Mir Şahin türk telekanalında - video

Mir Şahin türk telekanalında - video
3329 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev Türkiyənin "Kanal 24" telekanalının "Həyatın içindən" verilişinin qonağı olub.
 
Axşam.az-ın məlumatına görə, verilişin aparıcısı Zeynəb Türkoğlunun suallarını cavablandıran Mir Şahin Ağayev prodüseri olduğu "Qanlı Yanvar" filminin sabah Türkiyədə vizyona girməsi ilə bağlı danışıb.

- 25 il əvvəl, 1990-cı ildə Azərbaycanda nə yaşanmışdı?

- Əvvəla, mən buradan bütün türk xalqına, türk dilində danışan bütün xalqlara baş sağlığı verirəm. Həm 20 yanvar faciəsində həlak olan insanlar, həm də Xocalı soyqırımında həlak olanlar öz dərdlərini türk tarixinə yazıblar. Bu baxımdan onların dərdlərinə bütün türklər şərikdirlər. Baş sağlığı hamıya düşür. Hər bir kəsə həm fevralın 26-da, həm də yanvarın 20-də baş vermiş bu hadisələrə görə başsağlığı verirəm, Allahdan səbr diləyirəm.

Təbii ki, 1990-cı ildə hələ sovet imperiyası var idi. Bu imperiya - Sovet Sosialist Respublikalar İttifaqı özünün son günlərini yaşasa da, Moskva hər şeyin bitdiyinə inanmırdı. Moskva hələ SSRİ-nin yaşayacağına inanırdı. Ona elə gəlirdi ki, o, özünün hər bir ucqarında, o cümlədən Azərbaycanda da qayda-qanun yaratmaq, intizamı, asayişi bərpa etmək iqtidarındadır. Ona görə Bakıya qoşun yeritdi. Moskvadan ötrü burada təəccüblü heç nə yox idi. Moskva özünə aid bir əraziyə qoşun göndərmişdi. Onun qoşunlarını həmin vaxt Azərbaycana rəhbərlik etmiş adamların dəvət etdiyi barədə tarixə bir sıra sənədlər daxil oldu. Bu baxımdan 1990-cı ilin 20 yanvar günləri Azərbaycanın istiqlal və azadlıq uğrunda apardığı mübarizənin ən şanlı səhifələrindən biri oldu.

Uzun müddət 20 yanvar barədə aparılan təbliğat belə idi ki, o zaman Moskva dinc insanların üzərinə qoşun yeridib, tanklar sürüb. Təxminən 24-25 il bu təbliğat davam edib. Qeyd olunub ki, həmin gün Bakının küçələrində dolaşan insanların əllərində heç bir silah olmayıb, tanklar da onları əzib keçiblər.

Mənim dostum və qardaşım Vahid Mustafa Yevin həmin o hadisələrə yeni, müstəqil Azərbaycan nöqteyi-nəzərindən baxışı bu gün Azərbaycanın təkcə incəsənət camiəsinin deyil, həm də tarixdən az-çox başı çıxan bütün insanların təfəkkürünü dəyişə bilər. Bu çox önəmli hadisədir. Vahid Mustafa Yev bir rejissor olaraq Azərbaycan xalqına öz tarixinə tamamilə başqa gözdən baxmağı təklif edir. Uzun illər barəsində susulmuş, danışılmamış qəhrəmanlar məhz həmin günlər tanklara "Molotov" kokteyli atan insanlar, tankların üzərinə silahla yürüyən insanlar ekrana gətirildi.

Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmi həmin günlər Bakının küçələrini barrikadalara çevirən, Azərbaycanın gələcəyi uğrunda vuruşan, müstəqillik eşqi ilə küçələrə çıxan insanlar haqqındadır.

Sabah film Türkiyədə vizyona girəcək. Filmə baxan insanlar qarşılarında tamamilə yeni bir "Qanlı Yanvar" görəcəklər. Bu, mərsiyyə "Qanlı Yanvar"ı deyil. Bu, yalnız qərənfillərin körpə qəbirləri uzərinə düzülməsinin "Qanlı Yanvar"ı deyil. Bu "Qanlı Yanvar"a baxanda biz bir türk olaraq fəxr edəcəyik ki, Azərbaycan kimi müstəqil dövlət var və bu dövləti SSRİ dağılandan sonra kimlərsə qızıl nimçədə gətirib bizə verməyib. Biz SSRİ-nin parçalanmasında iştirak etmişik, SSRİ-ni parçalamışıq və öz müstəqil parçamızı oradan götürmüşük.

- Yəni film sadəcə bir insani həssaslığı və duyğusallığı əks etdirmir, həm də tarixi faktlardan bəhs edir. Rejissorun təsvir etdiyi hekayənin qəhrəmanlarına keçək. Film bir ailənin üzvlərinin gözü ilə hadisələri təsvir edir. Bu ailənin üzvləri bir az bu hekayənin fərqli tərəflərində yer alır. Ana obrazı Xədicə xanımın bir sözü var: "Onların sadəcə yolları və yoldaşları fərqlidir". Amma həm də qarşı-qarşıya gəlirlər - Nəcəf və Mehdi.

- Ümumiyətlə, Vahid Mustafa Yev filmə yaradıcılıq baxımından tamamilə fərqli tərəfdən yanaşır. Onun öz üslubu var. Filmdə yalnız hər obraz, hər rol deyil, hər simvol danışır. Filmdə ortalığa qoyulmuş məqsəd də kifayət qədər genişdir. Bu yalnız Azərbaycanın başına gələn bir məsələ deyil. Dünyanın bütün özgür xalqlarının başına gəlmiş hadisələrdir, sadəcə Azərbaycının timsalında təsvir edilir.

Burada Sovet Azərbaycanının bir ailəsi təsvir edilir. Bizim möhtəşəm aktrisamız Nebahat Çehre orada ana obrazında çəkilib. O, yalnız Azərbaycanın anasını deyil, həm də Ana Azərbaycanı canlandırır, Vətənin timsalıdır.

- Simvolik bir dəyəri var. Sadə bir qadından bəhs etmirik.

- Bəli, bəli. Ana iki övladının arasında qalıb. Bir övlad demokratik düşərgəyə məxsusdur, demokratiya və azadlıq uğrunda mübarizə aparır. Digər övlad sovet tərbiyəsi görüb, öz ideyalarına sadiqdir. Ona elə gəlir ki, Azərbaycanın gələcəyi Sovet İttifaqının tərkibində xoşbəxt, bəxtəvər olacaq. Onun adı təsadüfən Nəcəf Nərimanov deyil, Azərbaycan tarixində olmuş Nəriman Nəcəf oğlu Nərimanovun prototipidir. Əslində, Nəcəf də orada bir adamın rolunu oynamır, ideologiyanın timsalıdır. Ana iki övladının arasında qalır. Burada fərqli bir məqam var. Filmin sonunda SSRİ-nin tərkibində Azərbaycanın xoşbəxtliyinə inanan qardaş bir zaman atəş açdığı insanların içinə dönür və onlarla birlikdə şəhid olur. Ana məhz dolayı yolla kiçik övladının yolunu tutur.

Bu, hərbçi ailəsidir. Ona görə də qardaşlardan biri - Mehdi bir vaxtlar sovet qoşunlarının tərkibində Əfqanıstanda vuruşub. Yəni SSRİ-nin ideyalarını Əfqanıstanda həyata keçirib. Digər qardaş isə Azərbaycanda qalıb, amma o da sovet ali hərbi məktəbindən çıxmış bir insandır.

- Belə bir deyim var: Millətlərin tarixi 25-30 illə ölçülmür. Amma millətin azadlığa qovuşması baxımından bu çox önəmli bir tarixdir. Yaxın tarixin öyrənilməsi ilə bağlı bu film çox önəmli önəkdir. Buna qədər belə bir örnəklər daha öncə var idimi? Tarixi hadisələr ədəbi əsərlərə və ya filmlər daxil olduqda daha çox insana çatdırıla bilir.

- “Qanlı Yanvar” filmində tamaşaçılar həmişə gördükləri kadrları görəcəklər. Uzan müddət tarix dərsliklərində gördükləri kimi təcili yardım avtomobilinin - insanlara yardım üçün gələnlərin sovet əsgərləri tərəfindən güllələnməsi, insanların onlarla meyitin arasında öz yaxınlarını axtarması, maşınların güllələnməsi, barrikadaların dağıdılması kadrları var. Vahid Mustafa Yev bu filmdə bunları ustalıqla açır, amma məzmun fərqlidir. Burada insanlar qaçmırlar, burada insanlar tankların üzərinə yürüyürlər. Tanklarla mübarizə aparır, onlara “Molotov” kokteyli atıb yandırırlar. Bu doğrudan da belədir. Rəsmi statistikaya görə, “Qanlı Yanvar” hadisələri zamanı sovet qoşunlarından 24-26 nəfər həlak olub.

1990-cı ilin “Qanlı Yanvar” hadisələri zamanı Bakıya erməni-rus birləşmələri yeridilmişdi. Buna bənzər hadisə isə 1992-ci il fevralın 26-da Xocalıda baş vermişdi. Xocalı soyqırımında da erməni-rus birləşmələri birgə iştirak ediblər. Ermənilərin mühasirəyə aldıqları Xocalıya Sovet İttifaqından qalmış 366-cı motoalayın əsgərləri ilə birlikdə soxulublar. Həmin soyqırımda 613 adam ölüb. Tarixin bu qatları, görün, bir-birinə nə qədər bənzəyir.