"Aygün dostumdur, Röya ilə danışmırıq"

"Aygün dostumdur, Röya ilə danışmırıq"
2980 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxanla bağlı son günlər yayılan söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, Tolikin Gəncədə baş tutacaq konsertlə əlaqədar sosial şəbəkədəki statusuna xalq artisti Brilliant Dadaşovanın “Nəhayət, sənətkarla fitnəkarı ayıra bildin” şərhi şayiələrə səbəb olub. Hər kəs Tolikin uzun müddətdir dost olduğu A.Kazımova ilə küsdüyünü danışır.

Əməkdaşımızla söhbətində prodüser xalq artisti ilə dostluğunun davam etdiyini bildirib:

“O şərhə heç bir fikir bildirmədim. Mən prodüserəm, təşkilatçıyam. Tapşırıq gəlib ki, konsertə filankəsi çağırın. Mən də onu icra etmişəm. Aygün Kazımova mənim dostumdur. Bu cür söz-söhbətlər bizim münasibətimizə təsir etmir. Dostluğumuz davam edir. Mənim bu sənətdə olan hər bir sənətkara hörmətim var. Qalmaqal etmək, kimləsə dalaşmaq keçmişdə qaldı. Mən hər bir sənətkara qiymət verirəm”.

Tolik müğənni Röya Ayxanla münasibətlərindən də danışıb:

“Röya ilə danışmırıq, heç “salam-əleykə”miz də yoxdur. Sosial şəbəkədə onu müdafiə edən statuslar yazıram. Haqsızlığı sevmirəm. İndi yeni çıxan kimsə özünü Röya ilə bir tutanda, əlbəttə, cavab verəcəm. Özünü ona bənzədənlərə sözümü deyirəm. Qaldı ki, mənim yenidən Röya ilə çalışacağıma... Belə bir şey yoxdur. Çox müğənnidən təklif alıram. Amma hələ ki, Elton (müğənni Elton Hüseynəliyev – red.) mənə bəsdir”.

Qeyd edək ki, Tolik Gəncədə baş tutacaq konsertdə xalq artisti Alim Qasımovun, Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, əməkdar artist Fərqanə Qasımovanın və türkiyəli ifaçı Fərhad Göçərin çıxış edəcəyini bildirib.