Bakıda “Rast. Niyazi” filminin təqdimatı olub - fotolar

Bakıda “Rast. Niyazi” filminin təqdimatı olub - fotolar
1062 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 18-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filminin təqdimatı olub.

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, tədbiri Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli açıb. O, qeyd edib ki, bu layihə çox əhəmiyyətli bir layihədir. Maestro Niyazi böyük dirijor, tanınmış bəstəkar və maarifçi, novator və qeyri-adi dərəcədə ciddi bir insan olub. Gələcək nəsillər milli mədəniyyətin inkişafına töhfə vermiş görkəmli musiqiçiləri tanımalıdırlar.

F.Bədəlbəyli Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, filmin yaradıcı kollektivinə minnətdarlığını bildirib.

Sonra Niyazinin əsərlərindən ibarət konsert olub, “Rast. Niyazi” sənədli filmi göstərilib.

Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Əməkdar İncəsənət Xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.

Filmin bədii rəhbəri Azərbaycanın Xalq Artisti, kinorejissor Eldar Quliyevdir.

Filmdə SSRİ xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlov, Xalq Yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimləri çəkiliblər.

Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.

Niyazi 1912-ci il avqustun 20-də Tiflisdə bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açıb. Niyazi ilk böyük uğurunu 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti günlərində qazanıb. O, Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edib.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında işləyib.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O deyirdi: “Klassik musiqinin təbliği xalqın ümumi mədəniyyətinə, mənəvi dünyasına, musiqi zövqünə güclü təsir göstərir”.

Niyazinin dirijorluq yaradıcılığı ona dünya şöhrəti gətirib. Lakin Niyazi həm də uğurlu bəstəkar olub. Onun bəstəkarlıq yaradıcılığında “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra” baleti xüsusi yer tutur. Tanınmış hind yazıçısı Rabindranat Taqorun “Çitranqana” fəlsəfi dramının motivləri əsasında yaradılmış “Çitra” baletinə görə Niyazi Beynəlxalq Cəvahirləl Nehru mükafatı alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq Artisti fəxri adına, orden və medallara layiq görülüb.

Niyazi 1984-cü il avqustun 2-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.