"Guya mentalitet qədri bilən insanlar var" - müsahibə

"Guya mentalitet qədri bilən insanlar var" - müsahibə
3331 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyeva aznews.az saytına müsahibə verib.
Axşam.az həmin müsahibəni təqdim edir:

- Məni hansı tamaşada görmüsünüz?

- “Kabuslar”da...

- O tamaşa mənim də xoşuma gəlirdi. Çox təəssüf ki, səhnə ömrü az oldu. Hesab edirəm, məni tamaşaçı daha çox “Qatil” tamaşası ilə tanıdı. Amma düşünürdüm ki, “Kabuslar”da yeni nəyisə etmişəm. O tamaşanı çox sevirdim.

- Sizcə, Eduardo de Filipponun bu əsəri teatra nə verdi?

- Əslində bu sual tamaşaçıya ünvanlanmalıdır. Tamaşanın teatra nə verdiyini rejissor fikirləşir. Rejissor hər hansı bir əsəri götürəndə nə demək istədiyini bilir. Əsas budur ki, quruluş verdiyi əsər bugünkü zamanla ayaqlaşsın. Bu yaxınlarda mənə bir pyes verdilər. Oxudum və rejissora dedim ki, siz bu pyesi qoymaqla nə demək istəyirsiniz? Çünki o pyesdə indiki zamanla ayaqlaşan heç nə yox idi. Amma rejissordan soruşanda ki, siz niyə məhz o əsəri qoymaq istəyirsiniz? Cavab verdi ki, “Orada heç nə olmadığı üçün mən bunu edəcəm. Tamaşaya nəsə rəng qatacam”. Hər rejissorun tamaşaya öz yanaşma tərzi var. Bəzi rejissor var ki, tamaşaya quruluş verəndə aktyor üzə çıxarır. Çünki həmin rejissorlar aktyorun içini o qədər doldurur ki, aktyor səhnəyə çıxanda içi dolu görünür. Dekarasiya, başqa şeylər artıq ikinci planda qalır. Zalda aktyorun gözünün içinə baxanda bəlkə də bir-birimizin həyatını dərindən oxumaq dərəcəsinə çata bilirik. Elə rejissor var ki, aktyoru yenidən doğur, quruluş verdiyi tamaşada yeni aktyor yaranır.

- Misal çəkə bilərsinizmi?

- Rejissor Bəhram Osmanovun tamaşasında aktyor yarandı. Eləcə də Mehriban Ələkbərzadənin hər tamaşasında bir aktyor doğulur. Aktyor rejissordan o qədər qidalanır ki, illərlə öyrənə bilmədiyi məsələləri mənimsəyir. Burada mütaliə əsas amildir. Elə aktyorlar var ki, mütaliədən çox-çox kənardadır. Mənə bir pyes verəndə onu sona kimi oxuyuram. Bəziləri isə oxumur. Məsələn, “Əmir Teymur” qoyulursa, rejissor məsləhət bilir ki, onun həyatına dair bütün məlumatları öyrənim. Mən Hökümə xanımın yubileyində “Kleopatra”dan bir parça oynayırdım. Mehriban xanım dedi ki, “Onu dərindən oxumalısan ki, istədiyini ortaya qoya biləsən”. Rejissor var ki, özünün bildiyini, hiss etdiyini aktyora ötürə bilir. Rejissor da var ki, heç nə ötürmür, fikirləşir ki, aktyor özü öyrənsin. Aktyorun bazası varsa edəcək, yoxdursa, etməyəcək. Biz elə bir zamanda yaşayırıq ki, artıq insanlar bir-birinə inanmır. Hamı bir-birindən daha çox pislik gözləyir. Hamıda kabuslaşmaq, manqutlaşmaq yaranır. Hətta, yaxın bildiyim insanlar mənə “Yenə də sən insanlara inanırsan, yenə də safsan” deyəndə çaşıram. Bu, insanın içindən gələn şeydir. Nə qədər öldürsən, sındırsan da yenə də elə insanlar var ki, onlar xəyalları ilə öz dünyasında dolaşırlar, saf qalırlar. Bu baxımdan “Kabuslar” bu günkü cəmiyyətin həqiqətlərini üzə çıxarırdı...

- Azərbaycan reallığını tərənnüm edən bu tamaşanın səhnədə ömrü çox az oldu. Buna səbəb nə idi?

- Doğrudan da mən özüm də bu barədə dəfələrlə düşünmüşəm. Amma bu, mənim səlahiyyətimdə olmayan məsələdir. Bu məsələ birbaşa rəhbərliyin tabeliyindədir. Niyəsini bilmirəm. Hərdən bu barədə rəhbərliyə sual da vermişəm. Tamaşa ilk öncə hay-küylü getmişdi. Bununla bağlı maraqlananda deyirlər: “Camaat gəlmədiyinə görə o, özünü doğrultmadı”. Biz bilmirik ki, bu həqiqətdir, ya yox. Amma dəqiq bilirəm ki, bu tamaşanı arzulayan-soraqlayan çoxdur.

- Bəlkə “Kabuslar” tamaşası sırf cəmiyyətin reallığını özündə əks etdirdiyi üçün repertuardan çıxarılıb?

- Mən elə düşünmürəm.

- Yadınızdadırsa, tamaşanın rejissoru Nicat Kazımov həmin vaxt bəzi tənələrə məruz qaldı. Sənət adamları hay-küy qopartdı ki, Nicat Kazımov teatra erotika, açıq-saçıq səhnələr gətirib... Bəlkə elə səbəbi bu yöndə axtarmaq lazımdır?

- O tamaşada açıq-saçıq səhnələr yox idi. Əslinə qalsa, dediyiniz səs-küy daha çox “Qatil”də yarandı. O zaman “Qatil” niyə yaşadı? Sadəcə, tamaşanın ömrünü kimlərsə qısaltdı. Bu tamaşa da “Qatil” kimi uzun ömürlü ola bilərdi. Tamaşanın yetərincə tamaşaçısı da var idi. Bu suala kimlərsə səmimi etiraf edib cavab verəcəksə, o başqa məsələ. Mən bu səhnədə öz istedadımın gücünə qalmışam. Kiməsə arxalanmaq, kiməsə güvənmək kimi xarakterim olmayıb. Bu, məndə yoxdur. Başımı aşağı salıb sakitcə işimi görürəm. İçimdən ruhən qidalandığım üçün bunu görürəm. Əlbəttə, “Kabuslar”da da əziyyət çəkmişdim. İstəyirdim ki, bu tamaşa repertuarda olsun, çox sevdiyim tamaşa idi. Dəfələrlə mən teatrın rəhbərliyinə bu barədə müraciət etmişəm.

- Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov müsahibələrinin birində bu məsələyə münasibət bildirib. Deyib ki, o, bu tamaşanın repertuardan çıxmaması üçün Nicat Kazımovdan bəzi qısaltmalar etməyi xahiş edib. Amma N.Kazımov tamaşanı qısaltmayıb...

- Bu, doğrudur. Həqiqətən də bununla razılaşıram. Bəzi insanlar baxanda deyirdilər ki, tamaşa “Mariyanın” səhnəyə daxil olduğu andan başlayır. Birinci hissə uzanır, bir az qısalmalı idi. Amma mən bu tamaşada oynamaq istəyərdim. Mən bunu “Mariya” olduğum üçün demirəm. Özüm kənardan tamaşaya baxanda onu qısaldardım. Halbuki, qısalma bizim obrazdan oldu. Bizim obrazlarımızda elə şeylər var idi, getməliydi. Mənim doğmalarım o tamaşaya baxanda deyir ki, “Sən mənim həyatımı oynamısan”. “Azərbaycanda boşanmaya pis baxılır deyə, ər evdə otura-otura arvad gedib hər şeyə qatlanır. Rol aldığım “Yeni həyat” filmində də belə idi, qadın işləyir, qazanır, ətrafdakılar da başlayırlar ona söz atmağa. Bəlkə həqiqətən də o qadının savadı var, işləyir. Camaat isə əksinə, onun işgüzarlığına bir bir qulp qoşur. Cəmiyyətimiz “Deməli, nəsə var” prinsipini daha üstün tutur.

- Bu günə kimi yaratdığınız obrazlarınızla şəxsi həyatınız arasında oxşarlıq olubmu?

- Yox, qətiyyən olmayıb.

- Bayaq dediniz ki, yeni tamaşaların əhəmiyyəti həm də ondadır ki, bir də görürsən yeni aktyorlar, istedadlar doğulur. Bacarıqlı rejissorlar hər tamaşada neyi aktyor kəşf edir. Münəvvər Əliyevanı kim kəşf etdi?

- Məni rejissor Bəhram Osmanov kəşf etdi. Əvvəllər onun tamaşasında daha çox rol alırdım. Bəhram müəllim mənə “Antiqona” tamaşasında rol verdi. İlk dəfə olaraq qiraət müsabiqəsinə hazırlaşırdım. Həmin ərəfədə bir az Bəhram müəllimlə işlədik. Sankt-Peterburqda keçirilən müsabiqəyə gedəcəkdim. Ona müraciət etdim. O da mənə bu işdə dəstək oldu. “Hələ sevirəm deməmişdilər” tamaşası da sevdiyim əsər idi. Sonra isə Mehriban xanım məni Münəvvər Əliyeva olaraq, daha dərindən kəşf etdi. Qadının öz psixologiyası və öz iç dünyası var, onu dərindən duyanda kəşf edə bilirsən.

- Söhbət Elçin Əfəndiyevin “Qatil” tamaşasından gedir?

- Bəli, Mehriban xanım o tamaşada daha çox qadının iç həyatını canlandırdı. O, məni qadın kimi daha çox öyrəndi, oxudu və kəşf etdi. Mən, ümumiyyətlə tamaşadan kənarda da sözümü, düşüncələrimi onunla bölüşürdüm.

- Deməli, Azərbaycanın teatr aləmində Münəvvər Əliyeva “Qatil” tamaşasında “Müəllimə” obrazı ilə tanındı?

- Razılaşmaq olar. Bugünkü zamanda tamaşa ilə tanınmaq hədsiz dərəcədə çətindir. Etiraf edək ki, insanlar indi tamaşaya gəlmir. Əvvəllər bir tamaşa olanda hamı teatrda bilet növbəsinə dayanardı. İndi isə belə deyil. Amma Mehriban xanım “Qatil”ə elə bir quruluş verdi ki, mağazaya, kinoteatra və digər yerlərə gedəndə məni barmaqla göstərib “Qatil”, “Qatil” deyirlər. Məni tanıyanlar daha çox adi insanlardı. Gəlin, etiraf edək ki, bu gün teatr aləmində tamaşa ilə tanınmaq çətindir. İndiki zamanda insanı tanıdan seriallar və televiziya verilişləridir. Mən isə “Qatil” tamaşası ilə tanındım.

- “Müəllimə” obrazı ilə Azərbaycan tamaşaçısına nə demək istədiniz?

- Qadınlarımızın acı taleyini çatdırdım. Məni daha çox bu obraza görə sevdilər. Guya mentalitet qədri bilən, cəmiyyətdəki hadisərə etiraz edən insanlar var, əslində bu, belə deyil. Bütün qadınlar sevirlər. Özü də sevəndə dərindən sevirlər. Amma kişilərdə sevgi çox dayazdır - cəmiyyətə bunları çatdırdım.
Təkcə qadınlar deyil, elə kişilərimiz də bu tamaşadan ibrət dərsi götürdülər. Misal üçün, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov tamaşaya baxıb şoka düşmüşdü. O çox təsirlənib belə demişdi: “Bu tamaşada açıq-saçıqlıq var, amma mən istəyirəm ki, qızım da gəlib buna baxsın. Düzdür, mən utanacam ki, qızımla yan-yana oturub bu tamaşaya baxım. Amma istəyirəm ki, o, bu tamaşaya baxsın və gələcəkdə səhv addım atmasın. Bu gün səhnədə həqiqəti gördüm”.
Mən hərdən Elçin müəllimin bu əsəri ilə onun dahi olduğunu görürəm. O, yəqin həmin qadını içində yaradıb. Bunu düşünəndə dəhşətə gəlirəm, çünki hisslər kişidən çox, qadına daha yaxındı. Bu, Allah vergisidir.

- 3 ildən bəri səhnədə olduğunuz “Müəllimə” obrazı sizi bezdirməyib? Yeni tamaşalar, yeni obrazlar yoxdur?

- Qətiyyən yox. Bu rolu hər dəfə də böyük ruh yüksəkliyi ilə oynayıram. Elçin müəllim bu tamaşaya baxanda deyib ki, “Mən belə şeyi birinci dəfədir ki, görürəm. Adətən tamaşa 2-3 dəfə oynanılandan sonra adiləşir. Amma bu qadın öz rolunu hər dəfə də sevərək səhnəyə çıxır”. Oynadığın tamaşaya qarşı sevgin olmasa, ona tamaşaçı da baxmayacaq. 41 yaşlı müəllimə nədən cinayətkar oldu? Sevgi niyə insanı cinayətə sövq edir? Bu sualların cavabını hər dəfə tamaşaçıya çatdırmaq istəyirəm.

- “Qatil”ə görə hansısa mükafat almısınızmı?

- Xeyr. Aldıqlarım gül-çiçək, alqışlardır. Vəssalam. Bu tamaşaya görə, mənə “Zirvə”, yaxud da “Humay” mükafatı verilmədi. Düşünürəm ki, layiq olduğum dəyəri almadım.