Tural Bayraməliyevin yeni şeirlər kitabı hazırlanır

Tural Bayraməliyevin yeni şeirlər kitabı hazırlanır
1066 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar-şair, Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin növbəti şeirlər kitabı çapa hazırlanır.

Axşam.az-ın məlumatına görə, şeirlər toplusu “Sevgi dünyası” adlandırılıb.

Müəllif kitabını 2015-ci ilin ilk həftəsində işıq üzü görəcəyini deyib:

“5 ildir ikinci kitabım üzərində çalışıram. “Sevgi dünyası” adlandırdığım kitabın əsasını Vətən, sevgi mövzusu təşkil edir. Hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək. İlk kitabım 2008-ci ildə çapdan çıxıb".

T.Bayraməliyev “Nəğmələr kitabı” adı ilə öncə Gürcüstanda, daha sonra ölkəmizdə təqdimatı keçirilən toplunu ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyini bildirib:

“Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq özümə borc bilmişəm. Bu silsiləni bu dəfə mahnı şəklində davam etdirəcəm. Heydər Əliyevin 85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan “Xalqımızın qəlbindəsən” adlı kompozisiya həsr etmişdim. Xalq artisti Nisə Qasımovanın ifasında səsləndirildi. Dekabrın 12-si Heydər Əliyevin anım gününə daha bir kompozisiya ithaf ediləcək. Hazırda bunun üzərində çalışırıq. “Ulu Öndər” adlandırdığımız bu nəğmənin sözləri Həsən Şirinova, musiqisi mənə məxsusdur. Musiqili əsəri əməkdar artist Almaz Ələsgərli səsləndirəcək”.