Ayna Sultanovanın heykəli götürülür - fotolar

Ayna Sultanovanın heykəli götürülür -  fotolar
1827 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı əsaslı təmirə bağlanıb.

Parkın yeni layihəsinə əsasən Ayna Sultanovanın heykəli park ərazisindən götürüləcək.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, yenidənqurma işləri “Elta Construction” şirkəti tərəfindən aparılır.

Parkın ətrafı hasarlanıb və artıq əsaslı təmir işlərinə başlanılıb.

Hasarın üzərində parkın layihəsini əks etdirən şəkillər yerləşdirilib.

Layihədə Ayna Sultanovanın heykəlinin park ərazisində saxlanılması nəzərdə tutulmayıb.

Məsələ ilə bağlı parkın daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətindən rəy öyrənmək cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, keçən il Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, parkın planlaşdırılan təmiri zamanı heykəlin götürülməsi deyil, yerinin dəyişdirilməsi nəzərdə tutulur.

Parkda Ayna Sultanovanın qranitdən heykəli 1986-cı ildə ucaldılıb.

Ayna Sultanova qatı bolşevik, Azərbaycanda bolşevik partiyasına ilk yazılan Azərbaycanlı qadın, uzun illər Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq bolşevik, kommunist partiyasının ideyalarını həyata keçirən siyasi xadim və milli hökumətə qarşı silahlı üsyanın təşkilatçılarından olub.

O, həmçinin Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

O, 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.