Eldar Mansurov üçün özəl gün

Eldar Mansurov üçün özəl gün
1885 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Eldar Mansurovun 63 yaşı tamam olur.

Bəstəkar Axşam.az-ın əməkdaşı ilə söhbətində bu günü ailəsi ilə qeyd edəcəyini deyib:

“Ad günümdə heç vaxt xüsusi bir şey planlaşdırmıram. Mənim üçün adi günlərdən biridir. Evdə ailəmlə birgə qeyd edəcəyəm”.

Qeyd edək ki, Eldar Mansurov 1952-ci ildə Bakıda - İçəri şəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.