"Səhərdən axşamadək üzümə maska edirəm, özümə baxıram" - müsahibə+fotolar

"Səhərdən axşamadək üzümə maska edirəm, özümə baxıram" - müsahibə+fotolar
3885 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Suğra Bağırzadənin Axşam.az saytına müsahibəsi.

- Suğra xanım, son vaxtlar sizi az görürük. Bu nə ilə əlaqədardır?

- Bir müddət öncə “Floristika” İncəsənətə Dəstək İctimai Birliyi adlı təşkilat açdım. Yay mövsümündə yalnız floristika ilə məşğul olmuşam. 12 tələbəm var idi, onları hazırlaşdırırdım. Avqustun 28-də tələbələrimin yaradıcılıq, mənim isə fərdi sərgim oldu. İki sərgini birləşdirib Rəssamlar İttifaqında tədbir keçirdim. İstəyirdim ki, tələbələrimin əsərləri də səviyyəcə mənimkilərə yaxın olsun. Üç ay ərzində peşəkar florist kimi çalışdılar. Onlara sertifikat da verdim. Sentyabrın 11-də isə Xorvatiyada Ümumdünya Floristlər Şurasının 31-ci sammitinə qatıldım. Oraya iki əsərimi aparmışdım. 27 ölkədən ən tanınmış floristlər məhz bu sammitdə iştirak edirdilər. Canlı güllərdən əsərlər yaradırdılar. Mənim əsərlərim çox bəyənildi. Xaricə gedəndə mütləq Azərbaycanda bitən güllərdən hazırladığım əsərləri aparıram. Bütüm bunlarla bağlı bir qədər mediadan kənar qaldım.

- Deyəsən, aktrisalıq fəaliyyətinizə də fasilə vermisiniz...

- Bəli. Çünki mənə uyğun ssenari yoxdur. Bu gün Azərbaycan filmlərində qadın obrazları çox deyil. Yaşlı qadın obrazları isə ümumiyyətlə azdır. Ssenarilər gəlir, amma ürəyimcə olmur. Bəzilərində isə rejissorla ortaq məxrəcə gələ bilmirik. Darıxıram, çox istəyirəm filmə çəkilim. Ümumiyyətlə, bütün aktyorlar kino üçün darıxırlar. Bir dəfə rol aldıqdan sonra bu işə etinasız qala bilmirsən. Onu da deyim ki, rəsm əsərlərim vaxtımın çox hissəsini aparır. Həcmindən asılı olmayaraq, hər əsərə iki il vaxt sərf edirəm. Bu əsərlərin hər biri mənim övladlarımdır. Hərdən elə olur ki, 4 il vaxtımı sərf edirəm. İş nə qədər xırda olursa, vaxt da bir o qədər uzanır.

- Bir əsəri hazırlamazdan əvvəl onun eskizini çəkirsiniz, yoxsa beyninizin təxəyyülü olur?

- Əsəri beynimdə formalaşdırıram. Mənim materialım canlı güllər, ağaclar, budaqlardır. Hərdən olur ki, ideya sənin fikirləşdiyindən tamam başqa səmtə yönəlir. Hansı ölkəyə gedirəmsə, oradan diqqətimi çəkən gül, ağac gətirirəm. Sinqapurdan çox qeyri-adi ağacın meyvələrini gətirib qurutmuşdum. Malaziyadan otlar gətirmişdim. Onları canlı güllərlə birləşdirir, kompozisiya yaradıram.

- Əsərlərinizi satışa çıxarırsınız?

- Sərgi zamanı kimsə maraqlanırsa, danışıq aparırıq. Həmçinin internetdə saytım var. Orada bütün məlumatlar yer alır. Bununla belə, çox az satılır.

- Əlavə qazanc yeriniz var?

- Xeyr. Yalnız bu bizneslə məşğulam. Bu işdə isə öncədən sifariş qəbul etmək mümkün olmur. Çünki bir əsərin hazırlanma müddəti 2 il çəkir. Sifarişçi bu vaxt ərzində oturub gözləyəsi deyil ki... Ona görə də, hazır əsərləri alırlar.

- Dediniz ki, bu işləri görməyə xeyli vaxtınızı sərf edirsiniz. Bəs ailənizə, şəxsi həyatınıza necə, vaxt qalır?

- Mənim həyat yoldaşım, iki qızım, dörd nəvəm var. Həyatımda əsas onlardır. Uşaqlarımla daha çox söhbətləşirəm. Onlara heç vaxt qadağa qoymamışam. İndi nəvələrimlə də o cür davranıram. Çalışıram düz etmədikləri nəyisə başa salım. Onlara “yox", "olmaz” sözlərini demirəm.
- Övladlarınızdan sənətinizi davam etdirən var?
- Böyük qızım rəsm çəkməyi bacarır. Onun qızı da rəsmi xoşlayır. Düzdür, hərdən əsərimi korlayır, amma ona bunu qadağan etmirəm, daha çox başa salmağa çalışıram.

- İki qız anasısınız. Bəs oğul övlad sahibi olmağı arzulamısınız?

- Çox arzulamışam...Hər zaman oğlu olanlara paxıllığım tutub. Qızlarım da oğul anasıdırlar. Kiçik qızımın bir ifadəsi var. Deyir ki, "əgər istəyirsənsə, yanında əsl kişi olsun, oğul dünyaya gətirib, onu özün böyüt". Bəlkə də oğlum olsa, onu ürəyim istədiyi kimi böyütməyəcəkdim. Amma bu, hər bir ananın arzusudur.

- Hər zaman baxımlı olmağınızla diqqət çəkmisiniz. Buna necə vaxt ayırırsınız?

- Bu artıq vərdiş halını alıb. Səhərdən axşamadək üzümə maska edirəm, özümə baxıram. Mən uşaqlıqdan anamda bu cür görmüşəm. O mənim yadımda çiçəklərə baxan, üzünə qulluq edən bir xanım kimi qalıb. İdmanla məşğul oluram, geyimimə fikir verməyə çalışıram. Yaşına və dəbə uyğun geyinməlisən. Pəhriz saxlamıram. Gündə üç dəfə yemək yeyirəm. Ən gec saat 7-nin yarısında şam edirəm. Əgər sonradan acsam, yalnız su içirəm və ya alma yeyirəm. Pəhriz saxlamaq, ac qalmaq düzgün deyil. Mən kafelərdə yeməyi xoşlamıram. Evdə xörək hazırlamağı sevirəm. Bilirəm ki, özüm bişirdim və ən əsası təmizdir. Öz evimi çox istəyirəm. Çalışıram ki, ilk əvvəl evimdə səliqə-səhman, gözəllik yaradım.

- Suğra xanım, deyirlər, yaş artdıqca, övladlar böyüdükcə sevgi azalır...

- Düzgün fikir deyil. Amma təbii olaraq yaş ötdükcə Leyli-Məcnun kimi qala bilmirsən. Yaş artdıqca hörmət də çoxalır. Hər yaşa uyğun məxsusi sevgi, hörmət, çılğınlıq var. Demək olmaz ki, nəsə azalır, nəsə çoxalır. İnsan öz mədəniyyətinə uyğun biri ilə ailə qurmalıdır. Əgər həyat yoldaşının mədəniyyəti səninki ilə eynidirsə, onunla dava etmək də, küsmək də, barışmaq da xoşdur.

- Özünüzü xoşbəxt xanım hesab edirsiniz?

- Əlbəttə... İndiyədək nail olduqlarım az deyil. İstədiyim səviyyəyə çatmışam. Əməkdar artistəm, Rəssamlar İttifaqının, Ümumdünya Floristlər Şurasının üzvüyəm. Əsərlərimin dünyada analoqu yoxdur. Ailəm, qızlarım, həyat yoldaşım var. Neft-Kimya Akademiyasını bitirmişəm. Kino Akademiyasında mühəndis kimi çalışmışam. Təqaüdə də mühəndis olaraq çıxmışam. Normal insan həyatı yaşayıram. Niyə də xoşbəxt olmayım?

- İş otağınızda çox romantik ab-hava var...

- Romantik qadınam. Vaxtilə Sovet İttifaqında yaşayan xanımların hamısı romantikdir. O vaxtlar internet yox idi. İndi siz hər yeri gəzirsiniz. Biz o vaxtlar kitablar oxuyurduq, qəhrəmanlarla xəyallar qururduq, onların həyatını yaşamağa çalışırdıq. İndi də kitab oxuyuram. Hətta mənə maraqlı gələn məqamları qeyd edir, yaddaşıma yazıram.

- Yerli telekanalları izləyirsiniz?

- Mənə “Mədəniyyət” kanalı daha maraqlıdır. Burada aktyorlardan, rəssamlardan, onların yaradıcılıqlarından bəhs edirlər. Yerli, yaxud xarici serialları çox izləmirəm. Ümumiyyətlə, əyləncəni, səs-küylü məkanları xoşlamıram. Teatra, baletə gedirəm. İstəyirəm nəvələrimi də daha çox operaya, baletə aparım.

Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV