Xocalı qurbanları Berlin, Vilnüs və Parisdə anılıb -fotolar

Xocalı qurbanları Berlin, Vilnüs və Parisdə  anılıb -fotolar
633 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 24-də Berlinin Potsdam meydanında yerləşən “CinemaxX” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı olub.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) Axşam.az-a verilən məlumata görə, tədbirdə 350-dən artıq dəvətli -  Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, parlamentarlar, ictimai-siyasi, elm və incəsənət xadimləri, iş adamları, Azərbaycan diasporunun nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
 
Almaniya Bundestaqının üzvü, Almaniya – Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Karen Strenz Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırkı vəziyyətindən, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyindən, həmçinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən məlumatlandırma işlərinin beynəlxalq əhəmiyyətindən danışıb.
 
Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov çıxışında rəhbərlik etdiyi təşkilatın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirləri təşkil etməkdən qürur duyduğunu söyləyib. T. Heydərov bildirib ki, bu kampaniya Xocalı dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlayıb. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib.
 
“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəlliflərindən biri İan Pört məlumat verib ki, bu kitab Xocalı qırğını barədə Qərbdə ingilis dilində işıq üzü görən ilk müstəqil nəşrdir.
 
Anım gecəsinin rəsmi hissəsindən sonra “Sonsuz dəhliz” sənədli filminin Berlin premyerası keçirilib.
 
Həmin gün Azərbaycanın Litvadakı səfirliyi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Vilnüs şəhər sarayında (Ratuşa) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı anma mərasimi keçirib. Tədbirdə Litva Seymində Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Yuras Pojela, GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri Mantas Adomenas və Seymin deputatları, Litva Olimpiya Komitəsinin prezidenti və bir sıra nazirliklərin vəzifəli şəxsləri, QHT rəhbərləri, ictimai-siyasi xadimlər, mədəniyyət xadimləri, media nümayəndələri və Litvada yaşayan soydaşlarımız iştirak ediblər.
 
Azərbaycanın Litvadakı səfiri  Həsən Məmmədzadə Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, bu faciənin təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirib. Hərbi jurnalist Ricardas Lapaytis çıxış edərək 1992-1993-cü illərdə dəfələrlə Azərbaycana səfər etdiyini, ermənilər tərəfindən Laçında, Ağdamda və digər rayonlarda törədilmiş qanlı hadisələrin canlı şahidi olduğunu deyib. O, Xocalı qətliamının acı nəticələrinin şəkillərini çəkdiyini söyləyib, Xocalı faciəsi haqqında Litvada yazan ilk jurnalistin olduğunu, “Sonsuz dəhliz” sənədli filminin çəkilişində iştirak etdiyini vurğulayıb.
 
Daha sonra mərasimdə iştirak edən litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.
 
Avropa Azərbaycan Cəmiyyətinin “Xocalıya ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi silsilə tədbirlərin sonuncu ünvanı Paris olub. Belə ki, fevralın 24-də Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycanın Fransadakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Dostları Assosiasiyası (AAA) tərəfindən birgə təşkil edilib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov giriş nitqində tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü barədə ətraflı məlumat verib. Fransa Milli Assambleyasının deputatı, parlamentdəki Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü və Azərbaycanın Dostları Assosiasiyasının sədri Jean-Frank Mancel çıxışında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində nümayiş olunacaq “Sonsuz dəhliz” sənədli filmi vasitəsilə insanların Xocalı qətliamı haqqında daha çox məlumat əldə edə biləcəyi əminliyini ifadə edib. Millət vəkilinin sözlərinə görə, bu film faciənin nə üçün və necə baş verdiyini açıqlayır.