Azərbaycan filmi İranda festivalda

Azərbaycan filmi İranda festivalda
1082 dəfə oxunub
  • A-
  • A
  • A+

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 9-cu “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalı öz işinə başlayıb. Festivalda Azərbaycanı “Yol” filmi təmsil edir.

Axşam.az-ın AzərTAc-a istinadən məlumatına görə, filmin rejissoru Fehruz Şamıyev deyib ki, festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli və müsəlman ölkələri proqramında yarışır. “Yol” filmi isə 10 ekran əsərinin iştirak etdiyi “müsəlman ölkələri” proqramında yer alıb. Festivala maraq çox böyükdür.

Film “Cinema Azadi” kino mərkəzində nümayiş olunub.

Qeyd edək ki, festivalda İranın dünyaca məşhur aktrisası Leila Hateminin rol aldığı “Pulsuz” filmi də nümayiş olunacaq, kino xadimlərinin master-klassları keçiriləcək. Festivalın bağlanışı və qaliblərin mükafatlandırılması fevralın 27-də olacaq.

Məlumat üçün bildirək ki, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” filmi Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilib. Ekran əsəri “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və “ÖZ” prodakşnda Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biri kimi lentə alınıb.

Filmin süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burada ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.

Qısametrajlı filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.