"Tolikin həbs olunacağı xəbəri yalandır" - açıqlama

"Tolikin həbs olunacağı xəbəri yalandır" -  açıqlama
2293 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavan Həbibi ilə qalmaqallı məhkəmə çəkişməsi haqda yeni açıqlama verib.

Axşam.az saytına danışan Tolik bir daha bəyan edib ki, heç bir halda sənətçidən üzr istəməyəcək:

"Bu, mümkün deyil. Dövlətin qanunlarına qarşı çıxmıram, amma ondan üzr istəmək olmaz. Ölsəm də, bunu etməyəcəyəm".

Tolikin vəkili Rövşən Mərəndiskiy isə prodüserin üzr istəməyəcəyi təqdirdə 2 ay sonra həbs olunacağı barədə iddiaları təkzib edib:

"Bu, yalandır. Bunu Natavanın vəkili də yaxşı bilir. Natavan xanım niyə belə yanlış məlumat yayır, başa düşmürük. Tolik “Laçının işğalı günü konsert verən ermənidir” sözlərini işlədib. Burada Natavana qarşı heç bir təhqir olunmayıb. Məhkəmə araşdırıb görsün, “erməni” ifadəsi təhqirdir ya yox”.

Vəkil bu dəfə Ali Məhkəməyə müraciət edəcəklərini bildirib:

“Qətnamə hələ bizə gəlib çatmayıb. Məhkəmədə qanun qüvvəyə minməyib. Biz Ali Məhkəməyə müraciət edəcəyik. Hazırki qərarı ədalətsiz sayırıq. Çünki qarşı tərəf şikayət edib ki, Tolik onu "erməni" kəlməsi ilə təhqir edib. Onlar məhkəmədə bunu sübut edə bilmədilər. Biz özümüz etiraf etdik ki, bəli, Tolik Natavana xitabən "erməni" sözünü işlədib.  Amma bu barədə mətbuata açıqlama verməyib. Yalnız öz İnstaqram səhifəsində yazıb və media orqanları bunu dərc ediblər. Appelyasiya Məhkəməsi məsələyə fərdi yanaşaraq araşdırma aparmadı. Biz Ali Məhkəmədən bunu tələb edəcəyik. Məhkəmə qətnaməsi 20 gün sonra bizə veriləcək. Apreldə Ali Məhkəməyə şikayət edəcəyik. Mayin axırında isə məsələyə baxılacaq. Bu iş yayın ortalarına qədər uzanacaq. Ali Məhkəmənin ədalətli qərarına inanırıq”.

Xatırladaq ki, ötən gün azxəbər.com-a açıqlama verən Natavan Həbibinin vəkili Fərid Həsənov Tolikin üzr istəməyəcəyi təqdirdə həbs olunacağını deyib:

"Bu qərar hələ tam olaraq qüvvəyə minməyib. Tolikə 2 ay möhlət hüququ verilib. Məsələyə 2 ay sonra yenidən qayıdılacaq. Tolik üzr istəməsə, həbs olunacaq".