Nyu-Yorkda Bakının adına küçə ola bilər

Nyu-Yorkda Bakının adına küçə ola bilər
1380 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-Yorkun Bruklin rayonunda küçələrin biri “Bakı”, Bakıda isə bir küçə “Bruklin” adlandırıla bilər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Nyu-Yorkda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhərin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb.

Ötən ilin noyabrında Nyu-Yorkun Bruklin və Bakının Səbail rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokolun imzalandığını deyən E.Adams bu qardaşlaşmanın təşəbbüskarı olduğunu diqqətə çatdırıb. O, Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. Onun fikrincə, Azərbaycanla Bruklin arasında münasibətlər üç əsas istiqamət - təhsil, ticarət və mədəni mübadilə üzrə inkişaf etməlidir. Həmçinin, Bruklində küçələrin birinin “Bakı”, Bakıda isə bir küçənin “Bruklin” adlandıırılması təklifi nəzərdən keçirilib.

Nazir Ə.Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, keçən ilin sonundan başlayaraq “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı-Nyu-York birbaşa uçuşları ABŞ ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində mübadilənin genişlənməsinə şərait yaradacaq.

Nazir E.Adamsı bu ilin mayında Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Həmçinin, Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayrla görüşən Ə.Qarayev onu da həmin tədbirə dəvət edib.