İlyas Əfəndiyevin 100 illik yubiley gecəsi keçirilib - fotolar

İlyas Əfəndiyevin 100 illik yubiley gecəsi keçirilib - fotolar
1179 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubiley gecəsi keçirilib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Əli Əhmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və başqaları iştirak edib.  Tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ədibin həyat və yaradıcılığını əhatə edən foto və kitab sərgisi ilə tanış olublar.
 
Yazıçının oğlu, baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, prezident İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayandan sonra Azərbaycanda bununla bağlı geniş tədbirlər keçirilib:

"Onun yubileyi respublikanın sərhədlərindən kənarda da qeyd olunub. Bir neçə gün sonra “TÜRKSOY” Ankarada İlyas Əfəndiyevin 100 illiyini qeyd edəcək. Məndə belə bir təəssürat var ki, bundan sonra İlyas Əfəndiyevin ikinci ömrü başlayır".
 
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında xidmətləri olan yazıçının ömür yolundan və yaradıcılığından söz açıb:

"Onun əsərləri bu gün də aktualdır. Elə bir Azərbaycan teatrı yoxdur ki, onun səhnəsində İlyas Əfəndiyevin əsərləri oynanılmasın. Bu gün də Azərbaycan teatrı İlyas Əfəndiyevin əsərləri ilə nəfəs alır."
 
Mərasim İ. Əfəndiyevin əsərləri əsasında hazırlanmış ədəbi-bədii, musiqili proqramla davam etdirilib.