Ərdoğan məşhur serialın çəkiliş meydançasında – fotolar

Ərdoğan məşhur serialın çəkiliş meydançasında – fotolar
3141 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT 1” ekranlarında yayımlanan məşhur “Filinta” serialının çəkiliş meydançasını ziyarət edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkiliş meydançasını həyat yoldaşı Əminə xanımla bərabər gəzən Ərdoğanı prodüserlər Yusif Esenkal və Sərdar Öyretici baş rol ifaçıları ilə birlikdə qarşılayıblar. Prezident bir ara rejissor Gökhan Ərkutun kreslosuna əyləşərək serialın qəhrəmanları Filinta Mustafa (Onur Tuna) və Kadı Qiyasəddinin (Mehmet Özgür) səhnələrindən birini çəkib.

R.T.Ərdoğan “Filinta” haqda fikirlərini bölüşüb:

“Doğrudan da, dünya standartlarına cavab verən bir iş görürsünüz. Bu işdə zəhməti olan rejissoru, prodüseri, ssenaristi və bütün heyəti təbrik edirəm. Bu cür layihəni dəstəklədiyi üçün “TRT”yə təşəkkürümü bildirirəm. Bugünədək belə bir iş görülməyib”.

Ölkə başçısının ekran işində Anita von Vilhelm obrazını canlandıran almaniyalı aktrisa Vilma Elleslə söhbəti isə maraqla qarşılanıb. Ərdoğan Vilmadan 3 uşaq dünyaya gətirməsini istəyib:

“Vilma, prezident ən azı üç uşaq dünyaya gətirməyinizi gözləyir. Bu arada, siz, həqiqətən, xaricisiniz, yoxsa rolunuza görə belə edirsiniz?”.
 
Prezidentin sualına alman aktrisanın cavabı belə olub:

“Artıq türk sayılıram. İyulda Türkiyə vətəndaşlığına keçməyi gözləyirəm”.

R.T.Ərdoğan aktrisanın bu istəyini tezliklə reallaşdıracağına söz verib.