Fransada Azərbaycan musiqisi - fotolar

Fransada Azərbaycan musiqisi - fotolar
904 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkəmizin Fransadakı səfirliyinin, Bezye şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə martın 2-də Bezye şəhərində ifaçılarımızın etno-caz janrında geniş konsert proqramı təşkil edilib.

Axşam.az-ın azərtac-a istinadən məlumatına görə, mərasimi açan Bezye şəhərinin meri Rober Menar Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti barədə tamaşaçılara məlumat verib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişaf etdiyini, Fransanın bir çox şəhərlərində Azərbaycan mədəniyyət günlərinin keçirildiyini diqqətə çatdırıb.

Natiq bu əlaqələrin davamı kimi Bezyedə ilk dəfə Azərbaycan mədəniyyəti ilə bağlı tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib. Tarixilik baxımdan müəyyən oxşarlıqlar olduğunu xatırladan Rober Menar orta əsrlərdə Bezye şəhərində kütləvi qırğının törədildiyini və dörd min insanın qətlə yetirildiyini, buna oxşar hadisənin Azərbaycanda da baş verdiyini, Xocalı faciəsi zamanı yüzlərlə günahsız insanın soyqırımına məruz qaldığını vurğulayıb.

Azərbaycanda müxtəlif azsaylı xalqların yaşadığını bildirən R. Menar etnik qrupların əsrlər boyu yerli əhali ilə dostluq və mehribançılıq şəraitdə yaşadıqlarını, onların dininin, dilinin, mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin inkişafı üçün dövlətimiz tərəfindən hər cür qayğı göstərildiyini, ölkəmizin tolerantlığının dünyanın inkişaf etmiş dövlətləri üçün bariz nümunə olduğunu diqqətə çatdırıb.

Sonda mer belə tədbirin keçirilməsinə xüsusi dəstək verən Azərbaycanın Fransadakı səfirliyinə və Azərbaycanın Dostları Assosiasiyasına öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva qurum barədə iştirakçılara məlumat verib, həyata keçirdikləri bir çox mədəni layihələrdən bəhs edib.

Azərbaycanı gənclər və idman diyarı kimi iştirakçılara təqdim edən M.Fətəliyeva ölkəmizin bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini, cari ilin iyununda isə “ Bakı-2015 “ ilk Avropa Oyunlarının keçiriləcəyini bildirib və tamaşaçıları bu oyunların iştirakçısı olmağa dəvət edib.

Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev ölkəmizin tarixən qədim və zəngin mədəniyyətə malik olduğunu, əsrlər boyu öz mədəni dəyərlərini inkişaf etdirdiyini, caz musiqisinə marağın XX əsrin ikinci yarısından artdığını, tanınmış ifaçılar Vaqif Mustafazadə və Rafiq Babayev kimi cazmenlərin ənənələrinin bu gün də davam etdirildiyini, artıq bu sahədə dünya şöhrətli gənc virtuoz ifaçıların yetişdiyini vurğulayıb.

Konsertdə ifaçılar etno-caz janrında Azərbaycan bəstəkarları ilə yanaşı, müəllif olduqları əsərləri də səsləndiriblər.

Bezye sakinləri ilk dəfə Azərbaycan musiqisini dinlədiklərini böyük razılıq hissi ilə qeyd edib və belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Sonda iştirakçılara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm imkanları ilə bağlı çap olunan kitablar, broşürlar və bukletlər təqdim olunub.