər.

Müğənni Elvin Abdullayevin “Təəssüfləndim ki, Aysel (müğənni Aysel Əlizadə - red.) kimi ifaçılar buradadır” sözləri qarşı tərəfi özündən çıxarıb. A.Əlizadə Elvinə “Mənim iki diplomum var. Daha çox danışa bilərəm. O deyə bilər ki, Aysel zəifdir. Buna normal yanaşıram. Amma bu layihədə nəyə görə varam söyləməsinə əsəbləşdim. Mən burada mən olduğum üçün iştirak edirəm”, - deyə cavab verib.

Sonda püşkatma nəticəsində duelə çıxacaq iki ifaçının adı bəlli olub. Gələn həftə baş tutacaq canlı yayımda Vüqar Muradov və Elvin Abdullayev yarışacaq. Ən az səs toplayan ifaçı yarışmanı tərk edəcək.

Qeyd edək ki, “Kimdir nömrə 1?” müsabiqəsinin iştirakçıları arasında müğənnilər Günay İbrahimli, Gülay Zeynalova, Yaşar Cəlilov, Çingiz Mustafayev, Emil Bədəlov, Yaşar Yusub, Elçin Hüseynov, Aysel Əlizadə, Elvin Abdullayev, Lalə-Nurkan cütlüyü və başqaları yer alıb.

Veriliş hər həftənin çərşənbə axşamı saat 22:00-da yayımlanacaq.

Yarışmanın qalibinə avtomobil veriləcək.