"Güclü ssenari olsa, gey obrazında oynayaram" - azərbaycanlı aktyor

"Güclü ssenari olsa, gey obrazında oynayaram" - azərbaycanlı aktyor
2514 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Tərkedilmişlər" filminin qəhrəmanları aktrisa, "Nargis" Nəşriyyat Evinin direktoru Könül Nağıyeva ilə aktyor Kamran Ağabalayevin buro247.az saytına müsahibəsini təqdim edir:

- Kamran, bizi təbrik edirəm! "Tərkedilmiş" filmimizin İstanbul premyerası baş tutdu. Biz artıq, necə deyərlər, finişə çatırıq. Necə tanış olduğumuz yadındadır?

- Əlbəttə. Bu, bir neçə il öncə, kastinqdə olmuşdu və onda biz banal "salam-sağol" ünsiyyəti etmişdik. Ancaq "Qanun naminə" filmi bizim aktyor tandemi üçün bir növ dönüş nöqtəsi oldu və dostlaşdıq. Məncə, hər şey energetikalarımızın oxşarlığına görə alındı, çünki biz eyni dərəcədə pozitiv düşünürük. Hər ikimiz üçün ən qiymətli keyfiyyət sözün düzünü demək bacarığıdır. Tənqidi qəbul etmək və nəticə çıxarmaq qabiliyyəti çox vacibdir. Yeri gəlmişkən, "Qanun naminə" filmində biz qardaşla bacını oynayırdıq və ümumi olan ancaq sənin öldürüldüyün səhnə idi. Hə, həm də bu səhnənin çəkilişləri zamanı qışqırmağınla bütün Buzovna qəsəbəsini yuxudan oyatmışdın. Sən başımın üstündə ağlayanda, özüm də şübhələnməyə başladım ki, bəlkə doğrudan ölmüşəm? Bu, doğrudan da çox əla idi!

- Ancaq "Tərkedilmiş" filmində sən mənimlə heç də bacın kimi davranmırsan...

- Bağışla. Mənim heç vaxt bacım olmayıb. Əgər razısansa, səni rəsmi olaraq öz bacım elan edirəm!

- Oxuculara bizim "Tərkedilmiş"ə necə düşməyimiz barədə danışmağını istəyərdim. Yoxsa ətrafda çoxlu uydurma söhbətlər gəzir.

- Bilirsən, Keşa, artistlər haqqında həmişə çoxlu uydurma söhbətlər olur, yəni mən buna hazır idim. Amma türk filminə, özü də baş rollara biz necə düşə bildik?! Sadəcə, rejissor Korhan Uğur "Qanun naminə"yə baxdı, bizim tandemi bəyəndi və bizə təklif etdi. Bakıya gəldi, canlı olaraq tanış olduq və o öz seçimində əmin oldu. Belə də dedi: mən adamaoxşamazı və qaçqını tapdım!

- İzmirə gəlişimizdən sonra birinci gün yaxşı yadımdadır. Təzə gəlmişik, bizi isə dərhal çəkilişlərin aparıldığı dağlara apardılar. Rejissor dedi ki, əvvəlcə məkana gedəcəyik, sizə çəkilişləri edəcəyimiz yeri göstərmək istəyirəm. Sonradan öyrəndik ki, bu yarıdağılmış vəziyyətdə olan pansionatda çoxlu sayda insanlar həyatlarını itirib.

- Hə, əvvəldə mən də başa düşmədim ki, bu qaçhaqaç nəyə lazımdır. Ora çatdıqdan sonra qəribə hislər keçirdim. Oranın aurası çox ağırdır. Hava yaxşıdır, dağlar, təmiz hava, içəridə isə ağırlıq hiss edirsən. Sonra başa düşdüm ki, Korhan bəy bunu qəsdən edib. O, bizim soyumağımızı istəmirdi, istəyirdi ki, biz dərhal prosesə daxil olaq, var olmanın bütün ağırlığını hiss edək, çünki bizim qəhrəmanların çiyinlərində böyük tale yükü var...

- Sonra biz şəhərə düşdük və qonşuluqda evsiz, qaçqın adamların yaşadığı oteldə yerləşdik. Onda şəxsən mənə pansionat cənnət kimi göründü.

- Bu xarabalıqlarda insanlar sanki yaşamırlar, sadəcə öz ölüm saatını gözləyirlər. Bəziləri qəpik-quruşa işləyir, bəziləri dilənir, bəziləri isə yatağa bağlıdır və ancaq qonşuların gətirdiklərinə möhtacdırlar... Bütün bunları görərək, başa düşürsən ki, Yaradana yaşanan hər dəqiqəyə görə minnətdar olmaq lazımdır. Məhz orada mən başa düşdüm ki, hər şey müqayisə ilə dərk edilir.

- Yadındadır, onlar bizim çəkilişlərə necə sevinirdilər və deyirdilər ki sanki televizora baxırlar? Bunun mənim üçün sadəcə rol olduğunu, sabah buradan gedəcəyimi, bu insanların isə dirilərin qəbiristanlığı olan bu yerdə qalacağını anlamaq heç də xoş deyildi...

- Nədənsə, ananın qızıyla vidalaşdığı emosional və psixoloji mürəkkəb səhnə yadıma düşdü... Sən orda möhtəşəm oynadın!

- Sadəcə hansısa anda mən həmin bədbəxt qaçqın qadın oldum...

- Bizim rola daxil olma metodlarımız fərqlidir. Sən hansısa qəribə yolla öz qəhrəmanına çevrilirsən, "stop" komandasından sonra isə özünə çevrilirsən. Bu səndə necə alınır?

- Mənim üçün kimi oynadığımın heç bir əhəmiyəti yoxdur. Həqiqətən öz roluma daxil oluram, ancaq bu, reallığa qaytaran "stop!" komandasına qədər olur. Bu prosesi belə təsvir etmək olar: ruhum sanki hansısa anlıq məni tərk edir, yaranan vakuumu isə qəhrəmanımın ruhu doldurur və mən bütün düşüncələrim və qəlbimlə qəhrəmanımın olduğu vəziyyətdə oluram...

- Yeri gəlmişkən, o gün növbəti qlamur tədbirdən çəkiliş meydançasına gəlmişdin. Düşündüm ki, görəsən, rolunu necə oynayacaqsan?..

- Elə buna görə hamıdan xahiş etdim ki, bir müddət mənimlə danışmasınlar, özümdən o auranı çıxarıb Maizerə çevrilə bilim.

- Məndə belə alınmır. Drammatik rol oynayırımsa, obraza daxil olmaq üçün, avtomatik olaraq, hansısa, öz şəxsi narahatlıqlarımı yada salmağa başlayıram. Bu daxili qarşıdurma vəziyyəti sonra uzun müddət məni buraxmır... Allaha şükür ki, "Tərkedilmiş"də bunu etməyə ehtiyac olmadı. Mənə tipaj olaraq yad olan canini oynayırdım və mənə hansı istinadın daha çox uyğun olduğunu anlamaq üçün çoxlu filmlərə baxmışdım. Caniləri çoxları oynayıb və mən də öz qəhrəmanım üçün hissə-hissə onlardan toplayırdım: bəzi şeyləri Hit Lecerdən götürdüm, bəzilərini Mark Stronqdan, bəzilərini isə Tim Rotdan... Amma mənim üçün ən vacib olan musiqidir. Öz qəhrəmanımın ritmini tutduqdan sonra mənə ona çevrilmək daha asan gəlir. Caniyə daha sürətlə çevrilmək üçün mən Dimmu borgir-in hard-rokunu seçdim.

- Mən də antiqəhrəman oynamaq istəyərdim, ancaq hələ ki, məndə müsbət rollardır. Amma özümü tamamilə fərqli tərəfdən göstərmək, hətta izləyicilərdə öz rolumla nifrət hissi yaratmaq istəyərdim! Məsələn, "Kill me softly" filmindəki qəhrəman və ya "Bədheybət" filmindəki Şarliz Teron kimi...

- Keşa, səbrin olsun, hər şey olacaq!

- Mənim sualım var... Heç kəs üçün sirr deyil ki, Avropada indi əbədi seksual azlıqlar mövzusu ilə arthaus kinosu sevirlər. Bax sən belə brutal kişisən, geyi oynaya bilərdinmi?

- Əlbəttə. Bu mənim işimdir və aktyor olaraq mən fərqli rollara hazıram. Başa düşsəm ki, qarşımda ciddi iş, güclü ssenari var, problemsiz oynayaram. Kinoda kim istəsən olmaq mümkündür, əsas olan həyatda özün olaraq qalmaqdır.

- Son olaraq, gəl, oxucuları filmə baxmaları və işimizə qiymət vermələri üçün kinoteatrlara dəvət edək.

- Mən çox istərdim ki, bu filmə daha çox insan baxsın, çünki bu real hekayədir və onun qəhrəmanlarının yerində hər kəs ola bilər.